Marketdən alınan broyler toyuq soyuq suyla yuyulduqdan sonra piltim-piltim olub.
Lent.az-ın məlumatına görə, Bakıda marketlərdən birindən alınan broyler toyuğu evdə su ilə yuyulandan dərhal sonra döş əti liflərinə ayrılmağa başlayıb.
Bəs görəsən, bu hal normaldır? Ətin bu vəziyyətə düşməsinə səbəb nədir?
Lent.az-a mövzu ilə bağlı açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, bu görüntü normal, təbii toyuq ətinə xas deyil. Belə ət qida baxımından dəyərini xeyli itirir, həm də mikrobioloji risk daşıyır:
“Broyler toyuqlarda bu cür halların yaranmasının əsasən bir neçə səbəbi olur. Xüsusən, bəzi toyuq emalı müəssisələri çəkini artırmaq və ətin yumşaq görünməsini təmin etmək üçün ətin içinə sodium fosfat, duzlu su və ya jelatin tərkibli məhlullar vururlar. Bu məhlul donub-əridikcə, liflərdən ayrılma baş verir.
Lakin bununla yanaşı ət bir neçə dəfə dondurulub, açıldıqda hüceyrələri parçalanır, su çıxır.
Sənaye broylerlər çox qısa müddətdə (35–45 günə) böyüdülür. Bu da əzələlərin normal formalaşmasına imkan vermir. Belə olduqda, ətin quruluşu zəif, kollegen (bağ toxuması) az olur. Su ilə təmasda liflər asanlıqla ayrılır.
Əgər ət uzun müddət 0–4°C əvəzinə daha isti yerdə saxlanıbsa və ya son istifadə tarixi keçibsə, zülallar denaturasiya olur”.
Ekspert broyler alarkən diqqət edilməli olan məqamlara toxunub:
“Broyler toyuq alarkən, ilk növbədə etiketə baxın. Təbii toyuq əti açıq çəhrayı rəngdə olur. Əgər ət solğun, ağ ləkəli və ya jelatin kimi görünürsə, ondan uzaq durmaq məsləhətdir. Təzə ət elastik olur. Barmaqla basanda iz qalırsa, bu ya köhnədir, ya da su ilə şişirdilib.
Qoxu da ət seçimində müstəsna rola malikdir. Hətta azacıq turş və ya kimyəvi qoxu hiss olunursa belə, onu istifadə etmək olmaz”.