Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan tərəfi kibermühitdə uğursuz təxribat əməllərini davam etdirir.
"APA-Economics"in verdiyi məlumata görə, düşmən Rusiya ölkə kodlu nömrələrdən Azərbaycan vətəndaşlarının mobil və stasionar telefonlarına zənglər edərək Türkiyə vətəndaşlarının adından saxta çağırışlar edir. Məqsəd təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.
Bunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşlardan xahiş edir ki, tanımadığı xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, həmin nömrələri bloklasınlar, mesajları spam olaraq şikayət etsinlər.
Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edilməlidir.
Qeyd edək ki, vətəndaşlara baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlamaq və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə göndər mək tövsiyə olunur.