Bizim "J"lar və ya "Zərflik" qadın adı deyil - SƏBUHİ MƏMMƏDLİ YAZIR
09 sentyabr 2021 14:52 (UTC +04:00)

Bizim "J"lar və ya "Zərflik" qadın adı deyil - SƏBUHİ MƏMMƏDLİ YAZIR

Yadımdadı, bir dəfə saytlardan biri bəndənizdən müsahibə götürürdü. Onda demişdim ki, Azərbaycan mətbuatında jurnalist qıtlığı var. 

Hə, təəccüblənməyin, özü də çox ciddi bir qıtlıq yaşanır. Nə olsun ki, cibində, maşını üzərində “Press” yazılmış insanlar hər addımbaşı göz deşir. Bu şərtdimi? Ona qalsa, Sevda Sultanova kimi “as”ın heç vəsiqəsi yoxdur və mənə elə gəlir ki, heç indiyə qədər də olmayıb. 

Çox yox, son beş ildə mətbuatda adından söz etdirmiş birini tanıyırsınızmı?

Yoxdu! Ustad Mehman Cavadoğlu onu jurnalistikada müəllimi hesab edən bizlərə elə beləcə də deyirdi: “Hərə öz istedadının çörəyini yeyir”. Düzdür, deyəcəksiniz, bu gün jurnalistikada yüzlərlə istedadsız var. Var, təbii. Amma onlar jurnalistika ilə məşğul olmurlar axı... 4 mindən çox KİV-in, minlərlə vəsiqə gəzdirənlərin böyük əksəriyyətinin jurnalistikanın “j”sına da dəxli yoxdur. Yüz nəfər? Hə, yəqin ki bir az çox olarıq. Vəssəlam! Ondan o yana yox. Yeri gəlmişkən, bir dəfə yazmışdım, tutaq ki, Mətbuat Şurası, hörmətli Əflatun Amaşov obyektiv attestasiya keçirsə, elə mən dediyim rəqəmin civarında jurnalistə sertifikat verə biləcək.

Bəlkə də az.

Bayaq həmkarım Kəmalə Quliyevaya deyirəm. Bizim vaxtda – 90-larda müxbir otaqda oturmazdı. Xəbəri, mövzunu küçələrdə, meydanlarda, partiya qərargahlarında, saysız-hesabsız mətbuat konfranslarında axtarırdıq. İndi hətta əvvəldən, hələ bir gün əvvəldən mövzusu bəlli olan mətbuat konfransına göndərib xəbər çıxara biləcək müxbir tapılmır. Tapılsa da, müxbir yarıtmır. Təhsil naziri Emin Əmrullayevin son mətbuat konfransında cavan oğlanın ona ünvanladığı sualı xatırladım. Nazir az qala dillənəcəkdi, əslində dilləndi də. Təxminən belə: “Siz nə demək istəyirsiniz?”. Hə, anlaşılmırdı, müxbir hazır deyildi. Bu və ya digər müxbirin, bu və ya digər mətbuat konfransında  səslənən fikirlərdən sonra onu yenidən qapı ağzında saxlayıb cavabı yarım saat əvvəl səslənən sualı vermək…sadəcə naşılıqdı.

Ölkə mediasında ciddi reportyor qıtlığı var. Yoxdu, yetişmir, nə BDU-dan gəlir, nə də jurnalistika fakültəsinin olduğu digər ali məktəblərdən. Hamı otaqlara çəkilməyi sevir, hamı press-reliz müxbiri olmağı üstün tutur. Heç kim özünə əziyyət vermir. Heç kim bəlkə də içində olduğu istedadının çörəyini yemək istəmir. Yetişən, yetişdirilən tək-tük reportyorlar isə ayrı-ayrı təşəbbüslərin nəticəsidir.

Adını reportyor qoyub bu və ya digər yerdən reportaj hazırlayanların əksəriyyətinin məhsulu isə sadəcə biabırçılıqdı. Mövzu dalınca gedib onu ərsəyə gətirən reportyor ən azı mövzunu bilməlidir, onu diletant şəkildə işləməməlidir.
Düzdür, istisnalar da var.  

Özümüzdən deyim, yazıçı dostumuz Mirmehdinin, yaxud Lamiyə Məmmədovanın reportajlarına baxın. Mirmehdi Qarabağın işğaldan azad olunmuş yerlərindən bu və ya digər tarixi abidə, memarlıq nümunəsi ilə bağlı hazırladığı reportajlarda tarixçilərin fikirlərinə üstünlük verir, mövzunu mükəmməl işləyir. Tamaşaçı, ya oxucu mükəmməl bir süjeti izləyir, yazını oxuyur. Yaxud Lamiyənin reportajında bir janr kimi bütün xüsusiyyətlər açılır: təkcə faktların sadalanması deyil, həmçinin şəxsi analiz üstün tutulur, yəni "to report" yəni “məlumat vermək”  prinsipi gözlənilir. Bir neçə başqa həmkarımızı da nümunə kimi göstərmək olar. Amma azdır axı. Özü də hər redaksiyada yoxdu. 

Bir dəfə demişdim, bəlkə də sizlərə qəribə görünəcək; İqtidarlı, müxalifətli, mövqeyindən-filandan, hətta səviyyəsindən belə asılı olmayaraq əksər KİV-in başında duranlar məhz 90-cılardır. Elə əsl medianın yükünü də bu gün məhz o nəsil daşıyır.

Yuxarıda dedim, bu gün jurnalist  çox təəssüf, ali məktəblərin eyni adlı fakültələrində yetişmir, onlara yazmağı redaksiyalar öyrədir. Nə edək, haradan alaq? Elə həmin ali məktəblərin jurnalistika fakültələrindən gələnlərə reportajın nə olduğunu, inşa deyil, reportaj yazmağı öyrədənə qədər redaktor sözün həqiqi mənasında çərləyir. Bunun nə vaxta qədər davam edəcəyi də bilinmir… Bu problem deyil, əslində, jurnalistikamızın dərdidir, mərəzidir...

90-larda biz Nəcəf Nəcəfov, Şakir Yaqubov, Mehman Cavadoğlu, Adil Qaçayoğlu, Rizvan Cəbiyev, Məmməd Nazimoğlu olmaq istəyirdik. Amma indi ev istəyirlər…yazı yazmaq istəmirlər.

Bəzən saytları, qəzetləri şou xəbərlərin, sarı mövzuların ixtiyarına verildiyini iddia edirlər. Dərd odu ki, bu axı “sarı mətbuat” da deyil, yazılanlar şou xəbər də deyil. Az qala bir sutkadı meyxanaçı Kərimin ölüm xəbərini dəqiqləşdirə bilmirdi bizim mətbuat. Mediada sayı bir əlin barmağı qədər mədəniyyət müxbiri yoxdu. Amma Həsən Məmmədovla, Həsən Turabovu ayıra bilməyən, şou-mədəniyyət müxbirin vəsiqəsini gəzdirib Aynişanın liftdə qalmasının birinci kim verdi deyib dava açıb və bununla fəxr edənlərlə doludur.

Bir saytın ki baş redaktoru “və” bağlayıcısından sonra, hətta əvvəl belə vergül qoyur, “da”, “də”ni ayıra bilmir, ”Xəbər”i və “Zərfliyi” cümlə üzvü yox, kişi və qadın adı hesab edir…demək vəziyyətimiz çox gərgindi.

Bir ucdan da gəlirlər. Heç bir yerdə uğur tapmayanlar jurnalistikaya üz tutur. Onun “j”sından xəbəri olmayıb və olmayacaq “J”lar...

P.S. “J”ları başqa cür də oxuya bilərsiniz...

# 4362
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar