Seroloji test bizə nə verəcək? - HƏRƏNİN ÖZ MƏQSƏDİ...
25 avqust 2020 12:46 (UTC +04:00)

Seroloji test bizə nə verəcək? - HƏRƏNİN ÖZ MƏQSƏDİ...

Hazırda Azərbaycanda koronavirusla bağlı əhalini və dövləti maraqlandıran bir sıra suallara cavab tapmaq üçün seroloji testlər edilir.

Seroloji testlərin açıqlaması nədir? Bu testlər hansı məqsədlə keçirilir?Koronavirus üçün götürülən PZR testlə seroloji testin fərqi nədir?

Lent.az xəbər verir ki, bu və digər sualları TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva AzTV-nin “Sabahın Xeyir Azərbaycan” verilişində cavablandırıb.

O bildirib ki, seroloji testlər diaqnostika üçün deyil.

Onun sözlərinə görə, insanların qızdırması və digər əlamətləri olduqda onlardan koronavirus testi götürülür. Boğazdan və burundan götürülən nümunədən PZR testlə koronavirus olub-olmadığı müəyyənləşdirilir, yəni diaqnoz.

N.Mustafayevə seroloji testin fərqini də izah edib: “Seroloji test nədir? Nə vaxtsa orqanizmə hər hansısa bir virus düşürsə, orqanizm ilk onunla tanışlıqdan etibarən immun cisimciklər hazırlayır. Protein tərkibli bu cisimciklər həmin yad virusla mübarizə aparmaq üçün orqanizmin silahlarıdır. Bu silahların hamısı eyni olmur. Müxtəlif infeksiyalara qarşı fərqli olur. Yəni bədən hər virusa qarşı onun öz formasında silahlar istehsal etməyə başlayır. Həmin bu immun cisimciklərin sayəsində biz il ərzində keçirdiyimiz müxtəlif xəstəliklərdən sağala bilirik”.

İnfeksionist qeyd edib ki, immun cisimciklər xəstəlikdən asılı olaraq, bir neçə aydan bir neçə ilə qədər orqanizmdə qala bilirlər: “Qızılca, Suçiçəyi kimi xəstəliklərə qarşı yaranan immun cisimlər ömür boyu bədənimizdə qalır. Amma qrip virusunda belə deyil. Biz hər il qrip oluruq. Qrip virusuna qarşı olan silahlar tez parçalanır. Eynilə koronavirusa qarşı da qanda silahlar əmələ gəlir. Virusun ortaya çıxma müddəti bir il olmadığına görə, həmin antitellərin 6 aya qədər qanda qaldığını demək olar. Deməli, son 6 ayda koronavirus keçirib-keçirmədiyimizi seroloji testlə müəyyən edə bilərik. Məsələn, bir şəxs aprel ayında iki gün qızdırma keçirib. Hazırda həmin adam o zaman koronavirusa yoluxub-yoluxmadığını bilmək istəyir. Seroloji test vasitəsilə həmin şəxsin koronavirusa yoluxub-yoluxmadığılnı müəyyən etmək olar”.

N.Mustafayeva bildirib ki, hazırda seroloji test təsadüfilik prinsipi əsasında aparılır. Təsadüfən seçilən nömrələrə zənglər edilir və könüllü şəkildə test olunur: “Seroloji testlət  ödənişsizdir və test edilən şəxsin əlavə olaraq qanının ümumi müayinəsi ödənişsiz həyata keçirilir. Əhalinin böyük bir qismi koronavirusu əlamətsiz keçirir. Seroloji müayinə vasitəsilə əhali son 7-8 ayda koronavirusa yoluxub-yoluxmadığnı biləcək. Dövlətin məqsədi isə əhalinin immun vəziyyətini öyrənməkdir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2974
avatar

Aygün İbrahimli

Oxşar yazılar