Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) keçirdiyi yoxlamalarda yeni elektron sistemin tətbiqinə başlayıb.
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məluata görə, bu məqsədlə qanunla müəyyən edilmiş hallarda və qaydada sahibkarlıq subyektlərində yoxlamalar aparılır, aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi istiqamətində tədbirlər görülür. Agentliyin "1003 Çağrı Mərkəzi"nə daxil olan vətəndaş şikayətlərinin araşdırılması məqsədi ilə sahibkarlıq subyektlərində növbədənkənar monitorinqlər də həyata keçirilir.
Bu sahədə şəffafığın və operativliyin artırılması, eləcə də sahibkarların hüquqların qorunması, yerlərdə yoxlamaları həyata keçirən agentlik əməkdaşlarının peşəkarlıq səviyəsinin qiymətləndirilməsi məqsədilə AQTA innovativ texnologiylardan geniş istifadə edir. Agentlik əməkdaşlarının yoxlamaların gedişinin onlayn qeydə alınması, mərkəzdən idarəedilməsi, yoxlama materiallarının planşetlər vasitəsilə mərkəzə ötürülməsi və bütün məlumatların agentliyin vahid məlumat mərkəzində toplanması və idarə edilməsini təmin etmək məqsədi ilə yeni elektron sistem işə düşüb.
Yeni sistem vasitəsilə agentlik əməkdaşlarının sahibkarlıq subyektlərinə daxil olduğu andan yoxlama yekunlaşanadək prosesi Agentliyin Monitorinq Mərkəzində canlı şəkildə onlayn izləmək mümkün olacaq. Eyni zamanda daxil olan bütün məlumatlar sistem vasitəsi ilə arxivləşdiriləcək ki, bu da sözügedən məlumatların mütəmadi təhlilinin aparılmasına, planlı yoxlamalar zamanı məlumatların təkrar istifadəsinə imkan verəcək. Yoxlama zamanı mübahisəli məqam yarandıqda sistemdə toplanan arxiv bazasına daxil olmaqla istənilən informasiyanı qısa zamanda əldə etmək, araşdırmaların şəffaf və operativ həyata keçirilməsini təmin etmək mümkün olacaq. Eyni zamanda arxivləşdirilmiş məlumatlar müffətişlərin təlimləri zamanı da əyani vəsait kimi istifadə ediləcək.