Qobustanda siçan dərmanından zəhərləndiyi ehtimal olunan ailə üzvlərinin hazırda vəziyyəti stabildir, həyatları üçün təhlükə yoxdur.
Bunu Lent.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib.
Həkimin sözlərinə görə, dünən əməliyyat olunan uşaq hazırda cərrahiyyə şöbəsindədir və vəziyyəti stabildir: “Uşağın qarın boşluğunda ağrı olduğu üçün həkimlərin məsləhəti ilə əməliyyat olundu. Hazırda vəziyyəti normaldır. Digər ailə üzvlərinin də vəziyyəti stabildir”.
A.Maqsudov qeyd edib ki, ailənin nədən zəhərləndiyi hələ məlum deyil: “İstifadə etdikləri undan götürülmüş analizin cavabları bir-iki günə bilinəcək”.
Qeyd edək ki, ötən gün Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib.
Rayon sakinləri - Elnur Şıxəliyev, Gülçiçək Şıxəliyeva, Məhəmməd Şıxəliyev, Könül Şıxəliyeva və Gülminə Şıxəliyeva siçan dərmanından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Zəhərlənən şəxslərdən biri-nənə dünyasını dəyişib. Həkimlər onun zəhərlənmədən deyil, beyninə qan sızmasından öldüyünü açıqlayıb.