Mətbuat Şurası son 4 ayda 40 qəzetdə 21 min 786 pozuntu faktı üzə çıxarıb
22 sentyabr 2011 17:12 (UTC +04:00)

Mətbuat Şurası son 4 ayda 40 qəzetdə 21 min 786 pozuntu faktı üzə çıxarıb

Bu gün Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi” layihəsi çərçivəsində “Mediada dil faktoru” mövzusunda 2-ci Dəyirmi Masa keçirilib.

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov ötən illərlə müqayisədə bir sıra irəliləyişlərin əldə olunmasına baxmayaraq, indinin özündə də jurnalistlərin ədəbi dil və onun xüsusiyyətləri, işlədilməsi qaydaları ilə bağlı çətinliklər yaşanmaqda olduğunu söyləyib.

Əflatun Amaşov deyib ki, layihə may ayından başlayıb və bu müddət ərzində həyata keçirilən başlıca fəaliyyət ölkənin 40 aparıcı qəzetinin monitorinqi olub. Monitorinqdə leksik və qrammatik pozuntuların müəyyənləşdirilməsinə diqqət yetirilib. Leksik pozuntularda alınma, dialekt və şivə sözlərin, terminlərin, neologizmlərin işlədilməsi ilə bağlı pozuntular aşkara çıxarılıb. Qrammatik pozuntular üç qrupa -morfoloji və sintaktik qaydalara əməl olunmaması, habelə üslub pozuntularına bölünüb. Bunların hər biri üzrə də ayrıca dəyərləndirmələr aparılıb. Monitorinq nəticəsində ötən dörd ayda 21 min 786 pozuntu faktı müəyyənləşdirilib. Bunlardan 305-i leksik, 21 min 481-i qrammatik pozuntudur.

Mətbuat Şurasının layihə üzrə monitorinq qrupunun rəhbəri, “Xalq qəzeti”nin şöbə müdiri İlham Abbasov 4 aylıq layihə çərçivəsində aparılan işin gəldiyi ümumi nəticələr barədə məlumat verib. O bildirib ki, mətbuatda həm leksik, həm də qrammatik pozuntulara rast gəlinir. Leksik pozuntulara daha çox yol verilsə də, onların tez aradan qaldırılması mümkündür. Bu mənada qrammatik pozuntular daha ciddi təsir bağışlamaqdadır. İlham Abbasov mətbuatda mövcud sahədəki vəziyyətin telekanallardan daha qənaətbəxş olduğunu önə çəkib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli monitorinqin nəticələri açıqlanarkən ümumilikdən xüsusiliyə keçməyin zəruriliyini qeyd edib: “Konkret hansı qəzetlərin dil xətalarına yol verdikləri açıqlanmalıdır. Bu yolla ictimai qınaq formalaşdırılmalıdır”. Əflatun Amaşov isə bunuqnla bağlı qeyd edib ki, layihə çərçivəsində hazırlanacaq kitabda monitorinqi aparılan nəşrlərin dil nöqsanlarına yol vermə baxımından göstəricilərinə dair cədvəlin yer alacaq: “Məsələyə ümumi yanaşmada isə başlıca amil ondadır ki, dil xətaları özlüyündə ictimai səciyyə daşıyır. Bu xətalar azacıq fərqlərlə hər bir aparıcı nəşrdə var”.

Layihə üzrə monitorinq qrupunun üzvü Müştəba Əliyev mətbuatımızda tarixən dildən istifadə ilə bağlı mövcud olan normalara toxunaraq bildirib ki, 1879-cu ildə işıq üzü görən “Ziya” qəzetinin bir sayında hazırda işlətmədiyimiz 105 söz yer alıb. Bu sözlərə Cənubi Azərbaycan türkcəsində rast gəlinir. Bu cəhət dilin daim inkişaf etdiyini, dəyişdiyini göstərir. Onda olan dəyişikliklərin müəyyənləşdirilməsi və cəmiyyətə çatdırılması vacibdir.

MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid düşünür ki, orfoqrafiya lüğəti dilimizin hazırkı inkişaf tempindən xeyli geri qalır.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, Mətbuat Şurasının çoxşaxəli fəaliyyətində Azərbaycan dilinin normalarının pozulması halları ilə mübarizə mühüm istiqaməti təşkil edir. Telekanallarda dildən istifadə sahəsində daha böyük nöqsanların mövcudluğunu vurğulayan baş redaktor məsələyə ümummedia müstəvisində yanaşılmasının zəruriliyini önə çəkib.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hesab edir ki, Mətbuat Şurasının həyata keçirdiyi layihə son illərdə media sahəsində reallaşmış təşəbbüslərdən ən mühümüdür. Ölkə qanunvericiliyində dildən istifadə ilə bağlı normaların əks olunduğuna diqqət çəkən baş redaktor həmin normaların pozulmasına görə inzibati məsuliyyətin nəzərdə tutulmamasını boşluq kimi dəyərləndirib: “Buna nəzarət edən qurum da yoxdur. Halbuki dünya təcrübəsində dildən istifadə qaydalarının pozulmasına qarşı mexanizmlər işləyir. Bu mexanizmlər cəzaverici yox, daha çox xəbərdaredici rol oynayır”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin rəhbəri Şamil Sabiroğlu və başqaları mətbuatımızda ana dilindən istifadədəki problemlərdən, onların müxtəlif təzahür formalarından danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705

Oxşar yazılar