Bura Londondakı Britaniya Avropa Azərbaycan Məktəbidir, Londonda yaşayan azərbaycanlıların uşaqları burada müxtəlif dərslər alırlar. Məktəb Londonun cənub qərbindəki Pimlico Academy-də, həftənin bazar günləri fəaliyyət göstərir.
20 ilə yaxındır ki, Londonda yaşayan, məktəbin təsisçilərindən biri olan Səbinə Quliyeva təhsil ocağının 2020-ci ilin dekabr ayından fəaliyyət göstərdiyini deyir. Qeyd edir ki, məktəbdə Azərbaycan dili ilə yanaşı Azərbaycan tarixi, incəsənət fənləri də tədris olunur. Şahmat, rəqs, musiqi, idman dərnəkləri fəaliyyət göstərir.
Uşaqlara Azərbaycan dili, tarix və coğrafiya fənnlərini tədris edən, 20 ildir Londonda yaşayan Sevinc müəllimə deyir ki, uşaqların bəziləri azərbaycanca çox gözəl bilir, bəziləri isə danışmaqda çətinlik çəkir.
Sevinc müəllimə qeyd edir ki, dərslərdə mütəmadi iştirak edən uşaqlar daha çox inkişaf edirlər.
Londonda hüquq şirkətinin sahibi olan Rauf Xəlilov deyir ki, Azərbaycan məktəbində uşaqlara şahmat və bədən tərbiyəsi dərsləri keçir.
Valideyinlərdən Aynur Əhədova ailəsi ilə birgə 6 ildir ki Londonda yaşayır. 5 yaşındakı qızını Azərbaycan dilini inkişaf etdirib , Azərbaycan mədəniyyəti haqqında öyrənməsi üçün məktəbə qoyduğunu deyir.
Bax belə, Londonda yaşayan Azərbaycanlı uşaqlar həftənin bazar günləri ürəklərində vətən sevgisi ilə məktəbin yolunu tuturlar...