PKK-nın sələfləri:  Fəaliyyətini dayandıran terror təşkilatları - SİYAHI
14 may 2025 20:15 (UTC +04:00)

PKK-nın sələfləri: Fəaliyyətini dayandıran terror təşkilatları - SİYAHI

2025-ci ilin mayında son 40 ildə Türkiyədə qanlı terror aksiyaları ilə dərin izlər buraxan Kürdüstan Fəhlə Partiyası (PKK) özünü buraxdığını və silahlı mübarizəyə son verdiyini elan etdi. Bu tarixi hadisə, təşkilatın lideri Abdullah Öcalanın 2025-ci ilin fevralında həbsxanadan etdiyi çağırışdan sonra, PKK-nın İraqın şimalında keçirdiyi konqresdə qəbul edildi. PKK onminlərlə insanın həyatına son qoyan münaqişənin artıq demokratik siyasət vasitəsilə həll edilə biləcəyini bəyan etdi.

Türkiyə hökuməti bu addımı müsbət qarşılayaraq, silahların təhvil verilməsi və döyüşçülərin reinteqrasiyası prosesinin nəzarət altında həyata keçiriləcəyini bildirdi. Prosesin 3-4 ay ərzində başa çatdırılması planlaşdırılır.

Lent.az tarixdə bundan əvvəl müxtəlif səbəblərdən fəaliyyətini dayandıran digər terror təşkilatlarını xatırlayır.

1. ETA (İspaniya)

1959-cu ildə İspaniyanın Bask bölgəsinin müstəqilliyi uğrunda mübarizə aparmaq məqsədilə yaradılan ETA, onilliklər ərzində 800-dən çox insanın ölümünə səbəb olan terror aktları həyata keçirdi. 2011-ci ildə atəşkəs elan edən təşkilat, 2018-ci ildə rəsmi olaraq fəaliyyətini dayandırdığını bəyan etdi.

2. İrlandiya Respublika Ordusu (Böyük Britaniya)

İrlandiyanın Böyük Britaniyadan ayrılması və Şimali İrlandiyanın rəsmi Londonun nəzaərtindən çıxarılması məqsədilə 20-ci əsrin əvvəllərində yaradılan IRA, xüsusilə 1960-1990-cı illər arasında bir çox terror aktları ilə yadda qaldı. 1998-ci ildə imzalanan "Xeyirli Cümə Sazişi"ndən sonra təşkilat silahlı mübarizəni dayandırdı və 2005-ci ildə silahlarını təhvil verdi.

3. Qafqaz Əmirliyi (Rusiya)

2007-ci ildə Şimali Qafqazda İslam dövləti qurmaq məqsədilə yaradılan bu təşkilat, Rusiya təhlükəsizlik qüvvələrinin intensiv əməliyyatları nəticəsində 2010-cu illərin ortalarından etibarən zəifləməyə başladı. Liderlərinin öldürülməsi və üzvlərinin həbs olunması nəticəsində təşkilatın fəaliyyəti faktiki olaraq sona çatdı .

4. Aum Shinrikyo (Yaponiya)

1984-cü ildə Yaponiyada dini sekt kimi qurulan Aum Shinrikyo, 1995-ci ildə Tokioda metroya sarin qazı hücumu ilə 13 nəfərin ölümünə və minlərlə insanın yaralanmasına səbəb oldu. Liderləri Shoko Asahara və digər əsas üzvləri həbs olunaraq edam edildi. Təşkilat sonradan adını Aleph olaraq dəyişsə də, fəaliyyəti ciddi şəkildə məhdudlaşdırıldı.

5. Abu Sayyaf (Fillipin)

Filippinlərdə fəaliyyət göstərən bu radikal qrup, 1990-cı illərdən etibarən bir çox adam oğurluğu və terror aktları ilə tanındı. Son illərdə Filippin hökumətinin hərbi əməliyyatları nəticəsində təşkilatın liderləri öldürüldü və qruplaşmanın fəaliyyəti əhəmiyyətli dərəcədə zəiflədi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar