Gəncədə bəstəkar Qəmbər Hüseynlinin məzarı köçürülür? – ARAŞDIRMA
25 iyul 2020 19:39 (UTC +04:00)

Gəncədə bəstəkar Qəmbər Hüseynlinin məzarı köçürülür? – ARAŞDIRMA

 

Gəncə şəhərində əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin məzarının yerləşdiyi ərazi hasara alınıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılar, xüsusən də mərhumun qohumları Atatürk prospektində yerləşən qəbrin oradan köçürüləcəyi və yerində çoxmənzilli binanın inşa ediləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər: “Burada yüz illik ağaclar var. Bunların hamısı qalsın bir tərəfə, amma bu qəbri, məzarı tərpətmək olmaz”.

16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində dünyaya gələn Qəmbər Hüseynlinin Azərbaycan musiqisi tarixində bir çox xidmətləri olub. Onun bəstələdiyi “Cücələrim” mahnısı uşaqdan-böyüyə hamının dillər əzbəridir və dünyada Azərbaycanın vizit kartlarından biridir. 45 yaşında həyatdan nakam köçən bəstəkarın nəşinin qalıqları vəfatından 2 il sonra - 1963-cü ildə dahi bəstəkarlar Fikrət Əmirov və Süleyman Ələsgərovun təşəbbüsü ilə Gəncənin “Səbzkar qəbiristanlığı”ndan çıxardılaraq bu əraziyə köçürülüb və üzərində abidə inşa olunub. Abidənin yerləşdiyi ərazi 300 illik tarixə malik Xan bağı ilə üzbəüz yerləşir. Həm də bu səbəbdən burada hündürmərtəbəli bina tikiləcəyi barədə xəbərlər Gəncə sakinləri arasında narahatlıq yaradıb.

Biologiya elmləri doktoru, professor Əhəd Nəbiyevin fikrincə, buranın sahəsi olduqca balacadır və 16 mərtəbəli bina tikmək üçün bura əlverişli deyil: “Ona görə ki, burada çoxlu qədim ağaclar var və o ağacları kəsməyə ehtiyac yoxdur. Ən əsası da ondan ibarətdir ki Gəncənin simvolu olan Xan bağının havalandırma sistemi üçün bu bina problem yarada bilər”.

Cavadxan Tarix və Mədəniyyət Fondunun I vitse-prezidenti Müzadil Həsənov ərazidə tematik park salınmasını təklif edir: “Bu, bizim milli dəyərimizdir, milli musiqimizin tarixidir və bunun hansısa şəkildə tərpədilməsi, köçürülməsi yolverilməzdir. Çox istərdik ki, burada tematik park olsun, dünyaca məşhur bəstəkarımızın burada xatirəsinə müasir, interaktiv park yaradılsın”.

Teatrşünas Anar Bürcəliyev Qəmbər Hüseynlinin məzarının 3-cü dəfə daşınmasını yolverilməz sayır: “Əlbəttə, bu gün Qəmbər Hüseynli kimi bir şəxsiyyətin məzarına toxunmaq olmaz. Çünki biz bununla həm də gəncliyimizin yaddaşında Azərbaycan mədəniyyəti teatr incəsənəti, musiqi sənəti tarixində olan şəxslərin təbliği işində çox böyük ziyanlar görmüş olacağıq”.

Məsələyə münasibət bildirən Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini İlqar Əsədov ziyalıların narahatlığına əsas olmadığını vurğulayıb: “Gəncə şəhərində Yeni Gəncə şəhərinin baş planı hazırlanır. Baş plana uyğun olaraq mütəxəssislər tərəfindən bu ərazidə aparılan quruculuq işlərində müəyyən digər məsələlər də nəzərdə tutula bilər. Lakin hazırda bu ərazidə yalnız və yalnız abadlıq işlərinin aparılmasından söhbət gedir”.

İlqar Əsədov əlavə edib ki, hazırda ərazidə aparılan hazırlıq işləri yaşayış binasının tikintisi ilə əlaqədar deyil. Çünki bina tikintisi ilə bağlı məsələlərin tənzimlənməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7177
avatar

Oxşar yazılar