“Quş qripi ilə bağlı monitorinqlərin keçirilməsində əsas məqsəd ailə təsərrüfatları, təbiət ərazilərində yüksək patogen quş qripi təhlükəsi olan quşun olub-olmamağını öyrənməkdir.
Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” sosial şəbəkəsindəki “Təhlükəsiz qida” adlı onlayn verilişində respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.
Onun sözlərinə görə, noyabr, dekabr və yanvar aylarında monitorinqlər həyata keçirilib, həm epizootoloji, həm də monitorinq müayinələrinin nəticəsində xəstəliyə hər hansı şübhə olmayıb:
“Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı təşkilatının üzvüdür. Bu təşkilatın xətti ilə ölkələrdən heyvan xəstəlikləri barədə məlumatlar daxil olur. Məqsəd məlumatları əldə edərək xəstəliklərdən qorunmaq, xəstəliklərin ölkəyə daxil olmasının qarşısın almaqdır. Bu mövsümdə xüsusilə yüksək patogenli quş qripinin artma tendensiyası davam edir. Xüsusən Avropa ərazisində, ticarət əlaqələrimizin geniş olduğu bir sıra dövlətlər, eyni zamanda, İran, Rusiya, Qazaxıstan, Ukraynada bu xəstəlik var. Adekvat olaraq müəyyən tədbirlər həyata keçirməyə başlamışıq. Quş qripi xəstəliyi köçəri quşlar vasitəsilə yayılır. Bizim ölkəmizdə köçəri quşların həm daimi, həm də müvəqqəti məskunlaşma yerləri var. Ona görə Azərbaycan bu xəstəliyə görə riskli ölkə sayılır".
Onun sözlərinə görə, birinci görülməli profilaktik tədbir budur ki, istər kiçik ailə təsərrüfatları, istərsə də iri kommersiya təsərrüfatlarında ev quşlarının köçəri və çöl quşları ilə, xüsusilə qarğa, göyərçin, sərçə ilə təmasının qarşısı alınsın: "Bu quşlara qulluq zamanı şəxsi gigiyena vasitələrinə əməl olunmalıdır. Eyni zamanda, səbəbi məlum olmayan tələfat aşkarlandıqda dərhal müvafiq qaydada məlumat verilməlidir”.