Bakının AĞIR HAVASI:  - Mütəxəssislər çirklənmənin əsas səbəbini və “eko iflic”i   izah edir
23 yanvar 2026 11:06 (UTC +04:00)

Bakının AĞIR HAVASI: - Mütəxəssislər çirklənmənin əsas səbəbini və “eko iflic”i izah edir

1

Bakının ekoloji problemi haradan başlayır? Maraqlı sualdır elə deyilmi? Oxucularımız üçün bu yazıda ekoloji suallara cavab tapmağa çalışacağıq. Onu da qeyd edək ki, Bakının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi etməsi də bu mövzunu daha da aktuallaşdırır. Dünyada şəhərsalma ilə bağlı ən böyük müzakirələr artıq iqlim dəyişiklikləri, ekoloji risklər, enerji səmərəliliyi və dayanıqlı urbanizasiya üzərində qurulur. Bakı bu forumda yalnız ev sahibi yox, həm də ekoloji şəhər modelini nümayiş etdirən bir mərkəz kimi çıxış etməlidir.

COP29-un Azərbaycanda keçirilməsi ölkənin iqlim və ətraf mühit gündəliyinə beynəlxalq diqqəti artırdı. İndi isə əsas məsələ həmin diqqəti real nəticələrə çevirməkdir. Şəhərsalma bu prosesdə ən güclü vasitələrdən biridir. Çünki düzgün planlaşdırılmayan şəhər sonradan havanın çirklənməsinə, su ehtiyatlarının azalmasına, yaşıllıqların məhv olmasına və tullantı probleminin böyüməsinə səbəb olur. Yəni ekoloji problemlərin bir hissəsi məhz şəhərin necə qurulmasından başlayır.

Bəs görəsən, paytaxtı ən çox çirkləndirən amillər hansılardır?

İqlimşünas, ekoloq Məhərrəm Mehdiyev Lent.az-a açıqlamasında bildirib ki, Bakıda çirklənmənin əsas səbəbkarı məhz nəqliyyatın hərəkətidir:

“Tıxaclarda nəqliyyat vasitələri hərəkət edə bilməyəndə onların tüstü borularından çirkləndirici zərərli qazlar hərəkətdə olan avtomobillə müqayisədə daha çox çıxır. Ona görə də Bakının havası çirklənməyə başlayır. İkinci səbəbkar evlərin tikintisi məsələsidir. Burada da ekoloji problemlərin həlli baş vermədiyi üçün oradan əsasən toz ayrılır ki, bu da şəhərimizi çirkləndirir. Üçüncü səbəbkar isə kanalizasiya xətləridir. Orada suların hərəkətinin dayanması nəticəsində çürüntülər əmələ gələrək metan və digər qazları yaranır. Bu isə öz növbəsində atmosferi çirkləndirir. Mənim fikrimcə, ekologiyanı çirkləndirən 3 böyük səbəbkar bunlardır. İlk növbədə nəqliyyatın hərəkətinin tənzimlənməsi işi üzərində düşünmək lazımdır. Tikinti ilə bağlı məsələlərdə isə Şəhərsalma, Ekologiya Nazirliyi və digər aidiyyatı qurumlar maraqlanmalıdırlar”.

Bəs görəsən, paytaxtda iqlim dəyişiklikləri qaydasındadırmı? Xüsusən qış fəsli normaya uyğun keçirmi? Sərt qış və ya anomal istiləri əvvəldən söyləmək mümkündür?

Meteoroloq, Cavidan Əliyev Lent.az-a açıqlamasında qeyd edib ki, havanı yaxın aylar üçün 60% doğru ehtimalla proqnozlaşdırmaq mümkündür:

“Bakı demək olar ki, hər il qar görür, şəhər subtropik iqlim qurşağın mülayim qurşaqla sərhədində yerləşir, sadəcə son zamanlar qlobal iqlim dəyişikliyinə görə sulu qar yağması daha tez-tez, qar örtüyünün davamiyyəti isə çox az olur.

Qışın sərt keçəcəyini əvvəlcədən bilmək qeyri-mümkündür, çünki atmosferdə təsadüfi proseslər olur, hava sistemləri dəyişir. Bütün super soyuq qış və çox isti qış proqnozu anlayışları fantastika janrındadır. Havanın yaxın ay üçün normadan isti və ya soyuq olacağı 60 faiz ehtimalla proqnozlaşdırıla bilər, amma bütün fəsillər üçün yox”.

Meteoroloq qeyd edib ki, temperatur rekordları istənilən bölgədə müşahidə oluna bilər:

“Ən sonuncu temperatur rekordu 2012-ci ilin fevralında Bakıda mənfi 11 dərəcə olmuşdu. dərəcə olmuşdu”.

Bəs ətraf mühitin mühafizəsi Azərbaycanla yanaşı dünya gündəmində hansı yerdədir?

Ekoloq, Polşada yerləşən Yagellion Universitetinin (UJ) magistrantı, fəal gənc Cavidan Məmmədli Lent.az-a açıqlamasında bildirib ki, ətraf mühitin mühafizəsi, artıq uzun zamandır ki, dünyanın gündəmindədir:

“Son 50-60 il ərzində ən aktual məsələlərindən biri halına gələn ətraf mühitin mühafizəsi, artıq uzun zamandır ki, dünyanın gündəmindədir. Məsələnin qlobal aktuallığı o həddə çatıb ki, təbiətin qorunması diplomatik və elmi sferalarda detallı şəkildə müzakirə olunan problemlərdən birinə çevrilib. Əvvəlcə onu qəbul etməliyik ki, ətraf mühit mühafizəsi ayrılıqda hər bir fərdin öz-özlüyündə dərk etməli olduğu məsələdir. Ekologiyanı qoruma uğuruna yaranan hərəkat  da əsas buna uyğun addım atmalıdır. Bunun üçün hətta lazımdırsa insanların təbiətlə davranış formasındakı öyrəşdiyi "komfort" zonasını dəyişmək gərəkdir. Əgər bu mərhələni uğurla keçə bilsək, yeni davranışlar, vərdişlər insanlar arasında "ekoloji şüur" formalaşdıracaq. “Ekoloji Şüur" kimi formalaşacaq düşüncə tərzi bizə bu təbiəti qorumaqla bağlı addımların atılmasında ən böyük faydanı gətirəcək.

"Ekoloji şüur" sadəcə ətraf mühitlə bağlı məlumatlı olmaq deyil. Bunları bəzi hissələrə bölmək olar. Məsələn, bu mürəkkəb psixoloji və sosioloji bir sistemdir. Bu şüurun formalaşdırılmasının əsasən bilik əldə etmək, təbiətlə duyğular üzərində əlaqə qurmaq lazımdır. Yəni “empatiya” bəsləmək, özünü onun yerinə qoyaraq düşünmək lazımdır. Empatiya isə davranış, adət və vərdişləri dəyişməkdə yatır.

Nəzəri olaraq ətraf mühit psixologiyasında əsas problem "bilik-praktika boşluğu"dur. Aydındır ki, bir çoxumuz ətraf mühit problemləri - qlobal istiləşmə, iqlim dəyişikliyi kimi bir çox məlumata sahibik. Hətta bu cür məlumatlı insanlar belə, praktiki baxımdan nə etməli olduğuna dair məlumatlı deyillər. Bu boşluğun aradan qaldırılması üçün, insanları maarifləndirmək lazımdır ki, ekoloji böhranın uzaqda bir yerdə baş verən bir hadisə deyil. İnsanlar bilməlidir ki, ətraf mühit "krizisi" sənin qapındadır artıq. Təhsilin bütün səviyyələrində məktəbəqədər, orta məktəb mərhələlərində ekoloji savadlılığı artırmaq vacibdir. İnsanlar ən kiçik vaxtlarından ətraf mühit mövzusunun təbiət elmləri sırasında kiçik bir məsələ olmadığını mənimsəməlidirlər. Bəli, ekoloji savadlılıq özlüyündə bir elm sahəsi olaraq qəbul edirik. Lakin təhsilin ilkin pillələrində bu savada yiyələnmək problemin həllində atıla biləcək ilkin addımlardır. Artıq dünyanın öndə gələn ölkələrində məsələyə bu cür yanaşırlar. Ekologiya elmi ilə bağlı ən keyfiyyətli təhsil verən universitetlər əsasən yuxarıda səsləndirdiyimiz məsələ üzərində çalışırlar. Unutmayaq ki, uşaqlıqda mənimsənilən təbiət sevgisi şüur altında özünə yaxşı yer tutacaq.

Bundan əlavə, yerli ekosistemlərə diqqət yetirilməlidir. Əvvəlcə izah edək ki, ekosistem nədir? Ekosistem müəyyən bir ərazidə yaşayan bütün canlıların (bitkilər, heyvanlar, mikroorqanizmlər) və onların yaşadığı cansız mühitin (hava, su, torpaq, işıq, temperatur) bir-biri ilə qarşılıqlı əlaqədə olduğu təbii sistemdir. Bura meşə ekosistemi, göl ekosistemi, dəniz ekosistemi, çöl (step) ekosistemi, şəhər ekosistemi (insan təsiri çoxdur) aiddir.

İnsanların bu ekosistemlərə "əlçatanlığını" asanlaşdırmaq gərəkdir. Belə olduğu təqdirdə iqlim dəyişikliyi kimi qlobal məsələlərlə tez-tez əlaqəli olan insanın "psixoloji məsafəsi" azalır. Bununla da vətəndaşlara ətraf mühiti mücərrəd bir anlayışdan uzaqlaşdırıb, daha çox maddi bir reallığın olduğunu göstərmək olar.

Psixoloji cəhətdən, "ekoloji şüur" yaratmaq üçün istifadə edilən metodlar tez-tez koqnitiv dissonans (insanın eyni anda iki zidd fikir, inanc və ya davranış arasında qalanda yaşadığı daxili narahatlıq və psixoloji gərginlik - red.) və ya "eko iflic" ilə nəticələnən qorxu əsaslı informasiyalardan uzaqlaşmalıdır. Bu, insanlarda mövzudan kənarlaşma, uzaq durma və ya "Bu problem çox böyükdür, mən isə kiçik bir insanam" fikri yaradır. "Ekoloji Şüur", özünəinam və sosial normallaşma prizmasında daha effektiv şəkildə inkişafa gətirib çıxarır. Fərdlər, cəmiyyətin digər nümayəndələri ilə birlikdə hamılıqla davamlı vərdişlər qazanır. Təbiətin həyatımızdakı rolunu qəbul etdiyini hiss etdikdə, bu dəyərləri öz kimliklərinin bir hissəsi kimi mənimsəməyirlər. Ən azından buna daha çox meyillənirlər”.

Yazı Medianın İnkişafı Agentliyinin“ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda dərc edilib.

Medianın İnkişafı Agentliyi — Vikipediya

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1354

Oxşar yazılar