Son zamanlar insanların üzərində ən çox təhlükə yaradan məsələ dini yolla onların idarə edilməsidir.
Maraqlıdır görəsən, hansı tip insanlar dini yolla ələ alınır?
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova Lent.az-a açıqlamasında bildirib ki, bu, insanların iradəsindən asılı olan bir məqamdır.
Onun sözlərinə görə, xüsusi tip insanlar var ki, onları əinki din ilə, hətta başqa yollarla da idarə etmək olar:
“Elə bir insan olur ki, o, bir insanın təsiri altına düşür və onu həmin insan idarə edir. Bu, bəzən ailədaxili münaqişələrin yaranmasına səbəb olur. Bu cür insanların psixi xüsusiyyətləri də fərqlidir. Çünki onlar məhz təsir altına düşməyə meylli olurlar. Məsələn uzun müddət narkotikdən istifadə edən şəxsi hər hansı bir inanclı yolla narkotikdən uzaq tutmağa çalışırlar. Hər bir şəxs dinin nə dediyini tam şəkildə dərk edib onu insanlara düzgün şəkildə çatdırmalıdır. Din qara yox, ağ yolla oxumuş şəxslər və dərk edilmiş bir şəkildə təbliğ etməlidir. Din vasitəsilə hər hansı bir insanı ələ alıb və qaranlıq yollara çəkmək pis xislətdən irəli gəlir”.
Qeyd edək ki, bu gün hələ də Suriya, İraq və digər ölkələrdə insanları “cihad” adı altında müharibəyə sövq edirlər. Bu müharibələrdə iştirak edən insanlar hesab edirlər ki, onlar Allah uğrunda cihad edirlər. İnsanların beyninə din adı altında pis əməlləri yeridirlər. Əlbəttə ki, psixologiyası daha zəif olan insanlar bu kimi xurafətlərə inanır və bu yoldan dönmürlər. Bunun nə məqsədlə edildiyi və arxasında hansı qüvvələrin dayandığını anlamaq elə də çətin deyil. Bu gün cihad elan etdiyini açıqlayan İŞİD, əl-Nusra, ASO, Taliban, əl-Qaidə və digər bu kimi terror təşkilatlarının dinə bağlılıqları ola bilməz. Çünki cihad terror deyil, “Allahu Əkbər” qışqırıb baş kəsmək deyil, körpə uşaqları diri-diri basdırmaq demək deyil.
Hazırda İranda isə din pərdəsi altında farsçılıq ideologiyasını yaymağa və bunları insanların beyninə yeritməyə çalışırlar. Din, məzhəb adı altında ölkədə terrorizm fəaliyyətini davam etdirir. Bir millətə mənsub şəxsi milləti və din ilə üz-üzə gətirib seçim qarşısında qoymaq isə qətiyyən düzgün deyil. Təəssüf ki, bu gün elə soydaşlarımız var ki, onlar İrandakı bəzi qüvvələri təsirinə düşüb.
Nəzərə alaq ki, İran xalqı özü artıq dini təbliğatla idarə edilməyə qarşı çıxır. Elə məhz buna görə də 6 aydan çoxdur ki, dinc əhali İrandakı molla rejiminə qarşı etiraz aksiyasına davam edir. İran hazırda dərin böhran keçirir. Bu böhran eyni zamanda orada din adı altında istifadə olunan siyasətin böhranıdır. İranın dinc əhaliyə qarşı bu cür terroru çox davam etməyəcək.