Fransa Azərbaycana qarşı yürütdüyü siyasətdə artıq bütün hədləri aşıb. Son günlər bu ölkənin mediasında Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası bunu deməyə əsas verir. Görünən odur ki, iki ölkə arasındakı siyasi gərginlik zaman-zaman azalsa da, son günlər yenidən alovlanmağa başlayıb...
Prezident Emmanuel Makronun həm ölkə daxilində, həm də beynəlxalq arenada nüfuz itkisi ilə üzləşdiyi bir dövrdə Fransa mediasının Azərbaycana qarşı aktivləşməsi təsadüfi görünmür.
Xüsusilə Fransa dövlət mediası hesab olunan “France 24”ün Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyə cəhddə təqsirləndirilən AXCP sədri Əli Kərimlidən müsahibə alaraq onu "vicdan məhbusu" kimi təqdim etməsi diqqət çəkir.
Burada əsas məqsəd alternativ siyasi mövqeləri işıqlandırmaqdan daha çox, müəyyən siyasi fiqurları beynəlxalq auditoriyaya xüsusi statusda təqdim etmək təsiri bağışlayır.
Eyni zamanda Fransada baş verən adi kriminal hadisələrin Azərbaycanla əlaqələndirilməsi və ya siyasiləşdirilməsi cəhdləri də bunun tərkib hissəsidir.
Əksər hallarda hüquqi və ya məişət xarakterli məsələlər Fransa mediasında siyasi təqib kimi təqdim edilir, bununla da Fransa cəmiyytində Azərbaycan haqqında mənfi fikir formalaşdırılır.
Hiss olunur ki, Fransa cəmiyyətində hakimiyyətə inamın azalması fonunda Makron hökuməti belə xəbərlər tirajlamaqla vətəndaşlarının diqqətini ölkə daxilindən ölkə xaricinə yönəltməyə çalışır.
Belə bir şəraitdə informasiya gündəminin xarici istiqamətə yönəldilməsi klassik siyasi texnologiyadır. Azərbaycanın hədəfə alınması isə təsadüfi seçim deyil. Çünki Bakı son illərdə Fransanın uzun müddət toxunulmaz hesab etdiyi mövzulara – neokolonializmə, dənizaşırı ərazilərdə insan hüquqları problemlərinə və milli azlıqların hüquqlarına diqqət çəkməyə nail olub.
Hələ 2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində fransalı jurnalistin Azərbaycana qarşı təxribat xarakterli davranışını unutmamışıq. Bu yaşadıqlarımız onu deməyə əsas verir ki, Fransa hökuməti Azərbaycana qarşı hansı mövqedə və hansı düşüncədir...
Bu günə qədər dəfələrlə qeyd etmişik ki, Fransa regionda vəziyyəti gərginləşdirən dövlətlərdən biridir. Makron administrasiyasının Cənubi Qafqaz siyasəti də bunun bariz nümunəsidir. Parisin son illərdə regionda vasitəçi olmaq iddiasından uzaqlaşaraq açıq şəkildə Ermənistana yaxın mövqe nümayiş etdirməsi heç kimə sirr deyil. Makronun Ermənistana səfəri zamanı oradakı təlxək davranışları, Cənubi Qafqazda birtərəfli və destruktiv siyasəti Fransanın neytral aktor kimi qəbul edilməsinə ciddi zərbə vurub.
Makronun Ermənistana münasibətdə nümayiş etdirdiyi birtərəfli yanaşma, regiondakı reallıqları nəzərə almayan açıqlamaları və balanslı siyasətdən uzaq davranışı Fransanın nüfuzuna ciddi xələl gətirir. Nəticədə Paris həm region ölkələri, həm də beynəlxalq müşahidəçilər tərəfindən getdikcə daha çox tərəf kimi qəbul edilir.
2020-ci ildə Azərbaycanın Ermənistan üzərində qətiyyətli qələbəsi və işğal olunmuş torpaqlarının azad edilməsi ilə əlamətdar olan İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Fransa-Azərbaycan münasibətləri getdikcə daha da gərginləşdi. İki ölkə arasında siyasi – diplomatik münasibətlərin kəskinləşməsi isə birmənalı olaraq rəsmi Parisin müxtəlif müstəvilərdə Azərbaycana qarşı hibrid müharibə xarakteri alan atdığı addımlarla bağlıdır. İkinci Qarabağ Müharibəsindən sonra Fransanın bölgədəki strateji maraqları, neoimperialist gündəliyi və ölkə daxilində köklü erməni diaspor şəbəkələrinin təsiri rəsmi Parisi açıq şəkildə erməni mərkəzli mövqe tutmağa vadar etdi. Hibrid müharibə strategiyasına bənzəyən bu mövqe müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli sahələr üzrə müxtəlif elementləri və Fransa ilə Azərbaycan arasında ikitərəfli münasibətləri əhatə edir.
Fransa mediasının son dövrlərdə Qarabağ mövzusunu yenidən gündəmə gətirmək cəhdləri də bu siyasətin tərkib hissəsidir. Regionda münaqişə faktiki olaraq başa çatdığı və Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanındığı halda, Fransanın bəzi media platformaları köhnə narrativləri yenidən dövriyyəyə buraxmağa çalışırlar.
Azərbaycanın Fransa mediasında hədəfə çevrilməsinin digər səbəbi də Bakının son illərdə qazandığı geosiyasi nailiyyətlərlə bağlıdır. Təbii ki, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti Fransanı təşvişə salıb. Bakı Təşəbbüs Qrupu yarandığı gündən etibarən dekolonizasiya məsələsinin beynəlxalq təşkilatların gündəmində saxlanılması, müstəmləkəçilik altında yaşayan xalqların hüquqlarının müdafiəsi və onların mövqelərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Təşkilat dekolonizasiya probleminə regional və ya lokal məsələ kimi deyil, beynəlxalq hüququn fundamental prinsipləri, insan hüquqlarının müdafiəsi və xalqların öz müqəddəratını təyin etmə hüququ prizmasından yanaşaraq bu mövzunun qlobal siyasi diskursun mühüm elementinə çevrilməsinə töhfə verir. Rəsmi Bakının məhz bu istiqamətdəki fəallığı azsaylı xalqları uzun illər müstəmləkə idarəçiliyi altında saxlayan Fransada ciddi narahatlıq doğurmaya bilməz.
Fransa mediasında Azərbaycanın hədəfə çevrilməsi təkcə iki ölkə arasındakı fikir ayrılıqlarının nəticəsi deyil. Bu, həm də Fransanın zəifləyən geosiyasi mövqelərini və artan reputasiya problemlərini kompensasiya etmək üçün istifadə olunan informasiya strategiyasının bir hissəsi kimi qiymətləndirilə bilər.
Fransa mediasında Azərbaycana qarşı aparılan kampaniyaların jurnalist marağı kimi izah edilməsi isə qəbuledilməzdir!