AMEA-nın Mərkəzi Nəbatat Bağının əməkdaşları xüsusi karantin rejimi şəraitində Aerokosmik Zondlama Məlumatları və Coğrafi İnformasiya Sistemlərinin tətbiqi ilə meşələrin kompleks monitorinqini həyata keçirir.
AMEA-dan Lent.az-a verilən məlumata görə, aparılan tədqiqatlar hesabına Aerokosmik Zondlama texnologiyalarının geniş imkanları sayəsində meşələrin vəziyyətini, inkişaf dinamikasını, xlorofil tərkibini və s. qiymətləndirmək mümkündür.
Tədqiqat ərazisi olan Samur-Yalama Milli Parkında meşə və kolluq bitkiliyinin inkişaf dinamikası öyrənilib, antropogen təsirə məruz qalan ərazilər müəyyən edilib. Tədqiqatların nəticələri əsasında meşə ekosistemində baş verən proseslərə təbii və antropogen amillərin təsir dərəcəsi qiymətləndirilib.
Əldə olunan elmi yeniliklər gələcək proseslərin proqnozlaşdırılmasında və ümumilikdə biomüxtəlifliyin davamlı idarəedilməsi və qorunması ilə bağlı yeni strategiyaların işlənib hazırlanmasında mühüm rol oynayacaq.