“Oktyabr ayının ikinci yarısından yoluxmalar arta bilər”.
Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, hazırda koronavirusla bağlı vəziyyət sabitdi:
“Koronavirusa görə epidemoloji vəziyyət sabitdir. Son vaxtlar hətta COVID-ə yoluxanların sayında azalma müşahidə olunur. Hələki sağalanların sayı yoluxanların sayından çoxdur. Bu müsbət dinamika təbii ki bir müddət davam edəcək. Amma havalar soyuyanda, yəni oktyabr ayının ikinci yarısından ola bilər ki, yoluxanların sayı artsın. Əgər 2020-2021-ci illərin statistikasına baxsaq, bunun təkrarlandığını görürük. Onu da qeyd edim ki, soyuq aylarda ümumiyyətlə infeksiyaların yayılması üçün əlverişli şərait yaranır”.
İnfeksionist əhalini diqqətli olmağa çağırıb:
“İndiki dövrdə koronavirusa görə əlavə tədbirlərin alınmasına ehtiyac yoxdur. Bizim gördüyümüz qorunma tədbirləri, tövsiyələrimiz qüvvədədir. Sadəcə olaraq bu artımlar dövründə insanlar diqqətli olmalı, qapalı yerlərdə maskadan istifadə etməlidirlər. Mümkün qədər məsafə gözləməli, insanların sıx toplaşdığı yerdən uzaq durmalıdırlar. Yalnız bu artım dalğası bitdikdən sonra arxayınlaşmaq olar”.