“Heydər Əliyev Fondu COVİD-19-da qarşı digər ölkələrin təcrübəsinin öyrənilməsi istiqamətində işlərə dəstəyi davam etdirəcək və digər ölkələrin də təcrübəsi öyrəniləcək”.
APA-nın məlumatına görə, bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalara COVİD-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-S19 layihəsinə start verilməsi ilə əlaqədar keçirilən tədbirdə Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri, millət vəkili Soltan Məmmədov bildirib.
S.Məmmədov deyib ki, Heydər Əliyev Fondu ÜST-nin xətti ilə beynəlxalq ekspertlərin təcrübəsinin öyrənilməsinə də lazımi dəstək verəcək.
ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı isə qeyd edib ki, ÜST-nin təşəbbüslərinə həm Heydər Əliyev Fondu, həm TƏBİB, həm Səhiyyə Nazirliyi canla-başla dəstək verirlər: “Azərbaycanda bu dəstək sayəsində hazırda bu işləri görmək çox asan olub. İnanıram ki, COVİD-19-a qarşı mübarizədə uğurlu nəticələr əldə edəcəyik”.
TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı isə nəzərə çatdırıb ki, TƏBİB keçən ilin dekabr ayında Türkiyədəki həkimlərimlə görüş keçirib: “Xaricdəki azərbaycanlı həkimlər təşkilatlanır. Almaniya, ABŞ və Rusiyada da azərbaycanlı həkimlər dərnəklər qurublar. Bu günlərdə ABŞ-da çalışan azərbaycanlı həkimlərin bizə müraciəti olub. Dövlətin də əsas məqsədi xaricdəki azərbaycanlı həkimlərin ölkəmizə inteqrasiyasıdır. Bu məqsədlə TƏBİB-də Xaricdə İşləyən Azərbaycanlı Həkimlərlə İş şöbəsi də yaradılıb”.