Zərərli məhlul vurularaq çəkisi artırılan toyuqlar: "Təhlükə daha da artacaq" - Rəsmi AÇIQLAMA
01 may 2020 14:05 (UTC +04:00)

Zərərli məhlul vurularaq çəkisi artırılan toyuqlar: "Təhlükə daha da artacaq" - Rəsmi AÇIQLAMA

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq,  keyfiyyətsiz, saxta məhsulların istehsalı ilə məşğul olan sexlər aşkarlanır. Bu cür sexlərdən gah saxta kərə yağları, gah məşhur brendlərin adından istifadə etməklə əhaliyə müxtəlif yararsız məhsullar satılır. Bu günlərdə Maştağada ortaya çıxarılan sexdə də əhalinin yaxşı tanıdığı broyler brendinin adından istifadə edilərək xarici ölkədən gətirilmiş quş ətinin qablaşdırıldığı və əhaliyə satıldığı məlum oldu.
Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ŞTQ, Mehdi Hüseynzadə küçəsi 4 ünvanında fəaliyyət göstərən Babayev Valeh Vaqif oğluna məxsus quş əti emalı müəssisəsində aparılan araşdırma zamanı Azərbaycana idxal edilən müxtəlif əmtəə nişanlı  dondurulmuş toyuq ətlərinin sexdə antisanitar şəraitdə donu açıldıqdan sonra daxilinə məhlul vurularaq çəkisinin artırıldığı müəyyən edilib. Həmin toyuqların qablaşdırılaraq üzərində istehsalçı fiziki şəxs Əliyev Elşən Əziz oğlu qeyd olunan “Siyəzən çolpa” və istehsalçı fiziki şəxs Zeynalov Aslan Mirseyfəl oğlu yazılan “Cücələrim” əmtəə nişanı adı altında Azərbaycan məhsulları kimi satışa çıxarıldığı aşkarlanıb.
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Huseynov məsələ ilə bağlı  Lent.az-a bildirib ki, bu faktdan sonra quruma çoxsaylı istehlakçı zəngləri daxil olur:

"Məlum olub ki, bu sexə naməlum ünvandan gizli xarici toyuq əti gətirilir, onlara xüsusi şprislər vasitəsi ilə mənşəyi məlum olmayan maye vurulub dondurulur və qablaşdırılaraq başqa ad altında satış şəbəkələrinə verilir. Tam məsuliyyətlə  bildirirəm ki, bu cinayət əməli ölkənin qida təhlükəsizliyi konsepsiyasına çox böyük zərbədir, bu seqmentə qarşı insanlarda inamsızlıq və şübhə yaradır. Qida Təhlükəsizliyi Agentliyinin  nümayəndələrinin  məlumatına görə, gizli işbazlar hazır məhsulu satış məntəqələrinə “Siyəzən çolpası” adı altında çatdırıb. Bu fakt isə ikiqat cavabdehlik və cinayət tərkibi yaradır".

O qeyd edib ki, belə məlumatlar AİB-ə 3-4 il əvvəl  gəlməyə başlayıb:

"Lakin aldığımız bütün tədbirlərə baxmayaraq,  bu tendensiyanın kökünü kəsmək mümkün olmayıb. Bu baxımdan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin  bu sahədə səylərini ürəkdən dəstəkləyirəm və onlara hər cür yardım göstərməyə hazıram. Sözügedən şəxslər “Siyəzən Broyler” ASC-nin adından  istifadə edərək, satışa mənşəyi və keyfiyyəti bəlli olmyan, gigiyenik cəhətdən təhlükəli  məhsullar çıxararaq, həm şirkətin işgüzar nüfuzunu zədələyib, həm də istehlakçıların həyatı üçün təhlükə doğuran cinayət əməli törədiblər. Bu cinayətdə istifadə edilən toyuq nümunələrinin mənşəyi ilə bağlı müvafiq güc strukturları tərəfindən araşdırmalar aparılmasının vaxtı çoxdan çatıb".

E.Hüseynov bildirib ki, bu məsələ ilə bağlı “Siyəzən broyler” ASC ilə əlaqə saxlayıb və məlum olub ki,  “Siyəzən broyler” ASC-də heç bir zaman “Siyəzən çolpası” adlı əmtəə brendi olmaylb.
E.Hüseynovun fikrincə, bu vəziyyətin yaranmasında alıçıların da müəyyən təqsiri var. Onların primitiv qablaşdırmadan, bişirilmə prosesində çəkinin az qala yarısının itməsindən və qiymətlərin şübhəli dərəcədə uçuz olmasından bilməlidir ki, aldıqları məhsul saxta və insan həyatı üçün çox təhlükəlidir. 

Ümumiyyətlə, belə hallar ölkədə  nə qədər geniş yayılıb?  Bu əməllərin qarşısını almaq üçün hansı effektiv üsullardan istifadə etmək olar?
Mövzu ilə bağlı Lent.az-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli bir sıra məsələlərə toxunub. O bildirib ki, ərzaq məhsullarının satışı zamanı fırıldaqçı üsullara əl atmaq, müxtəlif brendlərin adından istifadə edərək  qablaşdırma ilə və eyni zamanda çəkidə istehlakçını aldatmaq ilk növbədə qanunvericiliyə ziddir: 

"Azərbaycanda istehlakçıların hüquqlarının qorunması haqqında qanun var. Məhsulun üzərində göstərilən brendlə içindəki məhsul eyni olmalıdır. Brend varsa, bu o deməkdir ki, həmin ərzaq və qeyri-ərzaq məhsullarının hamısının dövlət tərəfindən təsdiq olunmuş standartları var. Həmin standartların içində məhsulun görünüşü, rəngi, qoxusu, çəkisi və s. qeyd olunur. Məhsulun həmin standart çərçivəsində təqdim olunması vacibdir. O standartdan kənara qaçılırsa, bu artıq istehlakçıların hüquqlarının pozulmasıdır".
Nəsirli bildirib ki, bu problem bütün ölkələrdə var:

"Xüsusilə də,  ərzaq məhsullarının sənaye üsulu ilə istehsalı dövründə ekoloji cəhətdən təmiz hazırlanmasına diqqət etmək, istehlakçı hüquqlarının tam qorunması ciddi problemlərdən biri olaraq qalır. Xarici təcrübədə olduğu kimi, bizdə də bu sahəyə nəzarət edən dövlət qurumu var. Nəzərə alsaq ki, Azərbaycanda ümumi istehlakçıların sayı qida və kənd təsərrüfatı sahəsində  1 milyon 300 mindən çoxdur,  bu qədər bazar iştirakçısının fəaliyyətini izləmək asan deyil. Burda optimallaşdırmanı, bütün istehsal prosesinin elektronlaşdırmasını aparmaq yaxşı olardı. Ötən il Qida Təhlükəsizliyi Agentliyi bütün sahibkarların qeydiyyatını apardı ki, bu müsbət addım idi. Ən azı artıq ölkədə kimin harda nə istehsal etdiyi ilə bağlı əldə bir məlumat var. Amma bütün istehsalçılar, xüsusilə də xaricdən donmuş toyuğu gətirib, yerli məhsul adı ilə əhaliyə satan bu cür fırıldaqçıların o sistemə girmiş olmasına inanmıram. Ən mütərəqqi yollardan biri odur ki, mütləq optimallaşdırma və bütün istehsalçıların standartlardan keçməsi təmin olunmalıdır. Bu çox ağır prosesdir. Bir neçə ildə görüləcək iş deyil. İkinci ən optimal variant odur ki, istehlak bazarına nəzarət gücləndirilməlidir. AQTA öz funksiyalarına aid olaraq yalnız keyfiyyət məsələlərinə nəzarət edir. Bir də böyük satış bazarları var. Həmin o böyük satış bazarlarında insanlara qarşı edilən fırıldaq heç də saxta istehsalçıların etdiyindən az deyil. Bunlar ciddi problemlərdir. İstehlakçı kimi biz də AQTA-nın fəaliyyətini dəstəkləyirik. Nəzərə alsaq ki, may ayının ortalarından artıq aktiv temperatur yüksəlməyə başlayacaq antisanitar vəziyyətdə istehsal olunan qidaların insan sağlamlığı üçün təhlükəsi daha da artacaq".

Nəsirli bir başqa vacib məqama toxunub. Həmin sexlərdə çalışanların sağlamlıq məsələsinin önəmini vurğulayıb:

"Biz heç bilmirik belə sexlərdə işləyən insanların özünün sağlamlığı nə vəziyyətdə olur. Bilirsiniz ki, koronavirus dövrüdür. Çalışan insanlar yoluxubmu,  istehsal sahələrində gigiyenik vəziyyət necədir? Ümumiyyətlə, bütün istehsal yerlərində ilk növbədə gigeynik göstərici orda çalışanların özünün sağlamlıq məsələsidir. Şəxsən mənim üçün maraqlıdır ki, böyük istehsal müəssisələrində çalışanları ayda bir dəfə tibbi analizdən keçirirlərmi?  Çünki elə xəstəliklər var ki, məsələn vərəm xəstəliyi, tüpürcək vasitəsilə qidaya keçə bilir. Ona görə də ərzaq məhsullarının istehsalı sahəsində hərtərəfli nəzarət gücləndirilməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7820
avatar

Aygün İbrahimli

Oxşar yazılar