145 il öncəki əkinlər iki əsrdir bar verməkdədir. Bu bəhrə məfhumu nə torpağa, nə də toxum təsərrüfatına aiddir. Bu aydınlıq və işıq rüşeymlərini dahi mütəfəkkirimiz Həsən bəy məhz 19-cu əsrdə öz dövrünün insanlarının beyinlərinə səpdi. Bəli, millətimizin maarif və ziya məfhumu artıq iki əsrdir ki, bar verməkdədir...
Nəhəngliyi, qocamanlığı əxz etdirən 145 illik barın tarixinə qısa nəzər salaq.
Qafqaz əhalisinin çoxluğunu təşkil edən xalqımızın bir kəsimi oxuma-yazmanı mollaxanalardan, mədrəsələrdən, müxtəlif hövzələrdən öyrənir, insanlar öz fikirlərinin rəsmlərlə, müxtəlif cizgilərlə ifadə edir, avamlıq və xurafat baş alıb gedirdi. Azərbaycan xalqının çoxəsrlik ədəbi-yaradıcılıq gerçəkliyi, danılmaz varlığı sanki bu vasitələrlə yox edilməyə doğru sürüklənirdi.
Həsən bəy Zərdab qəzasında dünyaya gəlir. Həmyaşıdları kimi o da ilkin biliklərinə mollaxanada yiyələnir, daha sonra isə Şamaxı məktəbinə gedir. Onun fərqli olması, hələ o zamandan hər kəsdən özünəməxsusluğu ilə seçilməsi onu Tiflisə, sonradan isə Rusiyaya qədər aparıb çıxarır. Moskvada universitetə daxil olur. Aydınlarla, o dövrün ziyalıları, maarifçiləri ilə tanış olur, dünyagörüşü getdikcə daha da dərinləşir və Həsən bəy məhz orada ilk dəfə qəzet nəsnəsi ilə tanış olur.
Bu tanışlıq sonradan Azərbaycanın milli mətbuatı üçün sanki bir impuls rolunu oynayır - o gündən mütəfəkkir aydınımız mətbuatımızı yaratmaq üçün külüng döyür, məqsədinə çatmaq üçün illərlə çətin, lakin şərəfli mubarizə aparır. Halbuki, özünün də yazdığı kimi, qəzet çıxarmaq üçün nə pul var idi, nə də mətbəə...
Həsən bəy Zərdabi usanmır, yorulmur, yaxın ətrafına müraciətlər edir, hətta kənd- kənd gəzib bu vəsaiti toplamaq üçün yollarda qalır. Onun zəhməti boşa getmir və ən nəhayəti, rus çarından qəzet nəşri üçün rəsmi icazə alr. Bununla da “Əkinçi” ideyası ərsəyə gətirilir.
Fəqət, sual yaranır ki, niyə məhz “Əkinçi”? Bu mənada qeyd etmək yerinə düşərdi ki, həmin dönəmdə əsla milli maraqları ifadə edən mətbuata izn verilməzdi. İmperiya bunu özünə təhlükə kimi qiymətləndirirdi. Hər hansı tənqid, yaxud milli təbliğat imperiyanın nüfuzuna xələl gətirə, insanların gözlərini aça bilərdi. Ona görə də bütün bunları öncədən bilən, lakin mövcud çətinliklərə baxmayaraq milli məfkurə ziyasını Azərbaycan adlı məmləkətə saçmağa çalışan Həsən bəy istəyinə nail olur. Əkin-biçin, ziraət, aqronomiya kimi xəbərləri vermək şərti ilə o, müvafiq rəsmi izni alır və dərhal işə başlayır.
Beləliklə, Azərbaycanın şanlı səhifəsinə daha bir tarix yazılır - Milli Mətbuatın təməli qoyulur.
Bəli, “Əkinçi” qəzeti dövrünün müjdəçisi, millətin sədası idi. Getdikcə nəinki Azərbaycanda, eləcə də Qafqazda səs salan qəzet bir sıra tənqidi çıxışları, ictimai-siyasi məsələlərə dolğun münasibətləri və real hadisələri çevik analiz etməsi səbəbindən “yuxarıları” narahat etməyə başlayır. Donos və şikayətlər rus çarına qədər gedib-çıxır və nəticədə onun da hiddətinə, narazılığına səbəb olur. Beləcə, acılan bir çiçək o dövrün amansız siyasi avantüraları səbəbindən solur – 1877-ci il sentyabrın 29-da yalnız 56 sayı ilə oxucularının qarşısına çıxan 300-400 tirajlıq qəzet bağlanır.
Ancaq daha bir reallıq budur ki, tərəqqipərvər qəzet mürtəce, işğalçı və imperialist rejimin diktəsinə və təzyiqinə boyun əymədi.
Bax beləcə, bu da bir başlanğıcın sonsuzluğa uzanan son akkordları olsa da, “Əkinçi” ənənələri silinməz izlərini tarixə yazdı. Sonradan və hazırda nəşr edilən qəzetlərimiz də o rüşeymin bəhrələridir.
İstər 145 il, istərsə də əsrlər keçsin - Milli Mətbuatımızın Zərdabi məktəbi, Zərdabi irsi bir ilkin əsasını elə təməl daşları ilə bərkitdi ki, artıq onun sarsılmaz bünövrəsi üzərində yaradıcı cameə və bu işin mütəxəssisləri inşa edilib.
Bu gün ölkəmizin bütün sahələrində, həmin sahənin fədakar insanları ilə yanaşı, həm də jurnalistlər, əkinçilərimiz çalışır. Qorxunc xəstəliklərlə mübarizədə həkimlərin yanında, yoluxmaq riski altında iş başında. Təhsil kimi ciddi bir sahədə öyrənənin də, öyrədənin də dərdlərinə şərik. Mədəni həyatımızdan tutmuş, iqtisadi-siyasi gedişata qədər, hamısında mütləq o salnaməni yazan jurnalistlərimiz görünür.
Və ən mühümü – səngərlərdə, düşmən gülləsi altında, əsgərin, zabitin arxa-dayağı, həmkarı, döyüş yoldaşı, şahidi...
Gününüz mübarək, Milli Mətbuat tarixinin qürurlu, şərəfli soy daşıyıcıları!
Məhbubə Mehtiyeva
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
Katibliyinin İctimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı