Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun direktoru, direktor müavini və daha iki əməkdaşı işdən çıxarılıb.
APA-nın məlumatına görə, bu barədə yanvarın 8-də AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Rəyasət Heyətinin iclasında AMEA-nın Fizika İnstitutunda aparılmış yoxlamanın nəticələri barədə məlumat dinlənilib.
Qeyd olunanları nəzərə alaraq, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər.
Həmçinin akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub, bununla bağlı müvafiq dövlət qurumuna müraciət olunacağı bildirilib. Bundan əlavə, institutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib.
Fizika İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb.