Yeni il şənlikləri hər il onlarla insanın ağır xəsarət almasına, hətta əlini və ya gözünü itirməsinə səbəb olur.
Amma bu, dünyanın ən təhlükəli bayramı deyil. Məsələn, Taypusam mərasimləri kənardan baxanda bayrama çox bənzəmir. Təcrübəli iştirakçılar dərini haradan və necə deşmək lazım olduğunu bildikləri üçün özlərini ciddi təhlükədə hiss etmirlər.
İspaniyada keçirilən korrida və öküz qaçışlarında isə xüsusi hazırlığı olmayan istənilən şəxs iştirak edə bilər.
Lent.az xarici mediaya istinadən dünyanın müxtəlif ölkələrində keçirilən ən təhlükəli və qəribə 7 bayramı təqdim edir.
Peruda Milad günü yumruq döyüşləri festivalı
Peruda Milad bayramı zamanı xüsusi yumruq döyüşləri festivalı keçirilir. Avropa, ABŞ və dünyanın başqa ölkələrində insanlar küçələri və evləri bayram bəzəkləri ilə hazırladığı halda, Perunun bəzi bölgələrində insanlar bir-biri ilə əlbəyaxa döyüşə çıxırlar.
Festival Takanakuy adlanır və hər il dekabrın 25-də, katolik Milad bayramında keçirilir.
İnanca görə, insan ilin bütün mənfi emosiyalarını köhnə ildə qoymalıdır ki, yeni ilə mənəvi baxımdan təmiz şəkildə daxil olsun. Bunun üçün il ərzində inciklik yaşadığın adamla üz-üzə gəlib məsələni fiziki döyüşlə həll etmək də festivalın ənənələrindən biridir.
Təbii ki, bu qarşıdurmaların müəyyən qaydaları var. Əks halda bayram çox ağır nəticələrlə başa çata bilərdi.
Döyüşlər xüsusi hazırlanmış meydançalarda keçirilir. Arenadan kənarda qarşıdurmaya icazə verilmir.
Qaydalara hakimlər nəzarət edir. Onların əlində qamçı olur və qaydanı pozan iştirakçılara dərhal müdaxilə edirlər.
Bu ənənənin xristianlıqla birbaşa əlaqəsi yoxdur. Festivalın kökləri Kolumbdan əvvəlki dövrə gedib çıxır. Yerli sakinlər ənənəvi geyimlərdə arenaya çıxaraq döyüşürlər. Bu görüntü turistlər üçün maraqlı olsa da, hüquq-mühafizə orqanları üçün ciddi başağrısı yaradır.
Yunanıstanda raket müharibəsi
Yunanıstan dini bayramlara böyük əhəmiyyət verən və pravoslav ənənələrinin güclü olduğu ölkələrdən biridir. Pasxa burada xüsusi sevgi ilə qeyd olunur.
Lakin Xios adasındakı Vrontados şəhərində Pasxa tam fərqli şəkildə keçirilir.
Bir-birinin qarşısında yerləşən iki kilsənin dindarları hər il qarşı tərəfin zəng qülləsini hədəfə alaraq minlərlə fişəng və raket atırlar.
Bəzi illərdə 50-60 mindən çox fişəngdən istifadə olunur. Maraqlıdır ki, bütün bunlar baş verərkən kilsələrin daxilində dini ayinlər davam edir.
Ənənənin kökləri Yunanıstanın Osmanlı hakimiyyətindən müstəqillik uğrunda apardığı mübarizə dövrünə bağlanır. Ehtimallara görə, hərbi qələbələrdən biri atəşfəşanlıqla qeyd olunub və zamanla bu mərasim ənənəyə çevrilib.
Görüntü olduqca təsirli olsa da, festival zamanı xəsarət halları baş verir və tarixdə ölüm hadisələri də qeydə alınıb.
İspaniyada körpələrin üzərindən tullanırlar
İspaniyanın bəzi kəndlərində uşaqları şər qüvvələrdən qorumaq üçün çox qəribə ənənə mövcuddur.
Açıq əraziyə döşəklər sərilir və körpələr onların üzərinə uzadılır. Daha sonra xüsusi geyim geyinən akrobatlar uşaqların üzərindən tullanırlar.
İştirakçıların əllərində müxtəlif çubuqlar və ənənəvi atributlar olur. Onlar körpələrin ətrafında rəqs edir, sonra isə onların üzərindən atlanırlar.
İnanca görə, bu mərasim uşaqları şər qüvvələrdən qoruyur və onları ilkin günahdan təmizləyir.
Roma Katolik Kilsəsi isə bu ənənəyə mənfi yanaşır. Kilsənin fikrincə, mərasim həm təhlükəlidir, həm də insanın günahdan bu yolla azad edilə biləcəyi düşüncəsi xristian təliminə uyğun deyil.
İngiltərədə pendir yarışı
İngiltərənin Qloster bölgəsi təpəlik ərazisi ilə məşhurdur. Burada eyni zamanda məşhur Qloster pendiri də hazırlanır.
Yerli sakinlər bu iki xüsusiyyəti birləşdirərək hər il qeyri-adi pendir yarışı keçirirlər.
Yarış zamanı iri və ağır pendir təkəri dik yamacdan aşağı buraxılır. İştirakçılar isə onun arxasınca qaçırlar.
İlk bir neçə metr ərzində insanlar ayaq üstə qala bilirlər. Lakin yamac o qədər dikdir ki, qısa müddətdən sonra əksəriyyət yıxılır və aşağıya doğru yuvarlanmağa başlayır.
Festival demək olar ki, hər il müxtəlif xəsarətlərlə nəticələnir. Sınıqlar, burxulmalar və digər travmalar burada adi hala çevrilib.
Bununla belə, yerli sakinlərin və turistlərin marağı azalmır.
Keçmişdə qalib pendir təkərinə çatmalı və onu öz bədəni ilə dayandırmalı idi. Bu halda bütün pendir ona verilirdi.
İndi isə qaydalar bir qədər sadələşib. Yamacın aşağısına ilk çatan şəxs qalib hesab olunur.
İtaliyada portağal döyüşləri
İtaliyanın İvrea şəhərində hər il böyük portağal döyüşü keçirilir.
Burada döyüş vasitəsi kimi portağaldan istifadə olunur. Meyvənin dairəvi forması, çəkisi və qalın qabığı onu uzağa atmaq üçün əlverişli edir.
Festivalın tarixi yerli əhalinin zalım hökmdara qarşı üsyanı ilə əlaqələndirilir.
Şəhər sakinləri iki qrupa bölünür. Bir tərəf hökmdarı və onun tərəfdarlarını, digər tərəf isə azadlıq uğrunda mübarizə aparan insanları təmsil edir.
Keçmişdə bu cür qarşıdurmalarda ox, sapand və müxtəlif silahlardan istifadə olunurdu. Zamanla onların yerini portağallar tutub.
Xəsarət riskini azaltmaq üçün iştirakçılar Amerika futbolçularının geyimlərinə bənzəyən qoruyucu paltar geyinirlər.
Amma təhlükə bununla bitmir. Festival zamanı istifadə edilən atlar da ciddi risk yaradır. Onlar qoşquları aşırda və izdihamda insanları ayaq altında qoya bilirlər.
İspaniyada öküz qaçışları
İspaniyanın məşhur öküz qaçışları bir neçə gün davam edir.
Hər səhər şəhərin bəzi küçələri insanlar üçün bağlanır və həmin ərazilərə öküzlər buraxılır.
Burada xüsusi mükafat və ya mürəkkəb qaydalar yoxdur. İştirakçıların əsas məqsədi öküzlərdən qaçaraq adrenalin yaşamaqdır.
Yarışa qatılmaq üçün xüsusi kurs keçmək və ya peşəkar hazırlıq tələb olunmur. İnsan sadəcə marşruta daxil olur və öküzlərdən qaçmağa başlayır.
Tədbirdə minlərlə insan iştirak edir. Təkcə izdihamın özü belə xəsarət riskini artırır.
Üstəlik, öküzlər insanların arxasınca böyük sürətlə qaçırlar.
Xəsarət alanların əhəmiyyətli hissəsini xarici turistlər təşkil edir. Çünki tədbirə gələnlərin böyük hissəsi məhz başqa ölkələrdən olan ziyarətçilərdir.
Festivalın dünya miqyasında məşhurlaşmasında yazıçı Ernest Heminqueyin də böyük rolu olub. O, ötən əsrin 20-ci illərində bu ənənədən əsərlərinin birində bəhs edib.
Yaponiyada nəhəng ağac kötüyünün üzərində ekstremal yürüş
Yaponiyada keçirilən bu festival Onbaşira adlanır.
Festival altı ildən bir təşkil olunur və onun keçirilməsi üçün uzunmüddətli hazırlıq aparılır.
Mərasim Naqano bölgəsindəki Suva məbədi ilə bağlıdır. Məbəddə istifadə edilən iri taxta sütunlar müəyyən müddətdən sonra yeniləri ilə əvəz olunur.
Bunun üçün ən yaxşı küknar ağacları seçilir. Ağaclar ənənəvi alətlərdən istifadə edilərək kəsilir və məbədə qədər daşınır.
Hər ağac gövdəsinin uzunluğu təxminən 20 metrə, çəkisi isə onlarla tona çata bilər.
Belə nəhəng kötüyü hərəkət etdirmək üçün yüzlərlə insan birlikdə çalışır. Ağaclar iplər və taxta alətlər vasitəsilə məbədə aparılır.
Marşrutun ən təhlükəli hissəsi isə böyük ağac gövdəsinin dik təpədən aşağı endirilməsidir.
Ancaq bununla da kifayətlənmirlər.
Cəsarətlərini nümayiş etdirmək istəyən yerli kişilər nəhəng ağac kötüyünün üzərinə oturaraq onunla birlikdə yüksək sürətlə yamacdan aşağı enirlər.
Bu ənənə festivalın ən təhlükəli, eyni zamanda ən çox diqqət çəkən hissəsi hesab olunur.