20 min nəfərə birdəfəlik ödəmə verilməsindən imtina edilib - SƏBƏB
29 aprel 2020 19:59 (UTC +04:00)

20 min nəfərə birdəfəlik ödəmə verilməsindən imtina edilib - SƏBƏB

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəməni (190 manat) almaq məqsədilə müraciət edənlərdən 20 min şəxsin adında iki və daha çox daşınmaz əmlakı olduğu müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya bazasından əldə edilmiş məlumatlar əsasında iki və daha çox daşınmaz əmlakı olduğu aşkar edilən həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub. Bu barədə onlara SMS göndərilib. Həmin vətəndaşların sırasında 5, 10, hətta 40-dan çox əmlakı olan şəxslər də var.

Birdəfəlik ödəmə almaq üçün edilən müraciətlər müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında emal olunaraq təhlil edilir və nəticəsinə uyğun obyektiv qərar verilir. Aztəminatlılıq meyarlarına uyğun gəlməyən şəxslərə birdəfəlik ödəmə təyin edilmir.

Xatırladaq ki, aprelin 27-nə olan məlumata görə, 400 min şəxsə birdəfəlik ödəmə təyin edilərək ödənişi aparılıb.

Birdəfəlik ödəmə almaq üçün edilmiş müraciətlərə baxılması  prosesi davam edir. Daha 200 min şəxsə də ödəniş ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6638
avatar

Oxşar yazılar