Azərbaycanda peyvəndlənmə prosesi 2 ilə yaxındır başlayıb. Peyvəndin virusdan qorumasına inananlarla yanaşı inanmayanlar da var. Həmin insanlar müəyyən məbləğdə ödəniş etməklə müxtəlif tibb müəssisələrindən peyvənd olunmaları ilə bağlı saxta pasport da alırlar. Bu səbəbdən Azərbaycanda saxta COVID pasportu alan həm tibb işçiləri, həm də adi vətəndaşlara qarşı cinayət işi açılıb.
Saxta COVID pasportu alan insanların bəziləri sonradan peşman olub peyvənd vurdurmaq istəyir. Azərbaycanda səhiyyəyə cavabdeh dövlət orqanları saxta pasport alan şəxslərin hansı halda peyvəndlənəcəyi ilə bağlı şərtləri hələ ki açıqlamayıb. Məsələn, Ukraynada bu haqda vətəndaşlara müraciət edilib. Müraciətdə bildirilir ki, saxta pasport alan insanlar bunu etiraf edəcəkləri və hansı tibb müəssisəsində, hətta kimlər tərəfindən saxta COVID pasportu aldıqlarını bildirəcəkləri təqdirdə cinayət məsuliyyətindən azad olunacaqlar.
Bəs, Azərbaycanda bu proses necə tənzimlənməlidir?
Səhiyyə Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, saxta COVID-19 pasportu əldə edən şəxslər peyvənd vurulması üçün müraciət etdikdə, onların barəsində dərhal hüquq-mühafizə orqanlarına məlumat verilir. Eyni zamanda, qeyd edilib ki, ölkədə belə hallara bir neçə dəfə rast gəlinib.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, saxta COVID pasportu olanlara heç bir güzəşt edilə bilməz.