Misirdə firon Tutanhamonun məzarının yaxınlığında indiyədək məlum olmayan dəhliz və otaqlar kompleksinin izləri aşkarlanıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, geofiziki tədqiqatların nəticələri Tutanhamonun məzarının divarları arxasında əlavə tikililərin ola biləcəyini göstərib.
Araşdırmaya Qahirədəki Ayn-Şəms Universitetinin arxeoloqu, Misirin keçmiş qədim abidələr naziri Məmdüh əl-Damati rəhbərlik edib.
Tədqiqatçılar məzarın ətrafındakı torpaq və divarları bir neçə fərqli üsulla araşdırıblar. Əldə edilən məlumatlar məlum hissədən kənarda dəhlizlərin və otaqların ola biləcəyinə işarə edir. Ehtimal edilən dəhlizlərdən birinin təxminən iki metr enində və dağıntılarla dolduğu bildirilir.
Bununla belə, alimlər gizli otaqların mövcudluğunun hələ qəti şəkildə təsdiqlənmədiyini vurğulayırlar. Bəzi mütəxəssislər nəticələri maraqlı hesab etsələr də, mövcud məlumatların yekun nəticə çıxarmaq üçün kifayət etmədiyini bildirirlər. Tədqiqat qrupu Misirin Qədim Abidələr üzrə Ali Şurasının icazəsini gözləyir. İcazə veriləcəyi təqdirdə divarlarda kiçik dəliklər açılacaq və həmin boşluqlara kameralarla təchiz olunan miniatür qurğular göndəriləcək.
Qeyd edək ki, Tutanhamonun məzarının arxasında gizli otaqların ola biləcəyi ehtimalı ilk dəfə 2015-ci ildə geniş müzakirələrə səbəb olub. Britaniyalı tədqiqatçı Nikolas Rivz həmin ərazidə firon Exnatonun həyat yoldaşı Nefertitinin məzarının yerləşə biləcəyini irəli sürüb.
Rivz dəfn kamerasının şimal divarındakı çatlara və qədim divar rəsmlərindəki dəyişikliklərə diqqət çəkib. Onun fikrincə, divarın bir hissəsi sonradan bağlanmış keçid ola bilər. Bu nəzəriyyəyə görə, məzar əvvəlcə daha böyük olub. Tutanhamonun ölümündən sonra onun dəfn edilməsi üçün məzarın bir hissəsi dəyişdirilib, daha uzaqda yerləşən otaqlar isə bağlanıb.
Tutanhamonun məzarı eramızdan əvvəl XIV əsrdə inşa edilib və 1922-ci ildə aşkar olunub. Onun təxminən eramızdan əvvəl 1323-cü ildə gənc yaşlarında öldüyü hesab olunur.