Yay tətilində insanlar dincəlmək üçün rayonlara, istirahət mərkəzlərinə, sərinləmək üçün isə çimərliklərə üz tuturlar. Bu cür istirahət etmək istəyi hər kəsdə olur. Ancaq bəzi qrup insanlar var ki, bu cür istirahətləri istədikləri zaman etmək imkanları yoxdur. Bu qrupa qocalar evində yaşayan yaşlılarımız daxildir. Elə qocalar var ki, onlar sahibsizdirlər. Və istirahət etmək üçün yaşadıqları məkandan kənara çıxmaq üçün kimlərinsə köməyinə ehtiyacları var.
Maraqlıdır, qocalar evində yaşayan yaşlı sakinlərimiz yay tətilini necə keçirir?
Məsələ ilə bağlı Lent.az Sosial Xidmətlər Agentliyinə sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, yay aylarında ahılların muzeylərə, istirahət mərkəzlərinə eksursiyaları təşkil olunub:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 13 sosial xidmət müəssisəsi fəaliyyət göstərir və həmin müəssisələrdə bu ilin 7 ayında həssas qruplara aid 3 min şəxs reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunub. Qeyd olunan müəssisələrdən biri də ahıl şəxslər üçün sosial xidmət müəssisəsidir.
Hazırda 201 ahıl şəxsin daimi dövlət himayəsində yaşadığı müəssisədə son illərdə müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin müəssisənin 5 mərtəbəli 170 yerlik əlavə korpusu istifadəyə verilib. Burada hər bir otaq lazımı məişət avadanlıqları, o cümlədən soyuducu, televizor və s. təmin olunub. Sakinlərin yaşayışı keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün şərait yaradılıb. Müəssisədə kitabxana və idman zalı, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. ahılların istifadəsindədir.
Bununla yanaşı, həmin ahılların yay aylarını da mənalı keçirmələri üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, muzeylərə, müxtəlif istirahət mərkəzlərinə eksursiyaları, gəzintiləri və s. təşkil olunur. 2023-cü il yay fəslində də bu tədbirlər davam etdirilib. Belə ki, bu yay fəslində müəssisənin sakinlərinin Şəhriyar adına Mədəniyyət Mərkəzinə, Suraxanı Gəmi Muzeyinə eksursiyaları, piknik və futbol turnirində, müxtəlif musiqili tədbirlərdə, bir çox idman layihələrində, Bilgəh Abidə parkında təşkil olunan dama, şahmat və nərd turnirlərində iştirakı və s. təmin edilib, eləcə də onlar arasında idman yarışları təşkil olunub.
Hazırda da davam edən bu tədbir və layihələrin əsas məqsədi ahılların fiziki aktivliyinin qorunması, istedad və bacarıqlarının inkişafı, yay fəslində istirahətlərinin səmərəli təşkili olunmasıdır”.
Bəs, dünya təcrübəsində yaşlı insanların istirahətləri necə təşkil olunur?
Lent.az bununla bağlı kiçik bir araşdırma aparıb.
Araşdırma nəticəsində məlum olub ki, Almaniyada fərqli qayğı xidməti var. Yaşlılar gecə-gündüz xidmət ala bilirlər, baxıcılar gündəlik ehtiyacları təmin etmək, alış-veriş və ev işlərində kömək etmək üçün evlərə gəlir.
Almaniya, İtaliya və digər Avropa ölkələrində də yaşlıların istirahəti ilə bağlı proqramlar təşkil olunur və dənizkənarı ərazilərdə kiçik partilər təşkil edirlər. Bəzən isə tanınmış müğənniləri dəvət edərək konsertlər verirlər.
Bundan əlavə araşdırmamızda dünyanın ən yaxşı qocalar evlərinin siyahısını tapdıq.
Aşağıdakı ölkələr yaşlılar üçün ən yaxşı seçilmiş ölkələrdir. Səhiyyə infrastruktur sisteminin inkişaf etdirilməsi və dünya səhiyyə standartlarına görə ən yaxşı potensiala malik olan ölkə siyahısını təqdim edirik:
Finlandiya
Danimarka
Böyük Britaniya
Hollandiya
Türkiyə
Kanada
ABŞ