Cin, yoxsa can çıxaranlar?  – İsbatı və inkarı olmayan ayin - ARAŞDIRMA
14 yanvar 2025 11:00 (UTC +04:00)

Cin, yoxsa can çıxaranlar? – İsbatı və inkarı olmayan ayin - ARAŞDIRMA

Bu günlərdə sosial şəbəkədə paylaşılan tanınmış bir bloggerin içindən “cin çıxarıldığı” əks olunan görüntülərin şahidi oldum. Doğrusu, maraqlı gəldiyi üçün videonun sonuna kimi baxdım. Deməli, videoda yerdə uzanan bloggerin üzərində saxlanmış parçada nəyinsə yandırıldığı və kənardan azyaşlı qızın bu prosedura baxdığı görünür. Bir neçə saniyəlik bu görüntü bir tərəfdən vaxt itkisi, digər tərəfdən isə maraqlı araşdırma apara biləcəyim bir mövzu oldu. Çox maraqlıdır, bu cini kim və necə görür? Həqiqətən belə bir şey mövcuddur, yoxsa bu da başqa bir fırıldaqçılıq növüdür?  

Lent.az-ın əməkdaşı bu barədə araşdırma edib.

Gəlin, ilk olaraq bu cin çıxarma ayininin tarixinə səyahət edək. 

Cin çıxarma ayinin tarixi bizim təsəvvür etdiyimizdən də qədimdir. Antik Yunanıstanda Epikür və Esxinin anası şeytan çıxarma ilə məşğul olar və çörək pulunu bu təhlükəli məşğuliyyət sayəsində qazanardı. 

Ekzorsizm yunanca “exorkizein” sözündən götürülüb və ovsunlamaq mənasını verir. Eləcə də cinlərin və ya şər ruhların insanlardan, yaxud müəyyən yerlərdən qovulması deməkdir. Bu ritualı Qədim Babilistanda adətən səlahiyyətli şəxslər (keşiş və ya şaman) icra edirdi.

Vatikan şeytan çıxarma ayini barədə ilk rəsmi məlumatı 1614-ci ildə açıqlayıb. 1999-cu ildə isə bu məlumatlara düzəliş edib.

Şeytan və cin çıxarma ritualını təkcə Roma katolikləri həyata keçirmir və qərb inancları ilə məhdud deyil. Bu, bütün dünyanın əsas dinlərində öz əksini tapıb.

Şeytan çıxarmaq haqqında yəhudilərin iudaizm dinində də ətraflı məlumat var. I əsrdə yaşamış məşhur yəhudi alim Titus Flavius Josefus zəhərli bitki kökləri istifadə edərək şeytan çıxarma ayinlərini həyat keçirib.

Yehuda Fetaya isə “Minçat Yahud” adlı kitabında şeytan çıxarma ayinləri, şeytanın ələ keçirdiyi insanlarla olan təcrübələrini və yəhudi inanclarında olan digər məsələlər haqqında ətraflı məlumat verib.

Şeytan çıxarma rituallarına hindistanlıların da inanclarında rast gəlinir. Hindistanlıların dörd müqəddəs kitabından biri olan “Atharva Veda”da şeytan çıxarma ritualları və müxtəlif sehrlər ilə bağlı kimya ilə bağlı sirlər yazıldığı iddia olunur.

Katolik kilsəsinin inanclarına görə, şeytan çıxarma ayinindən sonra adam özünü günahlardan təmizlənmiş və yenidən doğulmuş kimi hiss edir. Amma təəssüf ki, bu ayin hər dəfə uğurlu olmur. Bəzən onu həyata keçirən insan günlərlərlə, həftələrlə, hətta aylarla müxtəlif dualar oxumaq məcburiyyətində qalır.

Kilsə qanunlarına görə, əgər psixiatr xəstənin səhhətində ciddi psixoloji problemlər olmadığı diaqnozunu qoyarsa, onda şeytan çıxarma ayini yüksək rütbəli keşiş tərəfindən yerli yepiskopun icazəsi ilə aparılır.

Bəs islam dini cin çıxarma ayinini qəbul edirmi?

Mövzu ilə bağlı saytımıza danışan din xadimi Mircəfər Əyyubov bildirib ki, cin həqiqətdir və Qurani-Kərimdə onun haqqında surə var:

“Dini kitabımızda bildirilir ki, şeytan cin növündəndir. Amma cini çıxarmaq üçün əvvəlcə onu görmək lazımdır. Ya cadugərlikdə peşəkarlaşsın, ya da gərək dini baxımdan məqamı çox yüksək olsun ki, mənəviyyat aləminə daxil olaraq cinlərin nə etdiyini bilsin. Yəni, hər adam cin çıxara bilməz. O kəs haradan bilir ki, bu adama cin daxil olub? Ümumiyyətlə, cini harada görüb ki, bunu aydınlaşdıra bilib?”.

Din xadiminin sözlərinə görə, cin çıxarmaq isbatı və inkarı olmayan bir mövzudur:

“Ola bilər ki, cin insana daxil olsun. Amma şəxsən mən Azərbaycanda cin çıxara bilən kimisə tanımıram”.

Elm nə deyir?

İnsanın cisminə cin girməsi elmdə qəbul olunmur. Psixiatrlar bu halları isterika, psixoz, Tourette sindromu, epilepsiya, şizofreniya, şəxsiyyət pozğunluğu və bəzi nadir autizm simptomları ilə izah edir.

Şeytana aid olmaq, ya da adamın içinə şeytan girməsi tibbdə müalicə olunmur.

Onu da deyək ki, bu cin çıxarma ayinindən zərərçəkənlər də az olmayıb. 

2003-ci ildə ABŞ-ın Viskonsin ştatında autizm xəstəliyindən əziyyət çəkən 8 yaşlı bir uşaq kilsə üzvləri tərəfindən həyata keçirilən şeytan çıxarma ayini zamanı öldürülüb.

2005-ci ildə Rumıniyada gənc rahibə ondan şeytan çıxardan bir keşiş tərəfindən ağaca bağlanılıb, günlərlə ac və susuz qalıb. Nəticədə rahibə vəfat edib.

1975-ci ildə 31 yaşlı Maykl Teylora cin çıxarma ayini tətbiq edilib, amma cin cismindən çıxmadığı üçün evə gedəndə arvadını vəhşicəsinə qətlə yetirib. Kişi həbs olunub və dəli diaqnozu qoyulub.

2010-ci ildə Londonda Milad Bayramının ilk günü 14 yaşlı Kristi Bamu içindəki şeytanı çıxarmağa çalışan qohumları tərəfindən döyülüb və boğularaq öldürülüb.

2018-ci ildə Azərbaycanın Şabran rayonunda da belə bir hadisə yaşanıb. 24 yaşlı gənc 6 nəfər tərəfindən cin çıxarma adı altında 40 dəqiqə nar çubuğu ilə döyülərək öldürülüb.

Görəsən, insanın içinə cin girdiyini necə bilirmişlər? Əlamətləri nələrdir?

ABŞ Katolik Birliyi isə hesab edir ki, qeyri-insani gücə malik olmaq, eləcə də bilmədiyi dillərdə danışmaq adama şeytan girməsinin əlamətidir. Tüpürmək, söyüş söymək və hədsiz cinsi istəyin olması da bir insanın cisminə cin girməsinin digər əlamətləri kimi göstərilir.

Amma bəzi dinlərin çoxunda dəliliyin növlərinə yer verilməyib. Bu xəstəlikdə xəstə özünün bir və ya birdən çox pis ruh tərəfindən ələ keçirildiyinə inanır.

Yazdığı kitab üçün tədqiqat aparan amerikalı Maykl Cuneo 50 şeytan çıxarma ritualına qatılıb, amma heç vaxt açıqlaya bilmədiyi fövqəltəbii bir hadisə ilə qarşılaşmayıb. Dəfələrlə bu ayinlərdə iştirak edən alim sonda bu nəticəyə gəlir ki, cin çıxaran insanların psixoloji problemləri var.

Cinlə insanın fərqi nədir?

İlahiyyatçıara görə, cinlə insanın ümdə fərqi budur ki, insanın yaradılışında torpaq olduğu üçün digər maddi maneələri keçə bilmir. Amma cin belə maneələri rahatlıqla keçə bilir. Çünki onun yaradılışı torpaq deyil, atəşdir.

Düzdü, cin ola, bunu din də təsdiqləyə bilər, amma belə fırıldaqçılara inanmamağınız daha yaxşı olar. Məgər bütün dünya qaldı bir kənara, cin çıxaranlar elə Azərbaycana toplaşdı? Belə dələduzlara aldanıb nə canınızdan olun, nə də pulunuzdan.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2928
avatar

Ləman Sərraf

Oxşar yazılar