“Müasir ictimai nəqliyyata tək yeni texnika ilə nail olunmur, hara və necə getdiyi bilinməyən yeni avtobusun heç bir əhəmiyyəti yoxdur”.
Eşitdiyiniz bu şikayətəbənzər məsləhətlər “Transit for Baku”nun Bakı Nəqliyyat Agentliyinə ünvanladığı açıq məktubdan çıxarışdır. Məlum xidmətin nə demək olduğunu soruşanlar üçün deyək ki, “Transit for Baku” layihəsinin yaradıcıları həvəskar şəxslərdir. Azərbaycanda on minlərlə vətəndaşın müxtəlif məkanlara getmək üçün daxil olduğu “Google xəritələr” proqramının ən funksional özəlliklərindən biri də marşrut cədvəllərinin əvvəllər burada olması idi. Məsələn, Bakıda A nöqtəsindən B nöqtəsinə getmək istəyən şəxs əvvəllər “Google xəritələr”də uyğun marşrut avtobuslarının siyahısına baxa bilirdisə, indi həmin özəllik aradan qaldırılıb. Hətta xidmət yaradıcılarının açıq məktubda yazdıqlarına inansaq, proqrama məlumat ötürülməsi dayandırılıb və “Google xəritələr”in güzəştli müddəti tamam olduqda bütün bilgilər avtomatik silinəcək. Səbəbi də odur ki, BNA müntəzəm marşrut xətləri üzrə məlumatların “Google Xəritələr”ə inteqrasiyasını gecikdirir.
Layihənin ləğv edilmə xəbəri sosial şəbəkədə güllə sürəti ilə yayıldı. Biz də vətəndaşların ciddi narazılığına səbəb olan bu məsələ ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevə müraciət etdik. Yalnız şifahi məlumat verməklə kifayətlənən qurum rəsmisi bildirdi ki, sərnişinlər Bakı şəhərində fəaliyyət göstərən müntəzəm marşrut xətləri üzrə zəruri məlumatları alo141.az saytından əldə edə bilərlər.
Agentliyin rəsmi-şifahi açıqlamasından sonra üz tutduq nəqliyyat üzrə ekspert Elməddin Muradlıya. Ancaq onun da verdiyi açıqlama Mais Ağayevin fikirlərindən çox fərqlənmədi.
ELMƏDDİN MURADLI – NƏQLİYYAT ÜZRƏ EKSPERT
“Əslində bu xidmət Bakı Nəqliyyat Agentliyi tərəfindən göstərilir. Alo.141.az saytında eyni məlumatları əldə edə bilərlər. Sadəcə olaraq həvəskar gənclərdir, onlar da belə bir xidmət yaratmışdılar. Ola bilsin, gələcəkdə yenə də onlara həmin datalar verilər, ancaq ola bilər, bu gün üçün hansısa texniki problemlər yaranır. Amma eyni məlumatları sərnişinlər alo.141.az saytından əldə edə bilərlər”.
Ekspert düşünür ki, hətta öncələr də müntəzəm maşrut xətləri üzrə bilgilər həmişə əlçatan olmayıb.
ELMƏDDİN MURADLI – NƏQLİYYAT ÜZRƏ EKSPERT
“Bəzi avtobuslarda bilirsiniz ki, kart yoxdur. Bakı Nəqliyyat Agentliyi bildirir ki, 70 faizə qədər kartlaşdırma olub. Amma qalan 30 faiz kartlaşdırılmadığı üçün çip vasitəsi ilə onların izlənilməsi mümkün deyil. Yəni, mexanizmi elə qurmaq lazımdır ki, bütün avtobuslar informasiyanı versin”.
Həm qurum rəsmisi, həm də ekspertin sözlərindən sonra alo.141.az saytının doğrudan da “Transit for Baku”nu əvəz edib etmədiyini yoxlamaq qərarına gəldik. Ancaq sayta girər-girməz layihə rəhbərlərinin də açıq məktubunda yazıldığı kimi, alo.141.az-ın elə də əlverişli olmadığını gördük. Məsələn, A nöqtəsindən B nöqtəsinə qədərki məsafəni həmin saytda izləmək olur. Amma ünvana hansı marşrut xətləri ilə getməyin mümkünlüyü qaranlıq qalır. Üstəlik, “Google maps”də təqdim olunan bu özəllik digər heç bir xəritə proqramında dəstəklənmir ki, əlimyandıda digər alternativlərə baş vurasan.
Nəzərə alsaq ki, havalar isinməyə başlayır və həmişə olduğu kimi, bu il də ölkəyə minlərlə turist axını gözlənilir, o məşhur sual özünü atır meydana ki, yazıq turist haradan bilsin alo.az nədi, 141 nədi? Bütün dünya üzrə ən çox istifadə edilən “Google maps” tətbiqini hansısa yerli saytla əvəzləmək nə qədər məntiqəuyğundu?
Uzun sözün qısası, nə rəsmi qurumlar, nə də ekspertlər sözügedən funksiyanın aradan qaldırılacağı təqdirdə onu nə ilə əvəzləyəcəyimizi bilmirlər. O zaman, nə etməli? A nöqtəsindən B nöqtəsinə aparan marşrut avtobuslarını haradan tapmalı? Kimə müraciət etməli? Görünür, Konfutsinin məşhur kəlamını bu yerdə xatırlatmaq yerinə düşər. Ya bir yol çək, ya bir yol aç, ya da yoldan çəkil.
Mir Çingiz Ağazadə
Xəyal İskəndərov
APA TV