“Elan olunduğu kimi, COVID-19 virusu zəminində ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür”.
Lent.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.
“COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmasının qarşısını məhz dövlət-vətəndaş həmrəyliyinin nəticəsində almaq mümkün olmuşdur. Bu baxımdan, hər bir şəxsi sosial məsuliyyətdən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.
COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzi kimi tövsiyə edilir”, - məlumatda qeyd olunub.