“Azəri-Press” Agentliyi (APA) ilə Rusiyanın “Ruptly” videoagentliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, media şirkətləri əməkdaşlıq çərçivəsində informasiya və videomaterialların mübadiləsini həyata keçirəcək.
Bundan başqa, tərəflər qarşılıqlı sifariş əsasında açıqlamalar, şərhlər, müsahibələr, araşdırma məqalələri, foto və video materiallar hazırlayaraq təqdim edəcək.
Mərkəzi qərargahı Berlində (Almaniya) yerləşən “Ruptly” 4 aprel 2013-cü ildən fəaliyyətə başlayıb.
“Ruptly” rus, ingilis, ərəb və ispan dillərində siyasət, maliyyə, idman, elm, texnologiya və əyləncə mövzusunda videomateriallar hazırlayaraq satır.
Videoagentlik Rusiyada, yaxın və uzaq xaricdə baş verən hadisələrə dair müxtəlif mövzularda materiallar hazırlayaraq təqdim edir.
"Azəri-Press" Agentliyi (APA) MMC 2004-cü il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.
Agentlik müxtəlif ölkələrin aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir.
APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin Türkiyə, Rusiya, İran, Gürcüstan və Böyük Britaniyada ofisləri fəaliyyət göstərir.