“İslamda yas mərasimləri və əyintilər” mövzusunda müsabiqənin nəticələri açıqlandı
20 sentyabr 2011 14:14 (UTC +04:00)

“İslamda yas mərasimləri və əyintilər” mövzusunda müsabiqənin nəticələri açıqlandı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Bakı Xəbər” qəzetinin keçirdiyi “İslamda yas mərasimləri və əyintilər” mövzusunda müsabiqənin nəticələrinə dair mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev müsabiqə barədə danışıb: “Hamını yas mərasimlərinin keçirilməsində əziyyət çəkir, biz də problemə baxışlar sistemini ortaya qoymaq istədik. Ümid edirəm ki, bu yazılardakı təkliflər və dəyərli fikirlər nə zamansa situasiyanı dəyişməkdə rol oynayacaq. Bu problemə təkcə dini nöqteyi-nəzərdən yanaşmaq olmaz”.

A.Quliyev müsabiqə dövründə 61 yazı təqdim olduğunu deyib: “Bunlardan 29-u qəzet və jurnallarda, 22-si “Bakı Xəbər” qəzetində, 35-i başqa qəzetlərdə və 4 informasiya agentliyində çap olunub. Yazıların 36-sı peşəkar, 23-ü isə həvəskar jurnalistlər tərəfindən qələmə alınıb”.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Mirəziz Seyidzadə problemin təkcə yas mərasimlərində deyil, toy mərasimlərində baş alıb gedən israfçılıq olduğundan danışıb: “Şəriətdə insan vəfat edəndə onun kimə borcu olub-olmadığını soruşurlar, ailəsinə kömək edirlər. Sadə yas mərasimlərindən bir nümunəni bütün Qafqazın Şeyxi Hacı Allahşükür göstərdi. O öz bacısının yasını təmtəraqlı keçirmədir. Ziyalılar nümunə olmalıdırlar”.

Azərbaycan Prezidenti Yanında KİV-in İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışına təmtəraqlı yas mərasimlərinin keçirməyin kimlərin marağında olduğuna dair mülahizəylə başlayıb: “Naxçıvanda da ilk vaxtlar çətinliklər oldu. Amma ilk addımı ziyalılar atmalıdırlar ki, arxasınca kasıb təbəqə də getsin”.

Millət vəkili Aqil Abbas parlamentin qanun qəbul etməsi ilə bu problemin həll olunmayacağını bildirib: “Bunu yalnız təbliğatın gücüylə bacara bilərik. Qanunda yazılıb ki, rüşvət almaq olmaz. Amma kim buna əməl edir? Mən yas mərasimlərində hətta araq qoyulduğunun da şahidi olmuşam”.

Sonda qaliblərə mükafatlar təqdim olundu. Qaliblər sırasında APA informasiya agentliyinin əməkdaşı Pərvin Abbasov da var.

Nailə RÖVŞƏNQIZI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1365

Oxşar yazılar