Son zamanlar metrolarda ölüm hallarının baş verməsi xəbərlərini eşidirik. Elə ötən gün səhər saatlarında 67 yaşlı kişi qatar gözləyərkən həyatını itirdi. Bəs ölümlərin sırf metroda baş verməsi havasızlıqla əlaqədar ola bilərmi?.
Lent.az APATV-yə istinadən xəbər verir ki, kardioloq Emil Hasilov mövzu ilə bağlı sualları cavablandırıb.
Onun sözlərinə görə, metroda və başqa qapalı yerlərdə xəstələrin ölümü əsasən ürək mənşəlidir:
“Metro ilə əlaqəsi varmı? Əlbəttə ki, var. Metroda və başqa qapalı yerlərdə xəstələrin ölümü əsasən ürək mənşəlidir. Metroda qapalı şərait olduğuna görə, belə hadisələrin baş verməsi daha çox olur. Çox vaxt belə hallarla yaşlı adamlar qarşılaşır. Bəzən qatar dayanır, hava axını zəifləyir, bu isə xəstələrdə panik durumlarına səbəb olur. Nəticədə ürək ritminin pozulması, arterial təzyiqin yüksəlməsi yarana, xəstə infarkt keçirə bilər”.
Həkim deyir ki, miokard infarktı keçirmiş, ağır ürək çatışmazlığı, ritm pozulmaları, arterial təzyiqi yüksək olan xəstələr metroda, qapalı məkanlarda diqqətli olmalıdırlar. Metropolitendə ilkin tibbi yardım göstərən həkimlər olmalıdır ki, vaxtında müdaxilə edib həyati təhlükənin sovuşmasına kömək edə bilsinlər:
“Əsasən də kişilər, yaşlı adamlar metoda yıxılırsa, bilin ki, ürəkdəndir. Buna görə də ilkin yardım kimi xəstənin boyunda və radial arteriya üzərində nəbzinə baxmaq lazımdır. Nəbz vurğusu yoxdursa, huşu yerində deyilsə, təcrübəli biri tərəfindən təxminən yüz basqı olmaqla, ürək masajı olunmalıdır. Ürək masajı bu xəstələri həyata qaytara bilər. Metro stansiyalarında quraşdırılan təcili tibbi yardım məntəqələrində həkimlərin heç olmasa, minimal kardioloji bilikləri olmalıdır”.
Dünya ölkələrində metrostansiyalarda kifayət qədər olsa da, Bakı Metrosunda tibbi məntəqəyə rast gəlmirik.
Mütəxəssislər deyir ki, metropolitendə uzun illərdir dəyişdirilməyən mərmər qranitlər də sağlamlıq baxımdan həssas insanlara mənfi təsir edir. Kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev bildirdi ki, mərmər qranit tərkibli materiallarda radiaktiv elementlərin miqdarı çox olduqda, istifadə edildikləri sahələrdə, əsasən də metro stansiyalarında radiasiya fonu yüksəlir.
"Bunun nəticəsində də insan orqanizmi həm daxildən, həm də xaricdən şüalanır: “Sovet dövründə tikilmiş stansiyaların yeraltı keçid məntəqələrindəki qranit pilləkənlərdə yüksək radiasiya dozası müşahidə olunur. Metrodan istifadə edən sərnişinlər belə sahələrlə az kontakta olurlar. Buna görə də onlar üçün hər hansı risk yaranmır. Amma bu pilləkənlər üzərində daimi duran, materilla təmasda olan personal üçün risk yarana bilər”.
Çox insan bu cür ölüm hallarına “ölüm gəldi cahanə, baş ağrısı bəhanə” fəlsəfə üzərindən yanaşır. Əslində isə bu yanaşmanın özü də təhlükəlidir. Yəni ki, ağır ürək çatışmazlığı, yüksək təzyiq varsa, miokard infarktı keçirmisinizsə, metro həyatınız üçün təhdid mənbəyi ola bilər.