Həkim-İnfeksionist Azər Nağıyev e-tibb.az üçün yazdı:
Bu gün koronovirus pandemiyası ilə əlaqədar olaraq hər hansı bir qızdırmalı xəstəlik hər bir insanı narahat edən, bəzən isə təşvişə salan bir hala çevrilib. Amma, insanlar unutmamalıdır ki, bədən hərarəti təkcə koronovirus səbəbindən deyil, bir çox çeşidli digər xəstəlik nəticəsində də yüksələ bilər. Bəzən isə hətta həkim müayinəsi ilə belə, qızdırmanın səbəbi gec tapıla, hətta tapılmaya da bilər. Belə bir vəziyyət tibb elmində naməlum mənşəli qızdırma adlanır.
Naməlum mənşəli qızdırma (NMQ) stasionar və ya ambulator olaraq aparılan müayinələrə baxmayaraq, ən azı 3 həftə davam edərək səbəbi tapılmayan 38.3 °C-dən yuxarı olan bir hərarətdir.
Bədən hərarətinin artmasının səbəbi fizioloji də ola bilər. Əksər hallarda isə bu hər hansı bir infeksion xəstəlik, iltihablı prosess və ya bədxassəli bir patologiyadan qaynaqlana bilər. Naməlum mənşəli qızdırma bütün yaş qruplarında və hər iki cinsdə rast gəlinir. Lakin, bu xəstəlik daha çox uşaq yaşlarında və gənc insanlarda qeydə alınır. Naməlum mənşəli qızdırmanın səbəbləri arasında epidemioloji amillər dünya üzrə fərqlidir. Naməlum mənşəli qızdırmaların ən tez-tez rast gələn səbəblərindən biri infeksion xəstəliklərdir. Endemik olmayan ölkələrdə nisbətən az rast gəlməsinə baxmayaraq, vərəm və ya malyariya dünya üzrə bu təzahürün ümumi səbəbləri olaraq qalmaqdadır.
NMQ-ın səbəbləri aşağıda göstərilənlər kimi təsnif edilə bilər:
• İnfeksiya: vərəm, infeksion mononükleaz, Laym xəstəliyi, endokardit və s. • İltihab: qırmızı qurd eşənəyi, revmatoid artrit, iltihabi bağırsaq xəstəlikləri və s. • Yeni törəmələr: limfoma, leykemiya, pankreas karsinoması,digər xərçəng və sarkomalar.
• Qarışıq: narkotik maddə istifadəsi, hipertiroidizm, hepatit və digər kateqoriyalara uyğun gəlməyən amillərin səbəb olduğu qızdırmalar.
Hərarətin tipik əlamətləri bədən hərarətinin körpələr üçün 38 °C, uşaqlar və böyüklər üçün 37 °C-dək yüksəlməsi, üşütmə, titrətmə, baş ağrıları və s.-dir.
Əzələ və ya oynaq ağrıları, ümumi zəiflik, boğazda ağrı, yorğunluq, öskürək, səpkilər hərarəti müşayiət edən digər simptomlar ola bilər. Bundan başqa, dəridə avazıma, qızartı və ya sarılıq əlamətləri diqqətlə gözdən keçirilməlidir. Qızdırma kifayət qədər uzun müddət davam edərsə, həkim əsas səbəbi müəyyənləşdirmək üçün müəyyən yoxlamalar aparır. Həkim xəstədən bəzi məlumatları soruşur: ölkədən kənarda olub-olmadığını, hər hansı ətraf mühit təsirlərinə məruz qalıb-qalmadığını, gündəlik həyatında dəyişikliklərin olub-olmadığını, heyvanlarla təmasın olub-olmamasını və s. Qan analizi və fizikal müayinədə hər hansı bir pozitiv göstərici çıxarsa, diaqnozu təsdiq etməzdən əvvəl həkim ehtiyac bildiyi digər testəri də tələb edəcəkdir. Bəzi hallarda, hər hansı bir göstərici əlamət olmadıqda, qısamüddətli qızdırmalar üçün adətən gözləmə və müşahidə taktikası istifadə olunur.