1 əsirlik bina, qolu qırıq uşaq – Nazirin tikdirdiyi  sanatoriyadan REPORTAJ
22 avqust 2024 15:39 (UTC +04:00)

1 əsirlik bina, qolu qırıq uşaq – Nazirin tikdirdiyi sanatoriyadan REPORTAJ

İlk baxışda İtaliyanın hər hansı bir tarixi tikilisinə oxşayan bina bəlkə də bir çoxlarına yad deyil.

Fərqli üslubu ilə diqqətçəkən bu bina Bakıdadır.

Xəzərin sahilində, yaşıllıqların içindəki bina…

Bura bir zamanlar uşaqlar üçün məşhur müalicəvi yerlərdən biri olan Gindes adına Uşaq Sümük-Vərəm Sanatoriyasının indiki durumunun təsviridir... 

Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, binanın yaşı 100-dən çoxdur.

Ancaq bu sanatoriyanın yaranma tarixini araşdırmağa başlayarkən tibb müəssisəsini öz hesabına açan digər insanların və məsələnin kökündə nə dayandığını öyrəndikdə bir xeyli heyrətə gəldik.

Belə ki, sanatoriyanı Bakıda fəaliyyət göstərən və o zamanlar məşhur olan uşaq həkimi, professor Yevsey Yakovleviç Gindes vərəm xəstəliyindən vəfat edən oğlunun xatirəsi üçün tikdirib. Yəhudiəsilli həkim Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyə naziri olub. 

Yevsey Gindesin bu sanatoriyanın tikilməsi və fəaliyyət göstərməsi üçün xeyli mübarizə aparıbmış…

Doktor Gindes o dövrdə yazdığı məqalələrdə vərəm xəstəliyinin xüsusilə uşaqlar üçün ciddi təhlükəyə çevrildiyini, qarşısının alınmasının vacibliyini qeyd edib. Gindes təkid edirdi ki, sanatoriyanı məhz Bakı ətrafında açmaq lazımdır.

Amma sanatoriyanın tikilməsində Yevsey Gindesdən başqalarının da böyük rolu olub. O insanlar ki, Bakıda onları heç kim nəinki xatırlamır, hətta adlarını belə bilmirlər. Lakin həmin insanlar vaxtı ilə Bakıda çox yayılmış dəhşətli bir xəstəlik - uşaqlarda sümük vərəmi ilə mübarizədə əhəmiyyətli rol oynayıblar.

Tarixi mənbələrə əsasən, 1911-ci ildə Azərbaycanda fəaliyyət göstərən “Uşaq Ölümünə Qarşı Mübarizə Cəmiyyəti” adlı xeyriyyə təşkilatı uşaqlar arasında vərəm xəstəliyinin yayılması barədə həyəcan təbili çalıb. O zaman cəmiyyətin sədri olan Yevsey Gindes Bakı yaxınlığında ixtisaslaşmış uşaq sanatoriyası yaradılmasının vacibliyi bildirilib.

Sanatoriyanın yaradılması üçün lazım olan vəsaitin toplanması üçün 30 aprel 1911-ci ildə cəmiyyət tərəfindən Bakıda ilk dəfə olaraq "Ağ Gül" bayramı təşkil edilir. Bu bayramda təxminən 9.000 rubl yığılır. Lakin ortaq dil tapılmır və sanatoriyanın tikilməsi məsələsi ləngiyir. Sanatoriya üçün uyğun torpaq ərazisi tapılmır. 1911-ci ilin iyun ayında Dragneviç ailəsi sanatoriyanın tikintisi üçün Zuğulbada torpaq ərazisi alır.

Çünki burada müalicə üçün ideal şərait var idi: dəniz, günəş, qum, yağışın az olması, üzüm bağları və s. 

Professorun fikrincə, müalicə prosesində uşaqların valideynlərinin yanında olması da müsbət rol oynaya bilərdi. Beləliklə, Yevsey Yakovleviç Gindesin uzun mücadiləsindən sonra Zuğulbada Uşaq Sümük-Vərəm sanatoriyası açılır. 

XX əsrin əvvəlində fəaliyyət göstərən qəzet və jurnallarda sanatoriya haqqında məqalələrdə qeyd edilir ki, kifayət qədər ciddi müalicə rejimi olan müəssisədə xəstə uşaqlar bütün günlərini açıq havada və ya açıq terraslarda keçirirmişlər. Sanatoriya rejiminə görə, yalnız müstəsna hallarda həkimin göstərişinə əsasən onlar palatalarda qala biliblər.

Sonradan Gindes adına Uşaq-Vərəm Sanatoriyası müasir standartlara cavab vermədiyinə görə, 2022-ci ildə yeni binaya köçürülüb və açılışı baş tutub. Hazırda sanatoriya Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası adlanır.

Qolu qırılmış uşaq heykəli, istifadəyə yararsız hovuz...

Bakının Zuğulba qəsəbəsində, elə həmin sanatoriyanın həyətindəyik...

Olduğumuz yer sanatoriya binasının giriş hissəsidir. Xəzərin sahilində çox böyük ərazini əhatə edən, sarmaşıqlarla bürünmüş bu sanatoriya binasının bir neçə girişi var. 

Bir əsrdən çox yaşı olmasına rəğmən, çox sağlam və zövqlə inşa edildiyi elə binaya ayaq basan kimi hiss olunur. 

Bir vaxtlar uşaqların müalicəsində əsas rol oynayan bu məkan artıq əsl xarabalığı xatırladır. 2 ildir ki, bağlanmasına baxmayaraq, sanatoriya çox baxımsız haldadır. 

Sanki burada ümumiyyətlə, heç kim yaşamayıb, ayaq basmayıb. Halbuki buranı illər əvvəl uşaqların gülüş səsləri bürüyürdü.

Ətrafı gəzdikcə göz oxşayan binanın əslində qəzalı halda olduğunu təyin etmək o qədər də çətin deyil.

Biraz ətrafında gəzdikdən sonra binaya daxil oluruq. Günəş şüaları demək olar ki, binanın bütün pəncərələrindən içəri daxil olmuşdu. İçərinin bu qədər işıqlı olması bizi də bir xeyli rahatlatdı. Çünki ətrafa daha yaxşı nəzər yetirə biləcəkdik.

Sanatoriyanın dənizə açılan geniş eyvanı, böyük pəncərələri vardı. 

Lakin binanın içərisində gəzmək demək olar ki, müşkül məsələdir. Hər yerdə pəncərə qırıqları, taxta və şüşə parçaları vardı…

Pəncərə qırıqları onu deməyə əsas verir ki, bina tərk edildikdən sonra bura kimlərsə girməyə çalışıb. 

Sanatoriyanın içərisini gəzdikcə otaqların geniş və fərəh olduğunu görürük.

Binanın ikinci mərtəbəsinə qalxırıq. Maraqlı məqam odur ki, bizi binanın ikinci mərtəbəsinə qaldıran pilləkənlərə diqqət yetirdikdə, bura iki ildir insan ayağının dəymədiyini heç kimə sübut edə bilmərik. 

Demək olar ki, binanın hər otağında eyni mənzərə ilə qarşılaşdıq. Sadəcə bir otaqda döşəklər, içki butulkaları vardı. Bu da onu deməyə əsas verir ki, tərk edilmiş bu binanın gündüzdən fərqli olaraq gecələr qonaqları olur. 

Vaxtilə tikilməsi, fəaliyyət göstərməsi üçün səhiyyə nazirinin əlindən gələni etdiyi bu sanatoriya artıq xarabalıqdan başqa bir şey deyil.

Kim bilərdi ki, bir zamanlar yüzlərlə, minlərlə insanın güman yeri olan bu sanatoriya bir gün bu vəziyyətə qalacaq…

Qeyd edək ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətin sanatoriyanın tərk edilmiş binası hazırda daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil olmadığını, amma tikilinin tarixi və memarlıq əhəmiyyətinin müəyyən edilməsi üçün oraya baxış keçiriləcəyini bildirib.

FOTOLAR: İlkin Nəbiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10488
avatar

Arzu Qurbanlı

Oxşar yazılar