“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun doğum günü münasibətilə videokonfrans keçirilib.
Lent.az xəbər verir ki, videokonfransda şəhid ailələrinin nümayəndələri, Qarabağ müharibəsi iştirakçıları, ziyalılar, tələbələr və məktəblilər iştirak ediblər.
Videokonfransda şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova cəsur kəşfiyyat komandirinin keçdiyi həyat və döyüş yolunun gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində müsbət nümunə kimi dəyərləndirərək həyata keçirilən layihələr barədə məlumat verib, onunla əlaqədar bəzi xatirələrini danışıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında qeyd edib ki, yeniyetmə və gənclər qəhrəmanlarımızı daha yaxından tanımalı, onların döyüş yolunu öyrənməli və torpaqlarımızın azadlığı naminə hər zaman mübarizəyə hazır olmalıdırlar. Raquf Orucov kimi qəhrəmanlar onlar üçün ən yaxşı örnəkdir.
Gənclər və məktəblilər şəhidlər və qəhrəmanlar haqqında hazırladıqları kompozisiyanı təqdim ediblər.
Videokonfransda çıxış edən Qarabağ döyüşçüləri Səyyaf Əhmədov, Rey Kərimoğlu, Əhliyət Mehdiyev və Rasim Fərşidov şəhid komandir Raquf Orucovun döyüş yolu və hərbi uğurlarından danışıblar.