İnsanları koronavirus pandemiyasının nə zaman başa çatacağından sonra ikinci daha çox maraqlandıran sual, dərslərin nə zaman bərpa olunacağı ilə bağlıdır. Dərslər televiziya və başqa layihələr vasitəsilə keçirilsə də, ortaya çıxan suallar arasında fasilə verilən iki aylıq dərs müddətinin yay aylarında konpensasiya edilib-edilməyəcəyi də var. Bu suallara hələ ki rəsmi qurumlardan cavab almaq mümkün deyil. Amma ekspertlər mövzu ilə bağlı fikir və təkliflərini bildirir.
Təhsil eksperti Kamran Əsədov Lent.az-a deyib ki, martın 3-dən bütün təhsil müəssisələrində tədris prosesi dayanıb və qüvvədə olan qərara görə mayın 4-ü ilk dərs günüdür: "Bu müddətdə 4447 orta məktəbdə 1,5 milyon şagird, 50-dən çox ali təhsil müəssisəsində 165 min tələbə, kollec və peşə təhsili müəssisələrində 30 minə qədər təhsil alan üçün ənənəvi dərs dayanıb və bu qədər insan evdədir. Hazırda hər kəsi bir mövzu maraqlandırır: "Dərslər bərpa olunacaqmı, olunsa keçirilməyən dərslər necə konpensasiya olunacaq?
Düzdür, koronovirus epidemiyası ilə əlaqədar təhsil alanlar təhsilərini distant sistem ilə davam etdirir. Ali təhsil müəssisələrinin hər biri müəyyən proqram vasitəsi ilə tələbələrlə işləyirlər. Amma elektron resursların cəlb olunaraq keçirildiyi online sistemdə keçirilən dərslər heç də bütün tələbələr üçün əlçatan deyil. Yəni martın 3-dən keçirilməli olan bir çox dərsləri komputeri, internet olmadığı üçün mənimsəməyən tələbələrlər var".
K.Əsədov "Kompensasiya təhsili proqramı"nın hazırlanmasını təklif edir: "Koronovirus dövrünə təsadüf edən mövzuların birləşdirilməsi, yığcamlaşdırılmasını əks etdirən tədris proramı hazırlanmalıdır.
Kompensiya təhsili bütöv bir dövr təhsili deyil, qismən və sürətlənmiş təhsil prosesidir. Bu prosesdə heç də tədris olunan bütün fənlər yox, zəruri akademik bilikləri formalaşdıran və növbəti kurs və pillələrdə vacib olan biliklərin verilməsini əks etdirən mövzu və paraqraflar tədris olunmalıdır.
Kompensiya təhsilinin davam etmə müddəti isə 4-6 həftə ola bilər. Bu zaman tələbələrə 90 dəqiqə dərsi iki hissəyə bölmək, birinci hissədə geri qalınmış dərs, növbəti hissədə isə cari dərslər keçirilə bilər. Bundan başqa, bütün tələbələrə imtahana vahid giriş balı müəyyən edilsin. Amma onlara qısa müddətli dərs dövründə seminarlar keçirilməsin, yalnız keçirilməyən mövzular mühazirə formasında çatdırılsın. Bunlarla bərabər tələbələrə semestrdə ciddi güzəştlər etmək, onlara təkrar bir neçə dəfə imtahanda iştirak etmək imkanı vermək lazımdır".