"Real" televiziyası Türkiyədə baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılması istiqamətində aparılan işlərlə bağlı qardaş ölkəyə ezam olunmuş yerli media qurumlarının və onların hadisə yerindəki əməkdaşlarının fəaliyyəti haqqında videoreportaj hazırlayıb.
Lent.az xəbər verir ki, sözügedən videoreportaj “MirŞahinin Vaxtı” verlişində yayımlanıb.
Media nümayəndələrinin qaldığı çadırda onların gün ərzindəki fəaliyyətlərindən bəhs olunub.
AZTV, İTV və digər xəbər saytlarının əməkdaşları öz fikirlərini “Real”ın mikrofonuna danışıblar.
AZTV-nin operatoru Nurlan Ələkbərli gördüklərini karyerasının ən çətin anları kimi qiymətləndirib.
İTV-nin müxbiri Nərmin Kərim dağıntılar altından çıxarılan ana və balanın ona çox pis təsir etdiyini deyib:
“Düzdür biz işimizdən dolayı burdayıq. Amma insan olaraq bu görüntülər qarşısında özümüzü saxlaya bilmirik”.
AZTV-nin müxbiri Sədaqət Süleymanlı canlı yayımda sözünü yarımçıq kəsib yayımı dayındırmaq məcburiyyətində qaldığını qeyd edib:
“Dünən biz canlı bağlantıda olarkən Azərbaycan xilasediciləri bir azyaşlının meyitini çıxarırdılar. Həmin an mən başa düşdüm ki, danışa bilmirəm”.
APA-nın müxbiri Səlcuq Elçin bildirib ki, baş vermiş vəziyyəti sözlə ifadə etmək olmur.
“Mən hadisə müxbiriyəm. Bakıda və regionlarda yol qəzalarında çox insan ölümünə şahidlik etmişəm. Amma buradakı durum tam fərqlidir.
Şəhərdən gələn qoxu, cəsədlərin iyi… Bunları qeyd edə bilərəm”, - deyə Səlcuq Elçin bildirib.
Reportyor Elcan Məmmədov videomaterialında bildirib ki, həmkarları çadıra iki gündür köçüb və hər gecə bir əməkdaş təhlükəsizlik tədbirlərini təmin etmək üçün oyaq qalır.