Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin işçi qrupu Bakı şəhəri məktəblərinin tibb məntəqələrində monitorinq keçirib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva onlayn müsahibəsində məktəblərin tibb məntəqələrində Səhiyyə Nazirliyinin işçi qrupunun üzvləri tərəfindən keçirilən monitorinqlərdən danışıb.
Esmira Hacıyevanın sözlərinə görə, məktəblərdə COVID-19 xəstəliyinin qarşısının alınması, tibb məntəqələrində zəruri işlərin düzgün aparılması, sağlamlığın qorunması və eyni zamanda “Xüsusi karantin dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim–tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarının təsdiq edilməsi barədə” 10.09.2020-ci il tarixli 332 nömrəli Qərarının tələblərinin əməl olunmasının araşdırılması məqsədilə Bakı şəhərinin bir sıra rayonlarında (Yasamal, Nəsimi, Binəqədi, Nərimanov və s.) fəaliyyət göstərən məktəblərin tibb məntəqələrində Səhiyyə Nazirliyinin işçi qrupunun üzvləri tərəfindən monitorinqlər aparılıb.
Sektor müdiri qeyd etdiyi kimi, aparılmış yoxlamaların nəticəsində məktəblərin tibb heyətləri və eyni zamanda xidməti ərazi uşaq poliklinikaları tərəfindən tibbi xidmətin göstərilməsinin gücləndirilməsi məqsədilə əlavə olaraq həkim pediatrlar və tibb bacıları cəlb edilib.
Esmira xanım məktəblərdə hər gün aparılan müayinələrdən də danışıb. O, məktəbə gələn hər bir şagird və müəllimə termometriya aparılması, hərarət aşkar olunduğu halda həmin şəxsin xüsusi ayrılmış karantin otağına aparılıb, yerləşdirildiyini bildirib. Bundan sonra bu haqda dərhal məktəbin və ərazi poliklinikasının rəhbərliklərinə, uşaq xəstələnən halda isə onun valideynlərinə məlumat çatdırılır. Bundan əlavə, tibbi məntəqələr spirttərkibli dezinfeksiyaedici məhlullarla təmin edilib, ilkin tibbi yardım üçün nəzərdə tutulmuş dərman preparatları ilə təmin edilməsi də qeyd olunub.
Bundan sonra Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri qeyd edib ki, COVID-19 xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqsədilə aparılan işlər üzrə uşaq səhiyyə və təhsil müəsissələrinin rəhbərlikləri arasında qarşılıqlı sıx əlaqəli iş təşkil edilib.
Aparılmış yoxlamalar nəticəsində məktəblərin tibb məntəqələrinin iş prosesində yaranan bir sıra çətinliklərin mövcüdluğu aşkar edilməsi haqqında danışan Esmira Hacıyeva, onların tezliklə aradan qaldırılması istiqamətində tapşırıqların verilməsi və tibb müəssisələrinin rəhbərliklərinin nəzərinə çatdırılmasını vurğulayıb. 12 oktyabr 2020-ci il tarixində Bakı şəhər Baş Səhiyyə İdarəsində uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən bütün tibb müəssisələrinin rəhbərliyinin iştirakı ilə geniş iclas keçirilib, aşkar olunmuş çətinliklər haqqında ətraflı məlumat və iş prosesi təşkilinin gücləndirilməsi haqqında tapşırıqlar verilib.
“COVID-19 pandemiyası dövründə təhsil müəssislərində oxuyan şagirdlərin ilkin diaqnostikasını məhz məntəqədə çalışan tibb işçiləri həyata keçirir. Odur ki, onların üzərinə kifayət qədər böyük məsuliyyət düşür. Onu da qeyd edim ki, bizim həkim və tibb bacılarımız bu vəzifənin öhdəsindən şərəflə gəlməkdədir” – deyə, Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva müsahibəsini bitirib.