Dünyada bu gün - VİDEO
05 may 2020 09:01 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

EYNƏLİ BƏY SULTANOV

(1882-1935)

 

Yazıçı-publisist, maarifçi-pedaqoq, dramaturq, teatr xadimi, tənqidçi, tərcüməçi, ictimai xadim Eynəli bəy Çölü bəy oğlu Sultanov 1866-cı il mayın 5-də Naxçıvanda anadan olub. 1882-ci ildə öz evində "Ziyalılar cəmiyyəti" təşkil edib, “Ziyalı məclisi”, “Müsəlman dram incəsənəti cəmiyyəti” kimi ədəbi-mədəni mərkəzlərin yaradıcılarından olub. “Tərcüman”, “Həyat”, “İrşad”, “İqbal”, “Yeni fikir”, “”Dan yıldızı”, “Yeni yol” və digər qəzet, jurnal və məcmuələrdə müxtəlif mövzulu yazılarla çıxış edib. 1883-cü ildə teatr tamaşaları təşkil edib və buradan toplanan pullarla yoxsul məktəbli şagirdlərin müxtəlif ehtiyaclarının ödənilməsinə çalışıb. 1924-cü ildə latın əlifbasına keçidlə bağlı müzakirələrdə aktiv iştirak edib. Yüzlərlə məqalə və şeirin, 46 hekayə və 3 dram əsərinin müəllifi olan Eynəli bəy Sultanov 1935-ci ildə Tiflisdə vəfat edib.

 

ƏHMƏD CAVAD

(1892-1937)

 

Azərbaycanlı şair, tərcüməçi,professor Əhməd Cavad Məhəmməd oğlu Axundzadə 1892-ci ilin bu günü Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirəsində anadan olub. Molla məktəbində, Gəncə Müsəlman Ruhani Seminariyasında və Azərbaycan Ali Pedaqoji İnstitutunda təhsil alıb. Müxtəlif illərdə müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında yaxından iştirak edib, dövlət himninin və milli marşların əksəriyyətinin sözlərini yazıb. Azərbaycanın sovet işğalından sonra mütəmadi təqiblərə məruz qalıb. 1937-ci ilin 4 iyununda həbs olunan Əhməd Cavad oktyabrın 12-dən 13-ə keçən gecə güllələnib.

 

ƏKRƏM CƏFƏR

(1905-1991)

 

Dilçi, ədəbiyyatşünas, pedaqoq Əkrəm Səftər oğlu Cəfərov (Əkrəm Cəfər) 1905-ci il mayın 5-dəİsmayıllı rayonununLahıckəndində anadan olub.İlk təhsilini mollaxanada alıb, daha sonra Bakıdakı Darülmüəllimində, Moskvada İkinci Dövlət Universitetinin rus dili və ədəbiyyatı şöbəsində oxuyub. Müxtəlif illərdə müəllim, elmi işçi, kafedra müdiri kimi vəzifələrdə çalışıb, Moskva Proletar Yazıçılar Cəmiyyəti Azərbaycan bölməsinin katibi olub. "Maarif və mədəniyyət","Şərq qadını"jurnallarında şeirlərlə çıxış edib. "Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili oçerkləri" kitablarının, bir çox elmi tədqiqat əsərlərinin və məqalələrin müəllifidir. "Azərbaycan dilinin izahlı lüğəti"nin çapa hazırlanmasında da böyük əməyi olub. Əkrəm Cəfər 1991-ci ilavqustun 18-də Bakıda vəfat edib.

 

QƏMƏR SALAMZADƏ

(1908-1994)

 

Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist QəmərƏliqulu qızı Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda dünyaya göz açıb.1912-ci ildə ailəsi Tiflis şəhərinə köçüb, təhsilini isə Moskvada Dövlət Kinematoqrafiya Texnikumunda alıb. Bakıya qayıtddıqdan sonra bir sıra filmlərdə rejissor assistenti, quruluşçu rejissor, II rejissor vəzifələrində çalışıb. "Azərbaycanfilm" Kinostudiyasındakı əsas fəaliyyəti Mehdi Hüseynin bu quruma rəhbərlik etdiyi dövrdən başlayıb.Xalq rəssamı Salam Salamzadə iləevli olan Qəmər Salamzadə 1994-cü ildə vəfat edib.

 

MƏMMƏD ƏKBƏR

(1909-1974)

 

Yazıçı, jurnalist, tərcüməçi Məmməd Həmzə oğluƏkbər 1909-cu il mayın 5-də Ordubad şəhərində anadan olub. Ordubadda yeni açılan kəndli-gənclər məktəbində, Naxçıvan pedaqoji texnikumunda və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Ordubadda klubda və kitabxanadaişləyib, müxtəlif qəzet və jurnallarda müxbir, məsul vəzifələrdə çalışıb. “Şadman”, “Gənc qaliblər”, “Yeni həyat quranlar”, “Dostlar və tanışlar”, “Hekayələr, oçerklər, xatirələr” və başqa əsərlərin müəllifidir. Hüquq müdafiəçisi Səidə Qocamanlının və televiziya diktoru Gülşən Əkbərovanın atası olan Məmməd Əkbər 1974-cü il dekabrın 10-da Bakıda dünyasını dəyişib.

 

ADİL İSGƏNDƏROV

(1910-1978)

 

Azərbaycanın görkəmli teatr və kino rejissoru, aktyor və pedaqoq Adil Rza bəy oğlu İsgəndərov 1910-cu il mayın bu günüGəncədə dünyaya gəlib.Teatr Texnikumunda və Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçib. Akademik Dövlət Teatrında aktyor, baş rejissor, sonra isə burada və "Azərbaycanfilm" kinostudiyasında direktor işləyib. 25 ilə yaxın bir dövrdə Akademik Dövlət Teatrında öz məktəbini yaradıb. Bir sıra tamaşaların rejissoru olub. "Uzaq sahillərdə", "Qara daşlar", "Məhəbbət dastanı", "Axırıncı aşırım", "26 Bakı komissarı", "Arxadan vurulan zərbə" və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. "Əhməd haradadır?" onun quruluş verdiyi yeganə filmdir. “Stalin” mükafatına, “Lenin”, “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenlərinə layiq görülən Adil İsgəndərov 1978-ci il sentyabrın 18-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

ƏLƏDDİN ABBASOV

(1922-2014)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Ələddin Aslan oğlu Abbasov5 may 1922-ci ildə Gəncədə doğulub.1939-cu ildən Gəncə Dövlət Dram Teatrında işləyib. "Aydın", "Solğun çiçəklər", "Üç qəpiklik opera", "Bahar", "Fərhad və Şirin", "Böyük ürək", "Nişanlı qız", "Mən ki gözəl deyildim", "Özgə ömrü", "Qatır Məmməd", "Dəli Kür" və başqa film və tamaşalarda yaddaqalan obrazlar yaradıb. "Şərəf Nişanı" ordeninə, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına, I dərəcəli "Vətən Müharibəsi" ordeninə, "Qızıl Dərviş" mükafatına layiq görülən Ələddin Abbasov 13 iyul 2014-cü ildə vəfat edib.

 

YAQUB MƏMMƏDOV

(1930-2002)

 

Azərbaycanın xalq artisti, xanəndə Yaqub Məhəmməd oğlu Məmmədov 1930-cu il mayın 5-də Ağcabədi rayonunda anadan olub. Musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb, görkəmli xanəndə Asəf Zeynallı adına musiqi məktəbində Seyid Şuşinskidən muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənib.Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olub, konsertlərdə çıxış edib,Dövlət Filarmoniyasında çalışıb. Onun ifasında qrammafon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılıb. Onun oxuduğu "Çahargah", "Mirzə Hüseyn segahı", "Rast", "Zabul" və başqa muğamlar, neçə-neçə xalq mahnı və təsnifləri lent yazılarında qorunub saxlanır. Yaqub Məmmədov 2002-ci il iyunun 5-də Bakıda dünyasını dəyişib.

 

AĞA LAÇINLI

(1940-2007)

 

Şair, filologiya elmləri namizədi Ağa Əliqəmə oğlu Əliyev (Ağa Laçınlı)1940-cı ilin bu günü Laçın rayonununOğuldərəkəndində anadan olub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil alıb. Müxtəlif illərdə "Ədəbiyyat və incəsənət" qəzetininşeir şöbəsində ədəbi işçi, Bakı Dövlət Universitetinindosenti vəzifələrində çalışıb,filologiya fakültəsindəədəbiyyat dərnəyinə başçılıq edib, Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub. Bir neçə kitabın müəllifidir. Əsərləri Rusiya,Fransa,Türkiyə,ABŞ,Çin,Hindistan və başqa ölkələrdə çap edilib. YazıçıFəxri Uğurlunun, jurnalistlərAzər Qaraçənli və Oqtay Qorçunun atası olan Ağa Laçınlı 2007-ci il noyabrın 25-də Bakı şəhərində vəfat edib.

 

KARL MARKS

(1818-1883)

 

Alman filosofu, siyasətçi, sosioloq, iqtisadçı və yazıçı, marksizm nəzəriyyəsinin banisi Karl Henrix Marks 5 may 1818-ci ildə Prussiyanın Trier şəhərində anadan olub. Orta təhsilini liseydə alıb. Bonn və Berlin universitetlərində hüquq təhsili alarkən tarix və fəlsəfəyə böyük maraq göstərib. Fəlsəfəyə marağı onu hegelçi-idealist kimi formalaşdırıb. 1841-ci ildə Epikür fəlsəfəsinə dair dissertasiya müdafiə edib. 1846-cı ildə Beynəlxalq İşçilər Assosiasiyasının qurucularından biri olub. “İqtisadi və fəlsəfi əlyazmalar”, “Əmək haqqı və kapital”, “Kommunist Partiyasının manifesti”, “Siyasi iqtisadın tənqidinə dair”, “Əmək haqqı, qiymət və mənfəət”, “Kapital” kimi məşhur əsərlərini yazıb. Tarixdə ən çox öyrənilmiş 100 şəxsiyyət siyahısında yer alan Karl Marks 14 mart 1883-cü ildə Londonda dünyasını dəyişib.

 

XƏLİL MƏMMƏDOV

(1916-1989)

 

Sovet İttifaqı Qəhrəmanı Xəlil Məmməd oğlu Məmmədov 5 may 1916-cı ildə Şuşada anadan olub. 1938-ci ildə Sənaye texnikumunu bitirdikdən sonra ordu sıralarına çağırılıb. İkinci Dünya Müharibəsində Krım, Donbas və Ukrayna uğrunda döyüşlərdə şücaət göstərib. 1944-cü ilin avqust-sentyabr aylarında onun başçılıq etdiyi tank batalyonu Rumıniya ərazisində bir sıra uğurlu əməliyyatlar keçirib, faşistlərin 4 tankını, 64 artilleriya qurğusunu, 191 avtomobilini, 108 pulemyotunu, 1375 əsgər və zabitini məhv edib. Müharibədən sonra vətənə qayıdan Xəlil Məmmədov İctimai Asayişi Mühafizə İdarəsində və Nazirlər Sovetinin Sovet orqanları şöbəsinin müdiriişləyib, 1960-1965-ci illərdə Azərbaycan SSR-in daxili işlər naziri olub, polis general-mayoru rütbəsinə qədər yüksəlib. Xəlil Məmmədov 1989-cu il fevralın 21-də dünyasını dəyişib.

 

İLHAM ƏLİYEV

(1961-1990)

 

Azərbaycanın Milli Qəhrəmanı İlham Müzəffər oğlu Əliyev 5 may 1961-ci ildəGədəbəy rayonundaanadan olub. 1980-1982-ci ildə hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra Gədəbəy rayonunda Kommunal Təsərrüfatı İdarəsində, sonra isə İsmayıllı rayonunda mexanikləşdirilmiş dəstədə çalışıb. 1983-cü ildə İsmayıllı rayon Daxili İşlər Şöbəsinə qəbul olunub. Bir müddət sonra işini Gədəbəy rayon mühafizə milisinə dəyişib. 1985-ci ildə Bryansk Xüsusi Orta Milis Məktəbinə daxil olub. 1987-ci ildə Gədəbəy rayonunda sahə müvəkkili, Gəncə şəhərində sahə müfəttişi, sonra isə cinayət-axtarış bölməsində əməliyyatçı vəzifələrində çalışıb. İlham Əliyev 19 avqust1990-cı ildə Qazax rayonununƏskiparakəndində şəhid olub. Azərbaycan Prezidentinin6 iyul1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

ELŞAD YƏHYAYEV

(1966-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Elşad Məmmədhənifə oğlu Yəhyayev 1966-cı il mayın 5-də Şəki şəhərindəanadan olub. 1983-cü ildəBakıdakı 56 saylı orta məktəbi bitirib. 1984-1986-cı illərdə hərbi xidmətdə olub. 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olub və1991-ci ildə leytenant rütbəsi iləVətənədönüb. "N" saylı hissəyə taqım komandiri təyin olunub. Sırxavənd,Naxçıvanlı,Papravəndkəndlərində gedən döyüşlərdə iştirak edib. 20 iyun1992-ci ildə Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin8 oktyabr1992-ci il tarixli fərmanı ilə Elşad Yəhyayevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

QASIM RZAYEV

(1970-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Qasım Qara oğlu Rzayev 5 may1970-ci ildəTovuz rayonununƏlibəyli kəndində dünyaya gəlib. 1988-1990-cı illərdə Ukraynada artilleriya hissəsində hərbi xidmətdə olub. Vətənə qayıtdıqdan sonra könüllü özünümüdafiə batalyonlarından birinə yazılıb. Muncuqlu,Ağdam vəHacallıkəndlərinin müdafiəsində vuruşub. 14 may1992-ci ildə ermənilər ağır texnikalarla Tovuz rayonunun sərhədyanı bölgələrinə hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin5 fevral 1993-cü il tarixli fərmanı ilə Qasım Rzayevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

PƏRVİZ SƏMƏDOV

(1970-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Səmədov Pərviz Əbdüləhəd oğlu 1970-ci ilin bu günü Gəncə şəhərindədoğulub.1988-1990-cı illərdə Çitada hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra bir müddət Toxuculuq Kombinatında işləyib. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə qalxaraq, Ağdam cəbhəsinə yollanıb. Şelli, Pircamal, Naxçıvanik və Aranzəminkəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub.15 may1992-ci ildə AğdamınGülablıkəndində gedən dəhşətli döyüşlərdə ermənilər tərəfindən vurulmuş "Təcili yardım" vertolyotunun ekipajını xilas edərkən snayper gülləsindən şəhid olub. Azərbaycan Prezidentinin7 iyun1992-ci il tarixli fərmanı ilə Pərviz Səmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1968
avatar

Oxşar yazılar