Məktəbəqədər təhsillə bağlı teledərslərə start verildi
25 aprel 2020 15:12 (UTC +04:00)

Məktəbəqədər təhsillə bağlı teledərslərə start verildi

“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNİCEF-in maliyyə və Təhsil Nazirliyinin dəstəyi ilə “Oynayırıq və öyrənirik” adlı teledərslərə start verilib.

Təhsil Nazirliyindən Lent.az-a verilən xəbərə görə, məktəbəqədər yaş dövrünə aid uşaqlar üçün hazırlanan teledərslər “ARB Günəş” telekanalının efirində həftənin II və IV günləri saat 12:05-də yayımlanır.  Teledərslərdə uşaqlara mövzulara dair nəzəri məlumatlar verilməklə yanaşı onların kiçik və böyük matorikasının inkişafı üçün praktiki məşğələlər də təqdim olunur.

“Oynayırıq və öyrənirik” adlı teledərslərə ekran qarşısında baxa bilməyənlər yayımlanmış dərsləri layihənin rəsmi “YouTube” (https://bit.ly/2Y0Bm86) kanalında, “Facebook” səhifəsində, “www.ilk5il.az” portalında və “ilk5il” mobil tətbiqində izləyə bilərlər.

Qeyd edək ki,Təhsil İnstitutunun həyata keçirdiyi “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin fəaliyyət planına uyğun olaraq teledərslərlə yanaşı uşaqlar üçün onlayn dərslər və tərbiyəçi müəllimlər üçün vebinarların təşkili də davam etdirilir.

Layihə çərçivəsində tədris prosesinin əhatə dairəsinin və keyfiyyətin ölçülməsi məqsədi ilə icma əsaslı məktəbəqədər təhsil qruplarında keçirilən dərslərin həftəlik statistikası aparılır. Belə ki, ötən həftə 321 icma qrupunun hər birində tərbiyəçi müəllimlər tərəfindən onlayn dərslər keçirilib, dərslər 3258 uşağı əhatə edib.  Müqayisə üçün bildirək ki, karantin dövrünün ilk həftəsində icma qruplarının yalnız 52,3 faizində onlayn dərslər keçirilib və dərslər 1688 uşağı əhatə edib.

İnklüziv təhsil, dərsin qurulması, oxunun təşkili və valideynlərlə iş mövzularında təşkil edilən vebinarlara ümumilikdə 250-ə yaxın tərbiyəçi müəlllim cəlb edilib. Layihə əməkdaşları tərəfindən vebinarların mütəmadi təşkili nəzərdə tutulur.

Nəzərinizə çatdıraq ki, sözügedən layihə çərçivəsində ölkə üzrə 33 rayon və şəhərin 308 icmasını əhatə edən 321 icma əsaslı məktəbəqədər təhsil qrupuna 6212 nəfər 3 və 4 yaşlı uşaq cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1974
avatar

Oxşar yazılar