Azərbaycan jurnalistlərinin VIII Qurultayı keçirilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardından Vətən Müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının keçmiş sədri, "Xalq qəzeti"nin direktoru Əflatun Amaşov Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi jurnalistikanın olduğunu diqqətə çatdırıb. Daha sonra Qurultay iştirakçılarının Prezidentə müraciəti şuranın sədr müavini Umud Rəhimoğlu tərəfindən səsləndirilib.
Müraciət yekunlaşdıqdan sonra Sədarət, Katiblik, Say və Mandat Komissiyalarının yaradılması üçün açıq səsvermə keçiririlib və komissiyaların üzvləri təsdiq edilib.
Səsvermədən sonra Qurultay öz işinə başlayıb.
Çıxış edən Mətbuat Şurasının hazırki sədri Əflatun Amaşov Şuranın hesabatını diqqətə çatdırıb:
"Güclü dövlətin jurnalistikası da güclü olur. Dövlətin gücləndirilməsi yolunda jurnalistikanın rolu böyükdür. Cənab Prezidentin Azərbaycan jurnalistikasına qayğı və diqqəti də bunun bariz göstəricisidir. Bu diqqət və qayğıya görə, həm öz adımdan, həm də Mətbuat Şurası və jurnalistlər adından Cənab Prezidentə təşəkkürümü bildirirəm".
Ardından Mətbuat Şurasının Nəzarət-Təftiş komissiyasının sədri Tahir Rüstəmov hesabatı oxuyub. Ümumilikdə əvvəlki qurultaydan bu yana 31, şikayətlər üzrə isə 63 iclas keçirildiyini deyən Tahir Rüstəmov komissiyanın işini məhsuldar qiymətləndirib:
"Bu illər ərzində komissiyamız işini yüksək səviyyədə həyata keçirib".
APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı Mətbuat Şurasının ümumi fəaliyyəti barədə fikirlərini bölüşüb:
"Mətbuat Şurasının fəaliyyəti hər zaman Azərbaycan mediasının həm təqdiri, həm də tənqidi altında olub. Təbii ki, iş varsa, orada tənqid də olacaq. Və hesab edənlər olacaq ki, onlar bu missiyanı daha yaxşı yerinə yetirə bilərlər. Fikirlər həmişə qəbulolunandır və dinlənmək üçündür. Mən hesab edirəm ki, Mətbuat Şurası ötən müddət ərzində üzərinə qoyulan, götürdüyü missiyanın əksəriyyətini yerinə yetirə bilib".
Vüsalə Mahirqızı Mətbuat Şurasının hazırki sədri Əflatun Amaşovun xidmətlərini yüksək qiymətləndirib:
"Ötən dövr ərzində Mətbuat Şurası onlarla, bəlkə, yüzlərlə məsələləri medianın böyük müzakirəsinə çıxarmadan, böyük qalmaqala yol vermədən bunu həll edib. Şəxsən bu işlərin bir neçəsində özüm də vasitəçi kimi çıxış etmişəm. Elə son bir neçə ayda elə məsələlər var ki, bizim həmkarlarımızı ciddi sanksiyalar, böyük cərimələr gözləyə bilərdi. Amma Mətbuat Şurası barışdırıcı missiyalarla iştirak edib. Burada xüsusi olaraq, sədrliyə namizədliyini verməyən Əflatun müəllimin (-red. Əflatun Amaşov) rolunu qeyd etmək istəyirəm. Son bir neçə dəfə də özümün iştirak etdiyim proseslərdə, istənilən məsələdə, hətta jurnalistlərin şəxsi məsələlərində də Əflatun müəllimin jurnalistləri dəstəklədiyini görmüşəm".
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Tapdıq Abbas yeni seçiləcək tərkib və idarə heyətinə uğurlar arzulayıb:
"Yeni idarə heyətində gənc kadrlara üstünlük veriləcəyini və onların işlərinin öhdəsindən layiqincə gələcəyinə ümid edirəm".
Əməkdar jurnalist Azər Həsrət bəzən mətbuat haqqında yersiz fikirlər səsləndirənləri ədalətli olmağa çağırıb:
"Azərbaycan mətbuatı bəzən ümumiləşdirilərək arqumentsiz tənqidlər məruz qalır. Mən buradan həmin şəxslərə səslənir, onları ədalətli olmağa, şuranın nizamnaməsini diqqətdə saxlamağı tövsiyyə edirəm".
Jurnalist Fərid Şahbaz Vətən Müharibəsi dövründə ölkə mediasının işini yüksək qiymətləndirib:
"44 günlük müharibə dövründə də Azərbaycan mətbuatı lazımi səviyyədə təbliğat və təşfiqat işini gördü. Bu gün də eyni proses yüksək səviyyədə davam etdirilir".
Jurnalist Aqil Ələsgər şuranın işinin yalnız birlik olduğu halda irəliləyəcəyini qeyd edib:
"Hesab edirəm ki, bu gün cəmiyyətdə Mətbuat Şurası haqqında hansısa iradlar varsa, bu iradları birlikdə aradan qaldırmalı, birlikdə öhdəsindən gəlməliyik".
"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu bugünkü qurultayın özəl olduğuna diqqət çəkib:
"İlk dəfədir ki, Azərbaycan Mətbuat Şurası özünün qurultayını qalib ölkənin mətbuatı kimi keçirir. Artıq 2 il olacaq ki, biz işğaldan azad olunmuş ərazilərdən xəbər yazırıq, qalib ölkə kimi çıxışlar edirik".
Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri, jurnalist Yadigar Məmmədli jurnalist təşkilatlarına səslənib:
"Mətbuat Şurasına digər jurnalist təşkilatları dəstək olmalı, inkişafı üçün təkan verməlidir. Bu baxımdan, Mətbuat Şurası yenilənməli, paralel iş aparacaq kadrlar diqqətdə saxlanılmalıdır. Təcrübəli jurnalistlərlə yanaşı, gənc və perspektivli kadrlara da yer verilməlidir".
Jurnalist Taleh Şahsuvarlı jurnalistikamızın siyasi analtik sahəsinin ölkəmizdəki yüksək səviyyəsini vurğulayıb:
"Amma həm müharibə dövründə, həm də indinin özündə Ermənistanda bu sahənin necə axsaq olduğuna şahidlik etdik".
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Azərbaycan jurnalistikasında qazi jurnalistlərin də olduğunu bildirib:
"Onlara və onların timsalında bütün qazilərimizə can sağlığı arzu edir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm".
Mətbuat Şurasının üzvü, jurnalist Şəmsəddin Əliyev şuranın işi haqqında fikirlərini bölüşüb:
"Mətbuat Şurasının fəaliyyəti ilə bağlı nəyisə xüsusi qeyd eləməyə ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Bu illər ərzində şura öz işini lazımi səviyyədə həyata keçirib".
Milli Məclisin deputatı, "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas ölkədəki qəzetçiliklə bağlı problemləri səsləndirib:
"Ümid edirəm ki, yeni seçilən idarə heyəti qəzetçiliklə bağlı yeni ideya və təkliflər irəli sürəcək, ən azından, bu sahəni sıxışdırmayacaq".
Hesabat və çıxışlar bitdikdən sonra səsvermə başlayıb.
Mətbuat Şurasının Nizamnaməsinə və Jurnalistlərin Peşə Davranışları Qaydalarına dəyişiklər edilib.
Yekunda səsvermənin nəticələri açıqlanıb. Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.
İdarə heyətinin üzvləri kimi Vüqar Rəhimzadə, Vüsalə Mahirqızı, Hacıbəy Heydərli, Azər Həsrət, Aydın Quliyev, Elçin Mirzəbəyli, Akif Aşırlı, Səadət Məmmədova, Niyaz Niftiyev, Elşad Eyvazlı, Aqil Ələsgər, Rauf Arifoğlu, Alqış Musayev təsdiqlənib.
Əflatun Amaşov, Müşfiq Ələsgərli, Umud Mirzəyev, Yadigar Məmmədli, Bəhruz Məmmədzadə, Qulu Məhərrəmli, Vüqar Zəfəroğlu, Ceyhun Musaoğlu, Fərid Pərdəşünas isə ictimaiyyət nümayəndəsi olaraq təsdiq olunub.
Bununla da, Qurultay öz işini başa vurub.
***
Saat: 10:36
"Azərbaycan Jurnalistlərinin VII qurultaydan bu yana ümumilikdə Mətbuat Şurasına 1615 şikayət daxil olub".
Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Jurnalistlərin VIII Qurultayında keçmiş sədr Əflatun Amaşov deyib. O qeyd edib ki, bu şikayətlərin 963-ü dərhal həllini tapıb:
"Digər 652 şikayətin 520-si komissiya tərəfindən həll edilib. 132 şikayət isə həll edilmək üçün idarə heyətinə təqdim edilib".
***
Saat: 10:22
Sentyabrın 24-də Bakıda Azərbaycan jurnalistlərinin VIII qurultayı işə başlayıb.
Lent.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib. Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin hesabatı dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
Ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.
Qurultay iştirakçıları prezident İlham Əliyevə müraciət edib.
Müraciəti Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu səsləndirib.
Qurultayda Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb. Səsvermənin nəticəsinə uyğun olaraq qurultayı Mətbuat Şurası sədrinin iki müavini idarə edəcək.