Karantində Qədr gecələri: NECƏ KEÇİRƏ BİLƏRİK?
14 may 2020 16:04 (UTC +04:00)

Karantində Qədr gecələri: NECƏ KEÇİRƏ BİLƏRİK?

Qədr gecəsinin fəziləti çox böyükdür. “Qurani-Kərim”də buyurulur ki, “Qədr gecəsi” min aydan daha xeyirlidir. Təxmini hesablayanda bu min ay 80 ildən çox edir ki, insan bir gecənin ərzində 80 ildən daha çox fəzilət əldə edə bilər”.

Bu barədə Lent.az-a Heydər Məscidinin imamı, ilahiyyatçı Hacı Rüfət Qarayev danışıb.

Qeyd edək ki, bu gecə Ramazan ayının ikinci Qədr gecəsi (əhya) saxlanılır.

Mövzu ilə bağlı suallarımızı cavablandıran R.Qarayev, karantin günlərində məscidlərin bağlı olması səbəbindən Qədr gecələrini evlərimizdə - fərdi şəkildə keçirməyimizin gecənin mahiyyətini dəyişmədiyini bildirib.

Qədr gecəsinin fəziləti

“Allahın Rəsulu (s) buyurur ki, Qədr gecəsini Ramazan ayının son 10 günündə axtarın. Bu gecələrə əhya gecələri də deyirik. Gecəni oyaq qalmaq, canlı saxlamağa əhya deyilir. Biz bu əməli camaatla birlikdə etdiyimiz kimi fərdi şəkildə də edə bilərik. Camaatla birlikdə etməyin daha çox fəziləti var. Amma fərdi şəkildə etdikdə də insan o fəzilətdən məhrum olmur”, - deyə fikirlərini bildirən ilahiyyatçı, koronavirusa görə bu gün ölkəmizdə mövcud olan karantin rejimi səbəbindən bir yerə toplanmağımızın mümkün olmadığını xatırladıb:

“Qədr gecəsi “Qurani-Kərim”in nazil olduğu gecədir. Gecənin Ramazanın 19, 21, 23, 25, 27, hətta 29-cu gecəsində də olma ehtimalı var. Daha çox 19, 21, 23, 27-ci gecənin üzərində dayanılır.

 

Kütləvi şəkildə olmasa da, insanlar bu gecənin əməllərini tərk etməmək şərtilə, evlərində ibadət və dualarını edə bilərlər. Əvvəlcə gecənin müstəhab qüsulunu alıb (Qədr gecəsinin qüsulunu alıram Qürbətən İlallah) pak olmaqla əməllərə başlamaq olar. Həmin gecələrdə iki rükət namaz qılmaq olar ki, burda məzhəblərin fərqli görüşü olur. Qədr gecəsinin namazı iki rəkətdən ibarətdir. Hər ikirəkətdə bir Fatihə, yeddi İxlas surəsi oxunur. Namazı bitirdikdən sonra başı səcdəyə qoyub 70 dəfə "Əstəğfirullahə Rəbii və ətuubu iləyh" (Allahdan istiğfar (bağışlanmaq) diləyir və Ona tövbə edirəm) deməklə tövbə edilir.

İmam Cəfər Sadiq Əleyhissalam buyurub ki, insan başını səcdədən qaldırmadan günahları bağışlanmış olar. Bundan başqa gücümüz çatdığı qədər “Quran” oxuya bilərik. Çünki bu ayda “Quran”ın bir ayəsini oxumaq başqa zamanlarda “Quran”ı bütöv şəkildə oxumağa bərabərdir. Eyni zamanda, dualar etmək də edilən əməllərdəndir. İnsanın dua etməyə hər zaman ehtiyacı var. Amma bu gecələrdə edilən dualar geri çevrilməz. İnşallah Allah xalqımızın üzərindən pandemiya bəlasını tezliklə götürsün, məscidlərimiz açılsın və gələn il Ramazanı hamı bir yerdə ibadət etsin”.

Qədr gecələrinin fərqli tarixlərdə olması

Qeyd edək ki, Qədr gecələrinin hansı gecələrə düşməsini bəzən qarışdıranlar olur.

R.Qarayevin sözlərinə görə, Ramazanın başlanması bu il aprelin 25-nə düşdüyü üçün Qədr gecələri Qafqaz Müsəlmanları İdarəsinin də hazırladığı təqvimdə göstərilən gecələrə düşdüyü ehtimal olunur: “Birinci 12-dən 13-nə keçən gecə idi, digəri bu gün 14-dən 15-nə keçən gecədi. 16-dan 17-nə keçən gecə və nəhayət 20-dən 21-nə keçən gecə Qədr gecələrinin olduğu ehtimal olunur. Yaxşı olar ki, insanlar Ramazanın son 10 gecəsini Qədr gecələri olaraq düşünsünlər. Onsuz da gecə qısa olduğu üçün əksəriyyət insanlar Ramazanda imsak vaxtına kimi oyaq qalır. Ramazanın son 10 günlüyünü əhya edə bilərlər. Peyğəmbərimiz də bu son 10 günə çox xüsusi dəyər verib. İbadət və dualarına fərqli yer verib”.

Sonuncu Qədr gecəsinin digərlərindən fərqi

“Cəfəri məzhəbində daha çox Ramazanın 19, 21, 23-cü gecələrinin üzərində, əhli sünnə məzhəbində isə 27-ci gecənin üzərində durulur. Hər iki məzhəbin gecələrlə bağlı dəlili var. Cəfəri məzhəbinin alimləri arasında 19, 21, 23, 25, hətta 27-i və 29-cu gecənin də Qədr gecəsi olma ehtimalının üzərində duranlar var. Eyni zamanda, əhli-sünnə məzhəbinin alimlərinin də 19, 21, 23, 25, 27 və 29-cu gecələrlə bağlı dəlilləri var. Əhli-sünnənin daha çox üzərində durduğu 27-ci, Cəfəri məzhəbinin isə 19, 21, 23-cü gecələrdir”.

Qədr gecəsi günahlarımız bağışlanırsa...

İslam dininə görə, Ramazan ayında insanların günahı bağışlanır. R.Qarayev bildirib ki, günahların bağışlanması heç də edəcəyimiz günahların da bağışlanacağı anlamına gəlmir:

İslam alın yazısı deyilən anlayışın üzərində dayanmır. Dua, yaxud verilən sədəqlər insanın qədərini dəyişə bilir. Qədr gecəsində ildə bir dəfə Rəbbimiz tərəfindən bizim müqəddaratımız dəyişir. Peyğəmbər buyurur ki, bu ayın əvvəlində Cənnətin qapısı açılar, Cəhənnəmin qapısı bağlanar və şeytanlar zəncirlənmiş olar. Peyğəmbərin hədisinə görə, Ramazanın əvvəli rəhmət, ortası məğfirət, sonu cəhənnəm atəşindən xilas olmaqdır. Bu ayda bizim üçün elə bir fürsət qapısı açılır ki, etdiyimiz ibadətlərlə, tövbə və dualarımızla gələn ilə qədər bütün həyatımız dəyişə bilərik. Ramazan ayı gələn ilin eyni ayına qədər insanın günahına kəfarədir. Allahın qoyduğu qaydalara uyğun gözəl şəkildə yaşasaq gələn il Ramazan ayına kimi başımıza gələn hadisə və müsibətlər tamamilə fərqli cəryan edir.

Əgər insan Qədr gecəsinin hansı günə düşdüyünü bilsəydi, ibadət edər və daha sonra 80 illik namaz qılmış kimi arxayın olardı və ibadət etməzdi. Ona görə də Yaradan o günü gizlədib. Hətta alimlər buyurur ki, Qədr gecəsini Ramazanın 10 günlüyündə deyil, ilin 365 gecəsində axtarın. Yəni, hər gecənizi Qədr gecəsi kimi yaşayın. Məsələn, insan Həccə gedir, günahları bağışlanır və anadan doğulduğu kimi təmiz olur. Amma ondan sonra  elə əməllər edər ki, iki qat günah yazılar. Ramazan ayında da Allah insanları bağışlayır. Yəni keçmiş günahların bağışlanması, gələcək günahların bağışlanması anlamına gəlmir”.   

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11632
avatar

Aygün İbrahimli

Oxşar yazılar