Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı eksqumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, bununla əlaqədar, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər Xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər Xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (eksqumasiya) dair 03 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə eksqumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.
Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyati ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.
İctimaiyyətə ətraflı məlumat veriləcək.