Çağırışçılar hərbi hissələrə göndərildi
25 sentyabr 2021 15:33 (UTC +04:00)

Çağırışçılar hərbi hissələrə göndərildi

Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi keçirilib.

Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan Nazirliyin baş idarə və idarə rəisləri, həmçinin Azərbaycan Ordusunun Baş Qərargahının məsul vəzifəli zabitlərindən ibarət komissiyanın sentyabrın 24-də toplantısı keçirilib.

Toplantıda Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü məsələsi müzakirə edilib.

Ali Baş Komandanın müvafiq sərəncamına əsasən “2021-ci ilin oktyabr ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına” uyğun olaraq çağırışçıların bölgüsü elektron qaydada  xüsusi kompüter proqramı vasitəsilə həyata keçirilib.

Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla tam şəffaf şəkildə icra edilib.

Qeyd edək ki, komissiyanın işinə Dövlət Təhlükəsizliyi Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri də cəlb olunub.

# 1092
avatar

Oxşar yazılar