Bu malları alsanız, həbsxanaya düşə bilərsiniz - Hüquqşünas danışır
28 aprel 2020 14:02 (UTC +04:00)

Bu malları alsanız, həbsxanaya düşə bilərsiniz - Hüquqşünas danışır

Daxili İşlər Nazirliyi hər gün oğurluqlarla bağlı məlumatlar yayır. Oğurlanan malların böyük hissəsi, adətən dəyərindən ucuz qiymətə satılır. Maraqlıdır, oğurluq malları alan şəxs də cinayət məsuliyyətinə cəlb olunurmu?

Hüquqşünas Şamil Paşayev Lent.az-a deyib ki, malın oğurluq olduğunu bilərək onu alan şəxs də cəzalandırılır:

“Malın oğurluq olduğunu bildiyi halda onu alan Cinayət Məcəlləsinin 194-cü maddəsinə əsasən məsuliyyətə səbəb olur və cəzalandırılır. Həmin maddəyə əsasən, qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək azadlığın məhdudlşadırılması ilə cəzalandırılır. Əgər cinayət yolu ilə əldə olunan malı alacağına dair qabaqcadan vəd verən şəxsin əməli isə həmin cinayətdə iştirakçılıq sayılır, bu da daha ağırlaşdırıcı haldır. O icraçı ilə, məsələn oğurluq edənlə eyni maddə ilə ittiham olunur. Bundan əlavə, şəxsin aldığı malın oğurluq olmasını bilib-bilmədiyini istintaq orqanı müəyyən edir. Bunun da ən asan yolu satılan malın qiymətidir.

Əgər 100 manatlıq mal 10 manata, yəni dəyərindən dəfələrlə ucuz qiymətə alınırsa, çox güman ki, şəxs aldığı malın qanunsuz əldə edildiyini və ya oğurluq olduğunu bilib. Eyni zamanda xüsusi lisenziya və ya razılıqla satılkmalı olan əşyanı  alırsa və s. kimi hallar oğurluq mal aldığını güman etməyə əsasas verir. Ümumiyyətlə, bu cinayətin sübut edilməsi istintaq zamanı xeyli çətinlik törədir. Çünki burada malı alan şəxsin niyyəti önəmlidir. Qeyd etdiyim kimi, şəxs cinayət yolu ilə əldə olunan mal alıb-almadığını bilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6161
avatar

Mehman Nəbiyev

Oxşar yazılar