Bakıda tikilən Heydər Əliyev Mərkəzinin layihə eskizləri açıqlanıb –
APA-nın “novate.ru” saytına istinadən yaydığı məlumata görə, dünya şöhrətli arxitektor Zaha Hadidin layihəsi üzrə inşa olunan mərkəzdə muzey, kitabxana, konfrans zalı, mədəni-kütləvi tədbirlər keçirmək üçün zal fəaliyyət göstərəcək. Ümumi ərazisi 111292 kvadratmetr olan mərkəzin tikintisində şəffaf şüşələrdən geniş istifadə olunacaq ki, bu da süni işığın həcmini minimuma endirməyə imkan verəcək. Binanın ən işıqlı yeri şimal hissəsidir, burada kitabxananın yerləşməsi nəzərdə tutulur. Heydər Əliyev Mərkəzinin 2012-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Qeyd edək ki, layihənin müəllifi Zaha Hadid dünyanın bir çox şəhərlərində, o cümlədən London, Sakramento, Milan, Abu Dabidə tikilmiş möhtəşəm binaların arxitektorudur.
1481