Dünyanın bu günü - VİDEO
25 may 2020 09:20 (UTC +04:00)

Dünyanın bu günü - VİDEO

QAFQAZ İSLAM ORDUSUNUN GƏLİŞİ

(1918)

 

1. 25 may 1918-ci ildə Nuri Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Gəncəyə gəlib. 3 gün sonra Tiflisdə Azərbaycan Milli Şurası Araz çayından şimaldakı torpaqlarda Xalq Cümhuriyyətinin yaradıldığını elan edib. 15 sentyabr 1918-ci ildə isə Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad edərək, Azərbaycan hökumətinin sərəncamına verib.



GƏNCƏ ÜSYANI

(1920)

 

2. 25 may 1920-ci ildə Gəncədə bolşevik işğalına qarşı üsyan başlayıb. İyunun 4-dək davam edən toqquşmalar nəticəsində 12 min nəfərdən çox üsyançı həlak olub, XI Qızıl Ordu isə 8 min nəfər itki verib. Polkovnik Cahangir bəy Kazımbəylinin rəhbərlik etdiyiüsyan qan içində boğulduqdan dərhal sonra başlayan repressiya nəticəsində Azərbaycan Ordusundan 6 general, 6 polkovnik, 3 mayor və 7 kapitan qətlə yetirilib, ümumi sayı 76 nəfərə çatan hərbçi Narginə aparılaraq orada güllələnib. Gəncə üsyanının qurbanları arasında general-mayor Məhəmməd Mirzə Qacar, Qaçaq Qənbər, mühəndis Abuzər Rzayev, müəllim Mirzə Abbaszadə və görkəmli ədəbiyyat tarixçimiz Firidun bəy Köçərli də olub. Gəncə üsyanı Cümhuriyyət liderlərinin və bütövlükdə Azərbaycan xalqının üzərindən "hakimiyyəti müqavimətsiz təhvil verdilər" ittihamını götürən tarixi hadisədir.

 

RUS ORDUSU AZƏRBAYCANI TƏRK EDİB

(1993)


3. 25 may 1993-cü ildə Rusiyanın Azərbaycandakı sonuncu hərbi hissəsi Gəncəni tərk edib.Bununla da 12 oktyabr 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsindən etibarən rus ordularının Azərbaycanda olma müddəti başa çatıb. Bununla da 180 il davam edən prosesə son qoyulub.

 

ALEKSANDR KALYAGİN

(1942)

 

4. Rusiyanın xalq artisti, aktyor Aleksandr Aleksandroviç Kalyagin 25 may 1942-ci ildə Kirov vilayətinin Malmıj şəhərində anadan olub. Teatr Məktəbində təhsil alıb. Müxtəlif teatrlarda bədii rəhbər, kinoaktyor və kinorejissor kimi çalışıb. Azərbaycan tamaşaçısına yaxşı tanış olan Aleksandr Kalyagin “Azərbaycanfilm” kinostudiyasında rejissor Rasim Ocaqovun “İstintaq”, “Bağlı qapı”, “Park” və “Özgə ömür” filmlərinə çəkilib. Aktyor “İstintaq” filmində (1979) oynadığı müstəntiq roluna görə yaradıcı heyətin bir neçə üzvü ilə birlikdə SSRİ Dövlət Mükafatına layiq görülüb.

 

ZAMİQ ƏLİYEV

(1950)

 

5. Azərbaycanın xalq artisti, tarzən Zamiq Balarza oğlu Əliyev 1950-ci il mayın 25-də Bakı şəhərində anadan olub. 1968-72-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda ali təhsil alıb. Azərbaycan Dövlət Filarmoniyasında, Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan Ulduzu" instrumental ansamblında tarzən, xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında musiqi rəhbəri kimi çalışıb. 1998-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "İnstrumental ifaçılıq" kafedrasında pedaqoji fəaliyyət göstərir, hazırda həmin kafedranın professorudur. Zamiq Əliyev həm də bir çox tanınmış şairlərin şeirlərinə olan mahnıların müəllifidir.

 

RAMİZ NOVRUZ

(1955)

 

6. Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Ramiz Qəvvam oğlu Novruzov (Ramiz Novruz) 1955-ci ilin bu günüBiləsuvar rayonuununSəmədabad qəsəbəsində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutununDram və kino aktyorluğu fakültəsində təhsil alıb, rejissorAdil İsgəndərovunrəhbərlik etdiyi kursu bitirib. Sumqayıt Dövlət Dram Teatrında və Akademik Milli Dram Teatrında çalışıb. Bir sıra tamaşa və filmlərdə yaddaqalan obrazlar yaradıb. Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz Prezident Mükafatına və Prezidentin fərdi təqaüdünə layiq görülüb.O, aktyor Cavidan Novruzun və stilist Şəfəq Novruzun atasıdır.

 

 

ELDAR ƏZİMZADƏ

(1934-2003)

 

7. Azərbaycan-sovet futbol hakimi,FİFAarbitriEldar Muxtar oğlu Əzimzadə1934-cü il mayın 25-dəŞuşadaanadan olub.Azərbaycan Bədən Tərbiyəsi İnstitutundatəhsil alıb, daha sonra burada qalaraq futbol üzrə müəllim, Bakı Bədən Tərbiyəsi Texnikumunda direktor müavini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində futbol şöbəsinin, Bakı Rabitə Texnikumunda bədən tərbiyəsi şöbəsinin müdiri vəzifələrində çalışıb. 23 yaşından hakimlik fəaliyyətinə başlayıb. Eldar Əzimzadə Bakı birinciliyində də hakimlik edib. 1974-cü ildə SSRİ-də “10 ən güclü hakim” siyahısına daxil edilib, 5 ildən sonra isə ölkəninbir nömrəli hakimihesab olunub və daha iki dəfə bu adı qazanıb. SSRİ Futbol Federasiyasınınqızıl medalına layiq görülüb. “Məhəbbətim mənim - futbol” adlı kitabın müəllifi olan Eldar Əzimzadə 2003-cü il yanvarın 20-də Bakı şəhərində dünyasını dəyişib.

 

CƏFƏR CƏMİLOV

(1958-1993)

 

8. Şəhid Cəfər İsaq oğlu Cəmilov 1958-ci ilin mayında Bərdə rayonunun Yeni Daşkənd kəndində dünyaya göz açıb. Azərbaycan Politexnik İnstitutunda ali təhsil alıb. 1980-ci ildə Ağdam islah əmək koloniyasında leytenant rütbəsi ilə xidmət edib. 1992-ci ildə Milli Orduya çağırılıb və 708 saylı hərbi hissənin tağım komandiri olub. Baş leytenant Cəfər Cəmilov 18 sentyabr 1993-cü ildə Ağdamda şəhid olub və Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunub.

 

İLQAR ƏHMƏDOV

(1965-1990)

 

9. 20 Yanvar şəhidi İlqar Hümmət oğlu Əhmədov 1965-ci il mayın 25-də qədim Borçalı mahalının Faxralı kəndində anadan olub. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycan Politexnik İnstitutunun 4-cü kurs tələbəsi olub. Salyan kazarmasının yanında dostları ilə birlikdə yaralıları və ölüləri maşınlara qoyub xəstəxanaya yola salarkən sovet əsgərləri tərəfindən atəşə tutulublar. İlqar Əhmədov yerindəcə dünyasını dəyişib və Faxralı kəndində dəfn edilib.

 

MAQSUD CAVADOV

(1902-1972)

 

10. Əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir üzvü, əməkdar müəllim Maqsud Əlisimran oğlu Cavadovun anım günüdür. O, 1902-ci il aprelin 13-də Şamaxı qəzasının Basqal qəsəbəsində toxucu ailəsində anadan olub. İbtidai təhsilini Basqal məktəbində alıb, 1914-1918-ci illərdə təhsilini Şəki Gimnaziyasında davam etdirib. 1927-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna fizika-riyaziyyat fakültəsini bitirib. 1930-1934-cü illərdə indiki Azərbaycan Dövlət Neft Akademiyasının “Ali riyaziyyat” kafedrasında çalışıb. 1934-cü ildə Azərbaycan Dövlət Universitetində dosent vəzifəsində çalışmağa başlayıb. Dörd il sonra həndəsə kafedrasının müdiri, 1943-1944-cü illərdə fizika-riyaziyyat fakültəsinin dekanı, 1944-1952-ci illərdə isə Universitetin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. "Lenin", iki dəfə "Qırmızı Əmək Bayrağı” və "Şərəf nişanı" ordenləri ilə təltif olunub. Nəsrəddin Tusidən sonra Azərbaycanda ikinci həndəsəçi sayılan Maqsud Cavadov 1972-ci ilin mayında vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

HÜSEYN ƏLİYEV

(1911-1991)

 

11. Görkəmli fırça ustası, Azərbaycanın xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyevin xatirə günüdür. O, 1911-ci il aprelin 22-də Qərbi Azərbaycanın Comərdli kəndində dünyaya göz açıb. İlk əl işini 12 yaşında ərsəyə gətirib. Bakıda Rəssamlıq Texnikumunda oxuyub. 1922-1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib, bir sıra karikaturaları jurnalın səhifələrində çap edilib. Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən təqaüdə çıxanadək “Xalq qəzeti”nin bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib. İkinci Dünya müharibəsinin iştirakçısı olub, bir sıra medallar və “Xalqlar dostluğu” ordeni ilə təltif edilib. Üç dəfə Azərbaycan, bir dəfə Ukrayna SSR Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. Ulu öndər Heydər Əliyevin qardaşı olan Hüseyn Əliyev 1991-ci ilin mayında vəfat edib.

 

RƏMZİ ƏSGƏROV

(1967-1992)

 

12. Qarabağ müharibəsi şəhidi Rəmzi Əsgər oğlu Əsgərovun xatirə günüdür. O, 1967-ci il yanvarın 21-də Laçında anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub, lakin ali təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. Moskva ətrafındakı hərbi hissələrin birində xidmətdən sonra yenidən Azərbaycana dönüb və ali təhsilini davam etdirib. İnstitutun V kursunda oxuyarkən təhsilini yenidən yarımçıq qoyaraq, Laçına – vətəninin müdafiəsinə yollanıb. Rəmzi Əsgərov 1992-ci ilin mayında Laçının Güləbird kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2014
avatar

Oxşar yazılar