Dünyada bu gün - VİDEO
28 oktyabr 2020 09:03 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

BAKI METROSUNDA YANĞIN

(1995)

 

28 oktyabr 1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qəza baş verib. Qatarın alışması nəticəsində 126 qadın, 28 uşaq, 3 xilasedici olmaqla 289 nəfər həlak olub, 270 nəfər yaralanıb. Hadisədə terror əməli aşkarlanmayıb və texniki qəza kimi qiymətləndirilib. Dünya ölkələrindəki heç bir metropolitendə indiyədək bu qədər genişmiqyaslı itki ilə nəticələnən qəza olmadığına görə Bakı metrosundakı qəza "Ginnesin Rekordlar Kitabı"na düşüb.

 

 

ARİF ƏMRAHOĞLU

(1954-2014)

 

Ədəbiyyatşünas, tənqidçi və tərcüməçi, filologiya elmləri namizədi Arif Əmrah oğlu Məmmədov 1954-cü il oktyabrın 28-də Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olub. Orta məktəbi 1972-ci ildə Ermənistanın Noyemberyan rayonunun Ləmbəli kəndində bitirib. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində və Zaqafqaziya komsomol məktəbində təhsil alıb. Azərbaycan EA Ədəbiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, Azərbaycan EA-nın Ədəbiyyat Muzeyində elmi işlər üzrə direktor müavini və Prezident Aparatının milli siyasət şöbəsində işləyib. Azərbaycan Yazıçılar Birliyinin katibi və Bakı Dövlət Universitetinin müəllimi olub. Arif Əhmədoğlu 2014-cü il iyulun 19-da Bakıda vəfat edib.

 

 

BİLL GEYTS

(1955)

 

“Microsoft” şirkətinin yaradıcısı, dünyanın ən zəngin şəxslərindən Bill Geyts 28 oktyabr 1955-ci ildə ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində dünyaya göz açıb. 12 yaşında ikən özəl bir məktəbdə informatika kurslarına gedib, 1975-ci ildə isə Harvard Universitetinə daxil olub. Məktəb yoldaşı Allen ilə birlikdə Nyu-Meksikoda “Microsoft” şirkətini qurub. 1978-ci ildə “Microsoft” adlı ilk beynəlxalq satış ofisini Yaponiyada açıb. 1000 işçisi olan şirkət 80-ci illərin ortasında Avropada şöbələr qurub. 2008-ci ilin iyun ayında şirkətin İdarə Heyəti sədrliyindən istefa verib və bundan sonrakı həyatını xeyriyyəçiliyə həsr edəcəyini bildirib. Hazırda Bil Geyts xanımı ilə birgə açdığı “Bill and Melinda Gates” adlı xeyriyyə fonduna rəhbərlik edir.

 

 

MAHMUD ƏHMƏDİNEJAD

(1956)

 

İran İslam Respublikasının 6-cı prezidenti Mahmud Əhmədinejad 1956-cı ilin bu günü Şimali İranın Səmnan vilayətinin Gərmsar şəhərinin Aradan kəndində, nalbənd ailəsində anadan olub. İran Elm və Texnologiya Universitetində təhsil alıb, daha sonra burada müəllim işləyib və professor elmi dərəcəsi alıb. Tehran bələdiyyəsinin başçısı olub. 2005-ci il iyulun 24-də keçirilmiş prezident seçkilərinin ikinci turunda qələbə qazanıb və 2013-cü il avqustun 3-nə kimi İran Prezidenti olub. Prezidentlik müddəti bitdikdən sonra yenidən pedaqoji fəaliyyətə qayıdıb.

 

 

AHMET KAYA

(1957-2000)

 

Türkiyənin məşhur sənətçisi Ahmet Kaya 1957-ci il oktyabrın 28-də Malatyada anadan olub. Orta təhsilini burada bitirib. 1984-cü ildə “Ağlama Bebeğim” adlı ilk albomunu çıxarıb. Türkiyədə 1980-1990-cı illərdə çıxardığı albomlar və verdiyi konsertlərlə tanınıb. Müxtəlif illərdə “Sevgi Duvarı”, “Dokunma Yanarsın”,” An Gelir” və bir çox albom çıxarıb. Separatçı siyasi baxışlarına görə Türkiyədən mühacirət etmək məcburiyyətində qalan Ahmet Kaya 11 noyabr 2000-ci ildə Parisdə dünyasını dəyişib.

 

 

AĞADDİN NİFTİYEV

(1957-2014)

 

Fizika-riyaziyyat elmləri doktoru, professor Ağaddin Aslan oğlu Niftiyev 28 oktyabr 1957-ci ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. Gəyəçöl kənd orta məktəbində, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində, AMEA Kibernetika İnstitutunun aspiranturasında təhsil alıb. Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent, şöbə müdiri, Tətbiqi Riyaziyyat İnstitutunda şöbə müdiri, Fransanın Nant Universitetində professor vəzifələrində çalışıb, müxtəlif elmi layihələrin həyata keçirilməsinə rəhbərlik edib. Elmi məqalələri ABŞ, Almaniya, Fransa, İngiltərə, Avstriya, Rusiya, Türkiyə, İran, Misir, Kanada və digər ölkələrin elmi nəşrlərində dərc edilib. 1992-1993-cü illərdə Masallı rayon İcra Hakimiyyətinin başçısı olub. Qondarma “Talış Muğan Respublikası”nın yaradılması planlarına qarşı mübarizə aparıb. Ağaddin Niftiyev 2014-cü il iyulun 4-də doğulduğu kənddə vəfat edib və burada dəfn olunub.

 

 

CULİYA ROBERTS

(1967)

 

Amerikalı aktrisa və prodüser Culia Fiona Roberts 1967-ci ilin bu günü ABŞ-ın Corciya ştatının Smirna şəhərində anadan olub. Smirnadakı kolleci qurtardıqdan sonra Corciya ştatında universitetə qəbul olunub. Nyu-Yorkda model agentliyi ilə müqavilə bağlayıb, aktyorluq kurslarına yazılıb. “Polad maqnoliya” filmindəki böyük uğurundan sonra məşhurlaşıb. “Erin Brokoviç”, “Gözəlçə” filmləri ona “Ən yaxşı aktrisa” kimi “Oskar” mükafatı qazandırıb. "Gənc ölmək", "Ouşenin 11 dostu", "Gözəlçənin analığı", "Yaxınlıq", "Dostlar", "Əmin-amanlıq" və başqa film və seriallarda yaddaqalan obrazlar yaradıb. Culiya Roberts kino tarixində 20 milyon və 25 milyon dollar qonorar alan ilk aktrisadır.

 

 

ŞİRİN AXUNDOV

(1878-1927)

 

Azərbaycan tarzəni Şirin Məşədi Hüseyn oğlu Axundovun anım günüdür. O, 1878-ci ildə Salyanda anadan olub. Sadıq Əsədoğlunun tar ifaçılığı məktəbinin davamçısı olub. Xalq arasında “Salyanlı Şirin” kimi tanınıb. 1903-cü ildən başlayaraq uzun illər görkəmli xanəndə Ələsgər Abdullayevlə birgə çalışıb. 1914-cü ildə Macarıstanın “Premyer-Rekord” səsyazma şirkəti tərəfindən “Çahargah”, “Mirzə Hüseyn Segahı”, “Hasar”, “Müxalif” muğamları vala yazılıb. Ömrünün son illərində müəllimliklə məşğul olub, musiqi məktəblərində çalışıb, fəhlə klubunda tar dərnəyinə rəhbərlik edib. Şirin Axundov 1927-ci il oktyabrın 28-də dünyasını dəyişib.

 

 

ÇİNGİZ BABAYEV

(1964-1995)

 

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Adil oğlu Babayevin xatirə günüdür. O, 2 oktyabr 1964-cü ildə Bakıda dünyaya göz açıb. Yasamal rayonundakı 20 saylı orta məktəbi və Azərbaycan Politexnik İnstitutunu bitirib. Ali təhsilini başa vurduqdan sonra Məşğulluq Mərkəzində aparıcı mütəxəssis işləyib. Ermənistanın Azərbaycana təcavüzü başlayandan sonra könüllü olaraq Milli Ordu sıralarına yazılıb, "N" saylı hərbi hissədə qərargah rəisi vəzifəsində çalışıb. 28 oktyabr 1995-ci ildə Bakı metrosunun “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında hərəkət edən qatarda baş verən yanğın zamanı vaqonlarda olan insanları xilas edərkən qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 3 noyabr 1995-ci il tarixli fərmanı ilə Çingiz Babayev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1009
avatar

Oxşar yazılar