Ozon qatı dağılır
16 sentyabr 2011 18:55 (UTC +04:00)

Ozon qatı dağılır

Bu gün, 16 sentyabr Ozon Qatının Mühafizəsi Günüdür. Ekologiya və Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ozon qatı Günəşdən gələn ultrabənövşəyi (UB) şüaları udur, onların Yer səthinə çatmasına mane olur.

Ozon qatının dağılmasında “antropogen faktorun” rolu daha çox elmi-dairələrdə təhlükə mənbəyi kimi müzakirə olunur. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində atmosferdə ozondağıdıcı maddələrin (ODM) miqdarı daha da artmaqdadır. Havanın qütblərə doğru aktiv axını ilə əlaqədar ozonun tərkibinin ən böyük qiyməti Kanada, Şimali Avropa və Rusiyanın Arktikaya yaxın hissəsində qeyd olunur. Ulduzlu yaya qədər orta en dairələr üzərində ozonun konsentrasiyası yüksək səviyyədə qalır. Belə meteoroloji şəraitin və böyük miqdarda kimyəvi aktiv xlorun olması Antarktika qitəsi üzərindəki ozon qatının dağılmasına səbəb olur.

Ozon təbəqəsinin müşahidəsi ilə ABŞ-ın Milli Aeronavtika və Kosmos Akademiyası (NASA), Ümumdünya Meteorologiya Təşkilatı kimi mötəbər təşkilatlar, Kanada, Böyük Britaniya, Yeni Zelandiya və başqa ölkələrin çoxsaylı təşkilatları müntəzəm olaraq məşğul olurlar. Ozon qatının dağılması ekvator zonasında planktonların, flora və faunanın məhvinə, okeanın biogenezinin dağılmasına, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immun sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Stratosferdə ozonun ümumi miqdarının çox olması həyat üçün nə qədər effektli hesab olunursa, troposferdə ozonun miqdarının artması canlı orqanizm üçün bir o qədər zərərlidir.

Təxminən 1970-ci ildən başlayaraq stratosfer ozonun- Antarktika üzərindəki ozon təbəqəsinin miqdarının qlobal azalmasını Yeni Zellandiyanın Milli Su və Atmosferin Tədqiqi İnstitutu müşahidə edib. Müşahidələrə görə Antarktika üzərində ozon təbəqəsində əmələ gələn ozon qatının çox aşağı onsentrasiyalı zonası ölçüləri son illərdə Afrika qitəsinin sahəsinə müvafiq olub. Ozonun ümumi miqdarının azalması buzlaqların əriməsinə səbəb olur, digər tərəfdən, son yüz ildə Yer kürəsində orta illik temperaturun 0,8 dərəcəyə qədər artması “Qlobal istiləşmə” problemi yaradıb. Yer kürəsinə düşən UB şüalanmanın artması nəticəsində buzlaqların ərimə tempi yüksəldiyindən son yüz ildə okean sularının səviyyəsi 15-17 sm artıb.

1982-ci ilin yanvar ayında BMT-nin Ətraf Mühit Proqramı “Ozon qatının qorunması haqqında Qlobal Konvensiya” layihəsinin hazırlanması üçün xüsusi hüquqi və texniki ekspertlər qrupunun ilk müşavirəsi keçirilib. Ümumdünya Meteorologiya Təşkilatı qoyulmuş problemin ətraflı elmi xülasəsinin hazırlanmasında və Konvensiya üçün prinsipial əsasların müəyyən edilməsində böyük rol oynayıb. Konvensiya 1985-ci ilin mart ayında 3 illik aktiv danışıqlardan sonra Vyana şəhərində qəbul edilib. Konvensiyanın 21-ci maddəsində ozon qatının dağılması ilə əlaqədar əmələ gələn təsirlərdən insan sağlamlığının qorunmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsində ölkələrin borclu olmaları qeyd olunub. 1987-ci ilin sentyabr ayında Monreal şəhərində ozon qatını dağıdan maddələr haqqında tarixi Protokol imzalanıb. Bu protokola ozon qatını dağıdan maddələrin istehsal və istifadəsinin mərhələlər üzrə azaldılmasının tənzimlənmə tədbirləri daxil edilib.

Azərbaycan Respublikası da müstəqil bir dövlət kimi dünyanın aparıcı dövlətləri sırasına qoşularaq, ümumbəşəri ekoloji problem olan ozon təbəqəsinin mühafizəsi haqqında Vyana Konvensiyasının (1985), Monreal Protokolunun (1987), London (1990), Kopenhagen (1992) və Monreal (1997) düzəlişlərinin ratifikasiya edilməsi haqqında qanun qəbul edib. Ratifikasiyadan sonra Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf Proqramlarının himayəsi ilə “Çinar” soyuducu və Sumqayıt kompressorlar zavodlarında, yanğınsöndürmə idarələrində istifadə olunan ODM-in istifadədən çıxarılması, sənayenin müxtəlif sahələri və məişətdə istifadə olunan ODM olan soyuducu agentlərin bərpası, yenidən istifadəsi, bu sahədə təlimatçı və texniklərin öyrədilməsi, Monreal Protokolunun yerinə yetirilməsi üçün təşkilatı strukturların möhkəmləndirilməsi üzrə layihələr həyata keçirilib. Azərbaycan Respublikası ozon təbəqəsinin qorunması üzrə dünya ictimaiyyətinin bütün səylərini dəstəkləyir və beynəlxalq razılaşma əsasında qəbul etdiyi öhdəlikləri ardıcıl olaraq yerinə yetirməyə çalışır. Ölkəmiz bir sıra ozondağıdıcı maddələrin istifadədən çıxarılması və həmin maddələrin atmosferə atılmasının qarşısının alınması üzrə dünya birliyinin həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir.

2008-ci ildə ozon qatının davamlı müşahidəsinin aparılması məqsədi ilə BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Qlobal Ətraf Mühit Fondu (GEF) və Ümumdünya Meteorologiya təşkilatına Ozonometrin alınması üçün layihəyə təklif verilib. 2010-cu ildə “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində Ozon qatının qorunması sahəsində fəaliyyətlərin gücləndirilməsi” regional texniki layihə çərçivəsində Ozon Mərkəzində ofis avadanlıqları quraşdırılıb və lokal şəbəkə yaradılıb. Layihə çərçivəsində fəaliyyətlər davam etdirilir.
Azərbaycan Respublikası bu sahədə qarşısında duran vəzifələri yerinə yetirəcək və gələcəkdə nəzərdə tutulan tədbirlərdə fəal iştirak etməklə problemin ümumbəşəri həllinə öz töhfəsini verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3254

Oxşar yazılar