Baş infeksionist: "Yoluxanların böyük əksəriyyəti vaksin olunmayanlardır"
10 avqust 2021 13:10 (UTC +04:00)

Baş infeksionist: "Yoluxanların böyük əksəriyyəti vaksin olunmayanlardır"

“Hazırda COVID-19 ilə bağlı epidemioloji vəziyyətin mənfi dinamikasını müşahidə edirik. Bu, bir tərəfdən gündəlik yeni yoluxma hallarının sayının çoxalması, infeksiyanın aşkarı üçün götürülən spesifik test nümunələrində pozitiv nəticələrin faizlə miqdarının, eyni zamanda, aktiv xəstə sayının artımı və xəstəlikdən sağalan insanların yeni xəstələnənlərlə müqayisədə az miqdarda olması ilə özünü göstərir”.

Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov ölkədə COVID-19 -un epidemioloji vəziyyəti ilə bağlı verdiyi müsahibədə bildirib. 

Baş infeksionist yoluxma saylarında artımın səbəblərini belə izah edib.

“Yoluxma sayının artımına səbəb olan bir neçə əsas faktorları sadalamaq istərdim. Pandemiya təcrübəsini nəzərə alsaq görərik ki, yoluxma hallarının azsaylı olduğu dövrlərdə hər dəfə karantin qaydalarında yumşalmalara getdikdə müəyyən vaxt keçdikdən sonra yenidən yoluxma sayında artım baş verir. Çünki infeksiyanın yayılmasında ən önəmli faktor insan təmaslarının artmasıdır. Məhz yumşalmalar buna gətirib çıxarır. Bu gün əvvəlki dövrlərdən fərqli olaraq müxtəlif kütləvi tədbirlərin keçirilməsinə icazə verilib, metronun fəaliyyəti bərpa olunub, iri ticarət mərkəzləri işləyir. Lakin əhalinin müəyyən hissəsində qapalı məkanlarda maskanın taxılması, sosial məsafənin gözlənilməsi və s. kimi qoruyucu tədbirlərə laqeyd münasibətini izləməkdəyik. İnsanlar bir tərəfdən yorulub, bir tərəfdən də arxayınlaşıblar. Digər səbəb isə virusun daha yoluxucu mutant variantlarının ölkəmizə daxil olmasıdır. Ən sürətli yayılan delta ştamının da bu artıma töhfə verməsi göz önündədir. Ancaq bir daha əhalinin nəzərinə çatdırmaq istərdim ki, pandemiya hələki bitməyib, davam edir və biz bu məsələdə çox diqqətli olmalıyıq.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov

Təyyar Eyvazov onu da bildirib ki, yoluxma sayının artımını əngəlləyən bəzi faktorlar var.

“Qorunmağın “qızıl” qaydalarına ciddi əməl edilməsini vurğuladım. Digər faktor əhalidə infeksiyaya qarşı immunitetin formalaşmasıdır. Bildiyimiz kimi, bu iki yolla baş verir: infeksiyaya yoluxaraq təbii yolla və vaksinasiya vasitəsilə. Nə qədər çox əhali kütləsi bu prosesə cəlb olunarsa, bir o qədər epidemioloji durumu nəzarətdə saxlamağa imkan yaranar. Artıq dünya təcrübəsi də bunu deməyə əsas verir ki, pandemiyadan qurtulmağın yeganə yolu məhz əhalinin kütləvi vaksinasiyasıdır. Yəni, virus yayan insanın ətrafında infeksiyaya həssas olmayan şəxslərin sayı artdıqca epidemioloji zəncir qırılır və sonda yoluxma hallarının sayı azalır. Onu da qeyd etmək istərdim ki, COVID-19 infeksiyasına qarşı mövcud peyvəndlərin effektivliyi müxtəlif olsa da, 100 faizli qorunma yoxdur. Yəni, peyvənd olunmuş insanların böyük əksəriyyəti ya yoluxmur, hətta yoluxarsa da belə, infeksiyanı simptomsuz, xəstəliyi daha yüngül keçirir, xəstəxanaya yatırılma hallarının, xüsusən də ağır gedişlərin sayı əhəmiyyətli dərəcədə azalır. Artıq qətiyyətlə demək olar ki, vaksinasiya dünyada yüz minlərlə insanı ölümün pəncəsindən xilas edib. Lakin hər bir vaksin olunmuş şəxs də yoluxmadan tam sığortalanmadığı üçün onlar da hələlik qoruyucu vasitələrdən digərləri kimi istifadə etməlidirlər”.

Baş infeksionistin sözlərinə görə, hazırda yoluxanların böyük əksəriyyəti vaksin olunmayan şəxslərdir.

Son aylarda bu proses daha sürətli gedir. Operativ Qərərgah hər gün 40-60 min insanın peyvənd olması haqda məlumatları yayır. Ümumilikdə görürük ki, artıq 5 milyondan çox insan peyvənd olunub ki, bunların da 2 milyondan çoxu iki dozanı alıb. Bildiyiniz kimi, vaksinin qoruyuculuğu ikinci dozadan bir müddət sonra formalaşır. Epidemik prosesin qırılması üçün isə daha çox, yəni kütlənin təxminən 70-80 faizinin tam vaksin olunması məqbul sayılır. Bu baxımdan yaxın vaxtlarda əhalinın yarıdan çoxunun tam peyvənd olunacağı mümkündür. Onu deyə bilərəm ki, hazırda yoluxanların böyük əksəriyyəti vaksin olunmayan şəxslərdir. Yadda saxlamaq lazımdır ki, az saylı da olsa peyvənd olunmağa həqiqi əksgöstərişi olan insanlar da mövcuddur. Ona görə də peyvənd olunanların sayı artdıqca həmin əhali qrupunu da qorumuş oluruq”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2499
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar