Bu mövsümün ən çox sevilən meyvələrindən biri alçadır. Alça daha çox dadına görə sevilir, çoxları onun faydaları barədə məlumatsızdır. Alça mütəxəssislər tərəfindən çox faydalı sayılan, tövsiyə olunan məhsullar sırasındadır.
e-tibb.az alçanın faydaları barədə mütəxəssisslərin fikirlərini təqdim edir. Alça immuniteti gücləndirir, həzmsiliyi aradan qaldırır, qanazlığı olanlar üçün təbii dərman sayılır. 100 qram alçada 46 kalori var. Alça əsasən artıq çəki yaratmayan, amma arıqlamağa kömək edən məhsul kimi tanınır. Dietoloqlar hesab edir ki, balanslı və adekvat bir qidalanma proqramına alça da əlavə edib, artıq çəkidən qurtulma prosesini sürətləndirmək olar.
Türkiyədən olan dietoloq Aslıhan Altuntaşa görə, alça C, A vitaminləri, kalium və fosforla zəngin, lifli bir qida, yüksək üzvi turşu tərkibli bir meyvədir. Bütün üzvi turşular orqanizmdə qələvi mühiti yaratmağa kömək edir. Onun tərkibində olan limon turşusu bədəndəki süd turşusunu zərərsizləşdirir, bununla da yorğunluğun qarşısını alır.
Qatıq, ayran, pendir kimi süd məhsulları ilə birlikdə yeyiləndə kalsiumun sorulmasını artırır və diş və sümük sağlamlığını qoruyur. Yumurta, ət, balıq kimi məhsullarla birgə yeyiləndə bu qidaların daha zərərsiz olmasına imkan verrir. Metabolizm prosesini sürətləndirdiyi üçün arıqlamağa müsbət təsir göstərir.
Tərkibində kalsium-fosfor nisbəti çox uyğun şəkildədir. Üstəlik, tərkibində kalsiumun sorulmasını artıran maddələr olduğundan uşaqların və yaşlıların menyusuna da daxil olna bilər. Liflə zəngin bir qida olduğuna görə, həm həzmi asanlaşdırır, həm də qəbizlik probleminin qarşısını almağa kömək edir.
Sağlam bir həzm sisteminin əsas şərti gündə bir və ya iki dəfə böyük bayıra getməkdir. Ancaq qəbizliyi olanlar üçün bu bir yuxu kimi görünür. Gündə bir ovuc alça yeyərək qəbizliyi aradan qaldırmaq olar. Alça həzm olunan liflə zəngin olduğundan köp, qəbizlik və qaz problemlərinin qarşısını alır.
Mütəmadi olaraq alça yemək diş ətini gücləndirir. Tərkibindəki yüksək C vitamini sayəsində immunitet sistemini gücləndirir. Yeyilən qidalarda olan dəmirin sorulmasını artırır və anemiyanın qarşısını alır. Xüsusilə qırmızı ət və yumurta yeyəndən sonra alça yemək dəmiri artıra bilər.
Yaşlanmağa qarşı təsir göstərir, dərini yeniləyir. Tərkibindəki fitoflavonoidlər və vitaminlər birləşdirici toxumanın yenilənməsini sürətləndirir.
Arıqlayan şəxslərin ən böyük qorxularından biri də arıqladıqda dəridə sallanma yaranmasıdır. Ancaq C vitamini ilə zəngin olan meyvələrlə qidalanmaq və alça kimi birləşdirici toxumanı möhkəmləndirən meyvələr bunun qarşısını alır, həm də dərini cavan saxlayır. Gündə bir ovuc alça yeyib dəridə sallanmanın, qırışların öhdəsindən gəlmək olar. Qanda şəkərinin tənzimlənməsinə kömək edir və banan, kivi və əncir kimi şəkəri sürətlə qaldırmır. Alça qəlyanaltılar üçün ideal bir meyvədir.
Anemiya və dəmir çatışmazlığı kimi xəstəliklər yorğunluğa, piylənməyə, saç tökülməsi və sonsuzluq kimi ciddi problemlərə yol açır. Alçanın faydaları arasında dəmir və kalsiumla zənginlik də var. Gündə bir ovuc alça yeyərək anemiyanı aradan qaldırmaq olar.
Amma o da bildirilir ki, alçanı çoxlu duzla yemək olmaz. Bu, təzyiq və böyrək problemləri olanlar üçün xüsusilə tövsiyə olunmur.